Qubanın Söhüb kəndində avtomobil dərəyə aşıb.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə ağır vəziyyətdə Quba mərkəzi Rayon Xəstaxanasına aparılıb.
Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.
Qeyd edilir ki, qəzaya düşənlər “Azərişıq” ASC-nin əməkdaşlarıdır.
***
“Azərişığ”ın mətbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, qurumun rəhbər şəxsləri hadisə yerinə yollanıb. Ətraflı məlumat veriləcək.
***
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəzada xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Saleh Abzər oğlu Abdullayev (1992-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini) sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu ilə, İlkin Mahir oğlu Rəsulov (1984-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini) kəllə-beyin travması, hər iki budun orta üçdə birinin sınığı, sol baldırın sınığı, soporoz hal diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti kritik kimi qiymətləndirilir.
Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
***
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə qurumun Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşlarının yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən qeydə alınıb.
Belə ki, UAZ markalı avtomobil Söhüb kəndi ərazisində yamacdaykən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan Namik Rüstəmov və Zahid Qurbanov hadisə yerində ölüb, sürücü İlkin adlı şəxs və avtomobildə olan Saleh adlı digər şəxs isə yaralanıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.