sumqayitxeber.com müraciətinin mətnini təqdim edir:
Sumqayıt şəhər İcra Hakimiyyətinin şəhər sakinlərinə
M ü r a c i ə t i
Məlum olduğu kimi, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılan Koronavirus pandemiyası dünyanın 200-dən artıq ölkəsində qeydə alınıb və sürətlə yayılmaqdadır. Ən inkişaf etmiş ölkələr belə, bu virusla mübarizədə acizdirlər, gündə yüzlərlə insanın həyatı sona yetir.
İlk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində çox mühüm addımlar atılıb, qətiyyətli tədbirlər görülüb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Şəhərimizdə də Koronavirus epidemiyasının geniş yayılmasının və yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin daha effektiv olması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti şəhər sakinlərinə müraciət edir:
- Özünüzün, ailənizin sağlam və salamat qalması naminə evdə qalın!
- Çox ciddi ehtiyac olmadığı təqdirdə, evdən çıxmayın!
- Uşaqları ticarət obyektlərinə, insanların sıx toplaşdığı yerlərə aparmayın!
- Mümkün qədər nəqliyyat vasitələrindən az istifadə edin!
- Ticarət mərkəzlərinə, ictimai nəqliyyata tibbi maskasız daxil olmayın və sosial məsafə saxlayın!
- Özünüzü, yaxınlarınızı və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar gigiyenik qayda və tələblərə ciddi riayət edin!
- Soyuqdəymə və qrip əlamətli insan gördükdə ondan mümkün qədər uzaq durun!
- Tanıdığınız şəxslərlə qarşılaşdıqda yaxın təmasdan, əl ilə görüşməkdən çəkinin!
- Özünüzdə və ailə üzvlərinizdə soyudəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin!
- Sizdən xahiş olunur, Operativ Qərargahın bütün tələb, tövsiyələrinə və qeyd olunan qaydalara ciddi riayət edin!
- Hər bir şəhər sakininin qəbul olunmuş qaydalara ciddi əməl etməsi nəticəsində biz bu böyük bəladan daha tez və daha az itki ilə çıxa bilərik!
- Ölkəmizdə, eləcə də şəhərimizdə koronavirus infeksiyasına qarşı aparılan tədbirlər yüksək səviyyədə davam etdirilir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır!
- Azərbaycan güclü dövlətdir və öz vətəndaşlarının bu təhlükədən də etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir! Həyata keçirilən qabaqlayıcı tədbirlərin isə bu infeksiyanın yayılmasının qarşısını alacağı şübhəsizdir!
- Dünyanın bu yeni bəlası olan COVİD 19-la mübarizə hər birimizdən böyük məsuliyyət, həmrəylik və birlik nümayiş etdirməyi tələb edir!
- Koronavirusla mübarizədə Azərbaycan həkimləri öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Onlar öz həyatını risk altına ataraq gecə-gündüz xəstələrin müalicəsini davam etdirirlər, onları həyata qaytarırlar. Nəzərə alaq ki, həkimlərimiz aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə çalışırlar. Gəlin bu qaydalara əməl etməklə həkimlərimizə dəstək nümayiş etdirək!
- Əziz Sumqayıtlılar, şəhərimizin quruculuğunda, inkişafında, abadlaşmasında gözəl, müasir bir şəhərə çevrilməsində biz həmişə bir yerdə olmuşuq. Gəlin hər zaman olduğu kimi bu gün də həmrəy olaq, özümüzü, ailəmizi və şəhərimizi qoruyaq!
SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ!