Avstriyanın Lints şəhərində səfərdə olan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev bu şəhərin meri Frants Dobuşla görüşüb. Bu barədə APA-ya nümayəndə heyətinin üzvü, Sumqayıt şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.
Avstriyanın Yuxarı Avstriya federal əyalətinin paytaxtı Lints şəhəri ilə əlaqələri genişləndirməkdə maraqlı olduqlarını deyən V. Əliyev iqtisadi sahə ilə yanaşı, kommunal təsərrüfat, təhsil sahələrində də əməkdaşlıq üçün böyük potensial olduğunu vurğulayıb. Tərəflər xüsusilə mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin təşkili barədə razılığa gəliblər. Lints şəhərinin meri isə Sumqayıta səfər etmək niyyətində olduğunu bildirib.
Səfər çərçivəsində V. Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Yuxarı Avstriya İqtisadi Palatasında olub. V. Əliyev Sumqayıt şəhərində xarici sahibkarlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu nəzərə alaraq iqtisadi palatanın üzvlərini Azərbaycanda sərmayə yatırmağa dəvət edib.
Nümayəndə heyəti həmçinin kommunal sahədə ixtisaslaşmış “Linz AG”, tullantıların kompleks idarə edilməsi müəssisəsi olan “AVE”, şpal və dəmir yolu üçün beton konstruksiyalar istehsal edən “SSL Linz GmbH” müəssisələrinin fəaliyyəti ilə tanış olub.