Sumqayıt şəhərinin içməli su ilə daha çox təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanılıb. “Azərsu” ASC-dən verilən məlumata görə, qurum tərəfindən aparılan bu işlər əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Məlumatda qeyd edilir ki, Ceyranbatan Su Anbarından Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərin 684 metr uzunluğunda metal borulardan ibarət olan hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı. Hazırda həmin metal borular polietilen borularla əvəzlənir. Magistral kəmər istismara verildikdən sonra Sumqayıt şəhərinin 17-ci, 18-ci mikrorayonlarının, 42-ci məhəllə və Corat qəsəbəsinin, ümumilikdə 33 mindən çox sakininin içməli su təchizatı daha da yaxşılaşacaq. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprelin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.