Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü qeyd olunub

3677

Sumqayıt şəhərində Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində yenidən qurulan Sumqayıtın şəhidlər xiyabanında qalib əsgər abidəsinin açılışı olub.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zəngilan rayon İcra Hakikiyyətinin başçısı Ramiz Həsənov, Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri – Tahir Mirkişili, Hicran Hüseynova, İmamverdi İsmayılov, Müşfiq Məmmədli, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, Milli Qəhrəman Qorxmaz Eyvazovun həyat yoldaşı Hafizə Eyvazova, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun anası Emma Şükürova, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun anası Mindinura Saqadayeva, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun həyat yoldaşı Sevda Cəbrayılova, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova və Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin həyat yoldaşı Vüsalə Niftəliyeva şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Qalib əsgər abidəsinin açılışını ediblər.

Vurğulanıb ki, bu gün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.

Qeyd olundu ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hərbçilərimiz döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.

Tədbirdə Zəfər Gününə həsr olunmuş kompozisiya nümayiş olunub.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında həyata keçirilmiş yenidənqurma işləri ilə tanış olub, şəhidlərimizin məzarını ziyarət ediblər.

Qeyd edək ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 510 şəhidin uyuduğu Şəhidlər xiyabanında kompleks yenidənqurma işləri aparılıb. Hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə yaşıllıq örtüyü salınıb. İşıqlandırma sistemi müasirləşdirilib. Yenidənqurma  işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə burada Zəfər ağacı yerləşdirilib. STP Şirkətlər Qrupu tərəfindən hazırlanan ağacın üzərində Vətən müharibəsi şəhidlərinin hər birinin ad-soyadı, ata adı, doğum tarixi və sonsuzluq işarəsi qeyd olunub.

Zəfər Günü münasibətilə şəhərdə Muğam Mərkəzində muğam ifaçılarının iştirakı ilə konsert proqramı keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər