Sumqayıt rəssamlarının əsərləri çap mərhələsindədir, lakin…

746

İqbal Hacı oğlu Həsənəlizadə Baki Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Təyinatla Sabirabad rayonunun Qaratəpə (keçmiş Pokrovka) kəndində çalışıb. Bir müddət Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində şöbə müdiri vəzifəsində işləyib. Daha sonra reklam sahəsində fəaliyyətini davam etdirib. Elə o illərdən onda kitab aləminə xüsusi maraq oyanıb.

“100 böyük türk” kitabının ərsəyə gəlməsində İqbal Həsənəlizadənin önəmli rolu olub. O, 1991-ci ildə nəşr olunmuş bu kitabın buraxılışına məsul şəxs olub. Həmin kitabla bağlı ünvanlanmış suala o, belə cavab verdi: “Bildiyiniz kimi, “100 böyük türk” kitabında türk dünyasının 100 böyük şəxsiyyəti haqqında məlumat verilib. Məqsədimiz türk dünyasında kifayət qədər xidmətləri olmuş bu tarixi şəxsiyyətləri gənclərimizə tanıtmaq idi. O vaxt bu şəxsiyyətlərin əksəriyyəti barədə respublikamızda ətraflı məlumatlar yox idi. Yəni həmin illərdə, daha doğrusu, milli oyanış illərimizdə belə bir kitaba ehtiyac var idi. Onu da deyim ki, həmin kitabı Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Adil (Sabir Xasay oğlu Əhmədov) Osmanlı türkçəsindən dilimizə uyğunlaşdırıb (Yeri gəlmişkən, Sabir Adil “Üz tutduğum adamlar” (1986), “Ağlayan divarlar” (2003) seirlər kitabları ilə oxuculara tanışdır). Biz həmin kitabda barələrində yazılmış 100 böyük türkün şəkillərini də çəkməklə rəngli bir kitab ərsəyə gətirdik. Həmin şəkillərin ərsəyə gəlməsində mənim müəyyən rolum oldu. Yəni həmin şəkillərin çəkilməsi məqsədi ilə bir neçə gənc rəssama müraciət etdim. Uzun sözün qısası, o kitab mənim maliyyə vəsaitimlə 50 min tirajla işıq üzü gördü. İqbal müəllimin sözlərinə görə, həmin kitab yaradıcı heyətə, o cümlədən ona qazanc gətirməyib: “100 böyük türk” bizim milli oyanışımıza bir töhfəmiz oldu”.

O illərdə əksər gənc rəssama dayaq olduğunu, onların əl işlərini aldığını vurğulayan İqbal müəllim o zamandan milli ornamentləri özündə əks etdirən əsərlərə üstünlük verdiyini söylədi. Onun sözlərinə görə, milli ornamentlərimizdə millətimizin dünəni, həmçinin bəşəri düşüncələr öz əksini tapıb: “Adi bir misal, dünyada çox xalçalar var, amma elə bu kimi səbəblərdən onların arasında bizim xalçaların öz yeri var”.

Həmsöhbətimiz bizimlə söhbətində bir məqama da toxundu: “O illərdə rəssamlıq aləmimizdə sanki bir durğunluq yaşayırdı. Yəni onların əsərləri alınmırdı. Bu səbəbdən də onlar öz sənətlərindən uzaqlaşırdılar. Lakin mən onları inandırmağa çalışırdım ki, bu, müvəqqəti haldır, siz çəkin: “Qurbanı olduğum sizə istedad verib. Bu istedadı boğmağa sizin haqqınız yoxdur”.

…Bəli, o vaxtdan neçə-neçə xeyirxah işlərə imza atmış İqbal Həsənəlizadə bu dəfə Sumqayıtda çalışan 40-dan çox rəssamın (Aydın Əsgərov, Rəhim Həşimov, İlqar Quliyev, İntiqam Ağayev, Vüsal Rain və başqaları) əl işlərini kitabça şəklində nəşr etdirmək niyyətindədir. Bu kitabçada hər rəssamın 6-7 əsəri yer alacaq. Dediyinə görə, rəssamın əsərləri sərgilənməli, buklet, kitabça şəklində təqdim olunmalıdır. Lakin o, çap mərhələsində olan həmin kitabçanın az tirajla nəşr olunacağından narahatdır. Onun sözlərinə görə, hazırda maddi durumu yaxşı olmadığından həmin kitabça daha yüksək tirajla işıq üzü görə bilməyəcək. O, söhbətinin bu yerində Sumqayıtın iş adamlarının onun səsinə səs verəcəklərini dilə gətirdi. Az sonra nə fikirləşdisə əlavə etdi: “Səs verən olmasa belə, mən bu işi yarımçıq qoymayacağam”.

Qeyd edək ki, İqbal Həsənəlizadə Sumqayıt rəssamlarının əsərlərindən ibarət bir neçə sərgi də təşkil edib. Belə sərgilərdən biri ötən ilin aprel ayında “Rənglərin azad dünyası” adı altında keçirilib. Həmin sərgidə 15 rəssamın əl işləri nümayiş olunub.Mənbə:  “Zaman Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər