Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı və Sumqayıt şəhərlərinin ölkə iqtisadiyyatında xüsusi rol oynadığını bildirib. İqtisadiyyat naziri qeyd edib ki, bu şəhərlər birlikdə Azərbaycanın əsas iqtisadi mərkəzini formalaşdırır və ölkənin urban inkişaf strategiyalarında mühüm yer tutur.
Nazirin sözlərinə görə, Azərbaycanın əsas prioritetlərindən biri şəhərlərin dayanıqlı inkişafı və azad olunmuş ərazilərin bərpasıdır. O vurğulayıb ki, son illərdə həyata keçirilən genişmiqyaslı proqramlar çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhər və kəndlərin qurulmasına xüsusi diqqət ayrılır.
Mikayıl Cabbarov bildirib ki, azad olunmuş ərazilərdə həyata keçirilən layihələr “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları əsasında formalaşdırılır. Bu yanaşmanın yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, regionun uzunmüddətli dayanıqlı inkişafına və sülh mühitinə inteqrasiyasına xidmət etdiyi qeyd olunub.
Nazir həmçinin vurğulayıb ki, Bakı və Sumqayıt şəhərləri ölkə ÜDM-inin mühüm hissəsini təmin edir. Onun fikrincə, sənaye, logistika, innovasiya və urban inkişaf baxımından bu iki şəhər Azərbaycanın iqtisadi inkişafının əsas dayaqları hesab olunur.
Qeyd edək ki, son illərdə Sumqayıtda həyata keçirilən sənaye, infrastruktur və şəhərsalma layihələri şəhərin ölkə iqtisadiyyatındakı mövqeyini daha da gücləndirib.


Müzakirə qapadılmışdır.