Sumqayıt şəhər İcra hakimiyyəti ictimaiyyətlə əlaqələrin təşkili və informasiya texnologiyalarının inkişafı sahəsində növbəti layihəyə start verir. Oktyabr ayından etibarən Sumqayıtın rəhbər şəxsləri ilə şəhər sakinləri və ümumilikdə ictimaiyyət arasında birbaşa elektron əlaqənin təşkili və şəffaf ünsiyyət sisteminin yaradılması məqsədilə müntəzəm internet-forumlar təşkil ediləcək. Hər ay forumda şəhərin rəhbər şəxsləri, Sumqayıtın idarə, müəssisə və təşkilat rəhbərləri qonaq qismində iştirak edəcək və onlara ünvanlanmış sualları cavablandıracaqlar. Artıq bütün maraqlananlar iki internet səhifədə – www.sumqayit-ih.gov.az və www.sumqayitxeber.com -da yerləşdirilmiş keçid vasitəsilə forumun qonağına öz suallarını göndərə bilərlər. Layihəyə texniki dəstəyi Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası göstərir. Xatırladaq ki, yerli icra hakimiyyətləri arasında Azərbaycanda ilk internet səhifə 2004-cü ildə məhz Sumqayıtda yaradılmış, şəhər rəhbərliyinin vətəndaşlarla elektron poçt vasitəsilə ünsiyyəti təmin edilmişdir. 2008-ci ildə isə şəhər İcra hakimiyyəti aparatında sənədlərin elektron dövriyyəsi sistemi istifadəyə verilmişdir.