XX əsrdə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli terror və soyqırımı cinayətinin 100 illiyi tamam oldu. Respublikanın hər yerində olduğu kimi Sumqayıt şəhər 2 saylı tam orta məktəbində də soyqırımı ilə bağlı anım tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Sevda Əliyeva 31 mart soyqırımı barədə geniş və məzmunlu çıxış etdi. O, qeyd etdi ki, özlərinin uydurduğu “Böyük Ermənistan” xülyası ilə erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin qanlı aksiyası Bakı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Daşnaq-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüblər. Ümumilikdə isə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox önəmli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb. Soyqırımı nəticəsində erməni silahlı dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirmişdir. Həmin günlərin erməni vəhşiliyi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur və biz tariximizin bu qanlı səhifələrini heç vaxt unutmamalıyıq.
Tarix müəllimi Emin Bəylərov öz çıxışında qeyd etdi ki, mart soyqırımından sonra da ermənilər xain niyyətlərindən əl çəkməyib Zəngəzuru və Azərbaycanın bir sıra əzəli torpaqlarını Ermənistanın ərazisinə qatmağa nail oldular. Onlar SSRİ hökumətinin dəstəyi ilə 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını həyata keçirdilər.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına nail olan xain qonşular 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə nəticələndi.
E.Bəylərov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. O, qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.
Direktor müavini Eldar Xəlilov və digər çıxış edənlər də vurğuladılar ki, 100 il ərzində dünyanın gözü qarşısında ermənilərin xalqımıza qarşı törətdiyi kütləvi qırğın və terror hadisəsləri təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətlərdir. Təəssüf ki, dünya ictimaiyyəti təcavüzkar, terrorçu dövlətə layiqli yerini göstərmir.
Tədbirin sonunda şagirdlərin ifasında ədəbii bədii kompozisiya nümayiş olundu.