Azərbaycanda hər bir ixtisas qrupu üzrə abituriyentlərin istəyinə ən çox uyğun olan və ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.
Məlum olub ki, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasına daha çox üstünlük veriblər.
Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır. Orta statistik qız abituriyentin özündə humanitar ixtisasları birləşdirən III ixtisas qrupuna istəyi çox yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər həmişə olduğu kimi “iqtisad və idarəetmə ixtisaslarına” (II qrup) az maraq göstərirlər. Rus bölməsinin qız abituriyentlərinin isə həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. IV ixtisas qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Belə ki, burada qızlar tibb ixtisaslarına üstünlük verdikləri halda, oğlanlar daha çox idman ixtisasların meyl edirlər.
Bu il Naxçıvan MR Ordubad rayonunun, Gəncə şəhərinin, Göyçay, Ağdaş, Bərdə, Zaqatala rayonlarının, Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov və Səbail rayonlarının oğlan abituriyentləri iqtisad və idarəetmə ixtisaslarına, Cəlilabad, İsmayıllı, Şamaxı, Lənkəran, Xaçmaz rayonlarının, Naxçıvan MR-in Kəngərli və Şərur rayonlarının, Mingəçevir və Sumqayıt şəhərlərinin qız abituriyentləri isə humanitar ixtisaslara daha çox üstünlük veriblər.