Sumqayıt şəhərində dəyirmi masa təşkil olundu

1713

“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların problemlərinin həllinə dəstək istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbirlərini başa çatdırır. Xatırladaq ki, bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, xüsusilə sərbəst hərəkət məhdudluğu olan uşaqların, əlillərin küçə və xiyabanlarda sərbəst hərəkəti, sosial, mədəni, inzibati, infrastruktur obyektlərinə sərbəst daxil olmaq imkanlarını artırmaq, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaq, sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq imkanları və vəziyyətini öyrənmək, bütövlükdə əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və sosial həyata inteqrasiya olunmasına nail olmaq idi.

Sosialxəbər.az xəbər verir ki, layihə çərçivəsində bu gün Sumqayıt şəhərində təşkil edilən sonuncu dəyirmi masada əlillik problemləri ilə məşğul olan yerli QHT və media əməkdaşları iştirak edirdilər. Tədbiri “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq həyata keçirilən layihənin məqsədi və bu günə qədər görülən işlər barədə qısa məlumat verdikdən sonra dəyirmi masanın əsas mövzusu olan Sumqayıt şəhərində sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil almaq imkanları barədə ətraflı çıxış etdi. O, çıxışında qeyd etdi ki, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də əqli və fiziki məhdudiyyətli vətəndaşlar var və ölkəmizdə 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslərin sayı 72,2 min nəfərdir. Qanunvericilik hər bir əqli və fiziki qüsurlu şəxsin reabilitasiya, sosial müdafiə, təhsil (xüsusi təhsil), məşğulluq, təhlükəsizlik, tibbi sığorta, psixoloji yardım və s. kimi hüquqlarını qoruyur. Bu günkü tədbirimizin əsas mövzusu əlilliyi olan şəxslərin təhsil almaq imkanları barədə sizinlə faydalı müzakirə aparmaqdır.

Layihə çərçivəsində əlilliyi olan şəxslərin təhsili və işlə təminatının vəziyyətini öyrənmək, habelə əlilliyi olan şəxslərin inkluziv təhsilə olan münasibətini, bu qrupdan olan insanların təhsillə bağlı problemlərin mahiyyətini öyrənmək məqsədi ilə əlilliyi olan şəxslərin valideynləri arasında anket sorğusu həyata keçirmişik. Anket sorğusunda ümumilikdə 19 sual olmaqla 26 dəyişəndən istifadə edilmişdir. A.Seyidqızı daha sonra sorğunun bütün sualları ilə bağlı nəticələri ətraflı təhlil etdi və çıxışının sonunda mövzu ilə bağlı tədbir iştirakçılarının münasibət bildirmələrini xahiş etdi.

Tədbirdə iştirak edən “Loğman” Qaçqınlara dayaq Mərkəzi İB-nin sədri Tahirə Nağıyeva, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB-nin sədri Səbinə Kərimova, “Bizim şəhər” İB-nin sədri Mətanət Zeynalova, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB –nin sədri Zenfira Mustafayeva, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Sumqayıt təşkilatının sədri Tamam Məsimova, “Əsrin sədası” qəzetindən İ.Məmmədqızı, Xəbərlə.com saytından Sevinc Novruzova və başqaları çıxış edərək sağlamlıq imkanları məhdud şəxslərin təhsil almaq hüquqlarının reallaşdırılmasında ciddi problemlərlə üzləşdiyini və birliyin keçirdiyi anket sorğusunun nəticələri də bu sahədə real vəziyyəti əks etdirdiyini vurğuladılar. Sonda tədbir iştirakçıları “Ülvi- aztəminatlılara dəstək” İB-nin keçirdiyi sorğu nəticələrinin və dəyirmi masada səslənən təkliflərin əsasında aidiyyəti dövlət qurumlarına mövcud problemlərin aradan qaldırılması üçün müraciət məktubu göndərilməsi və yerli mediada bu məsələlərin işıqlandırılması vacibliyini qeyd etdilər.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər