“Sumqayıt”da baş məşqçi məsələsinə aydınlıq gəlib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Samir Abasov gələn mövsüm də postunda qalacaq.
Adı bir müddətdi “Neftçi” ilə hallanan Abasovun “gənclik şəhəri” təmsilçisinin rəhbərliyi ilə danışıqları uğurlu alınıb. Nəticədə rəhbərliyin yeni 2 illik müqavilə təklifinə 40 yaşlı mütəxəssis müsbət cavab verib.
Məlumatı əməkdaşımızla söhbətində Abasov özü də təsdiqləyib. O, böyük ölçüdə “Sumqayıt”da qalacağını söyləyib:
“Bu məsələyə qarşıdakı iki çempionat matçından sonra aydınlıq gələcək. Rəhbərliklə söhbətimiz oldu, onlar qarşıdakı iki ildə də burda qalmağımızı istədilər. Sadəcə, qarşıdakı oyunlara kökləndiyimdən, bir az gözləmələrini xahiş etdim. Ancaq çox güman ki, müsbət cavab verəcəyik. Çünki burda qalmaq niyyətindəyik. Təbii ki, klubun gələcək strategiyası da bu məsələdə çox önəmlidi. Bütün bu məsələləri mövsümün sonuna saxladıq”.
Qeyd edək ki, Samir Abasov 2015-ci ildən “Sumqayıt”a rəhbərlik edir.