Sumqayıt şəhərinin Tarixi Muzeyində “Şuşa mədəniyyət mərkəzimizdir” adlı tədbir keçirilib – FOTOLAR

385

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhərinin Tarixi Muzeyində 8 noyabr Zəfər Günü və “2022-Şuşa İli” çərçivəsində “Şuşa mədəniyyət mərkəzimizdir” adlı tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev öz çıxışında xalqımızın qüdrətinin və milli qürurumuzun simvoluna çevrilən 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, qəhrəman Azərbaycan ordusunun döyüş meydanında qazandığı tarixi qələbədən söz açıb. O, qeyd edib ki, Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, tarixdir. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Baş məsləhətçi Bayram Cəfərli, Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı öz çıxışlarında ordumuzun öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazaraq bütün dünyaya Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdiyini qeyd edib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşa şəhərinin düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Natiqlər həmçinin 44 günlük Şanlı Zəfər Qələbəsilə işğaldan azad edilən torpaqlarımızda erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılan tarixi, mədəni irsimizin bərpa edilməsi istiqamətində görülən işlərdən söz açıblar. Muzeyin kiçik elmi işçisi Zülfiyyə Fətəliyeva tərəfindən “Şuşa mədəniyyət mərkəzimizdir” adlı mühazirə və mövzu əsasında hazırlanan videoçarx, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzinin şagirdi Asiya Hüseynova tərəfindən “Qarabağ artıq azaddır” adlı şeir təqdim edilib. Sonda muzey materialları əsasında tərtib olunan “Şuşa mədəniyyət mərkəzimizdir” adlı sərgi tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzinin şagird və müəllimlərindən ibarət nümayəndələr və bir qrup gənc mədəniyyət işçisi iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər