Sumqayıt şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirildi, yeni sədr seçildi

3358

Sumqayıt şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin  komitə sədri Eldar İbrahimov, şəhər ağsaqqalları və ziyalıları iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların, eyni zamanda, ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək qeyd edib ki, Ağsaqqallar Şurası üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də mühüm işlər görür. Şəhər rəhbəri bildirib ki, daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir.

Bildirilib ki, ulu öndərimiz Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərmiş, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Bu qayğı və diqqət hal-hazırda da möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir.

Zakir Fərəcov şəhər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, quruma işində uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin komitə sədri Eldar İbrahimov çıxış edərək ilk öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin Sumqayıt ictimaiyyətinə və iclas iştirakçılarına salamlarını çatdırıb.

Eldar İbrahimov qeyd edib ki, Respublikamızda ağsaqqallar daim diqqət və qayğı ilə əhatə olunub. Onların həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr icra olunur. Xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. Eldar İbrahimov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır.

Sonra təşkilati məsələlərə baxılıb. Uzun müddət şəhərin ictimai-siyasi həyatında böyük əməyi və rolu olan Quliyev Təbrik Müzəffər oğlu Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri seçilib. Konfransda şuranın yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər