Sumqayıt Şəhidlər Xiyabanı necə quruldu? – MÜSAHİBƏ

1874

Hər bir sumqayıtlının müqəddəs ziyarət kimi qəbul etdiyi, dərin ehtiramla ziyarət etdiyi bir ünvan var – Sumqayıt Şəhidlər Xiyabanı. Burada xalqımızın, dövlətimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş yüzlərlə gənc uyuyur.

20 Yanvar günləri ərəfəsində heç vaxt unudulmayacaq şəhidlərimiz bir daha anılır, onların daimiyaşar ruhu ehtiramla yad edilir.
Şəhidlər Xiyabanın qurulduğu illərdə Sumqayıtda Vətəndaşlara Xidmət İdarəsinin rəisi vəzifəsində çalışmış, hazırda Sumqayıt Bələdiyyəsinin sədri  Sultan Əsədovla müsahibəmizdə  həmin ağrılı, çətin illərə qayıtdıq, eyni zamanda həmsöhbətimizlə birlikdə bir sıra tarixi faktları aydınlaşdırdıq.
 – Sultan müəllim, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində Azərbaycan olduqca ağır, çətin bir dövrünü yaşayırdı. Həmin illəri necə xatırlayırsınız?

– Bəli, 80-ci illərin sonlarından etibarən həmvətənlərimiz öz tarixi yurdlarından – Dağlıq Qarabağdan deportasiya olunmağa başladılar. Bu, ermənilərin “türksüz Ermənistan” planının icrasına başlanması demək idi. Məsələ təkcə deportasiya deyildi: Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər.
Həmin vaxt öz yurdlarından qovulmuş həmvətənlərimizin bir hissəsi də məhz Sumqayıta pənah gətirdi. O illər həqiqətən də ağır illər idi, bu, xalqımız üçün növbəti faciə və sınaq idi. Eyni zamanda Azərbaycanda azadlıq hərəkatı başlamışdı, xalqımız öz müstəqil dövlətini qurmaq barədə qərar qəbul etmişdi. SSRİ isə son nəfəsində parçalanmanın qarşısını almaq üçün xalqlara qarşı soyqırımdan belə çəkinmirdi. 1990-cı ilin 20 Yanvar gecəsi belə faciələrdən biri idi.
Gecə saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Ancaq bu faciə də Azərbaycan xalqını azadlıq eşqini, mübarizəsini zəiflədə bilmədi. Əksinə, xalq daha möhkəm birləşdi və müstəqillik yollarında bütün çətinliklərin öhdəsindən gəldi. 1991-ci ilin oktayabrında Azərbaycan öz müstəqilliyini elan etdi, ancaq bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal siyasəti icra edilməyə başlanmışdı. Rus qoşunlarının köməkliyi ilə ermənilər bir-birinin ardınca torpaqlarımızı işğal edirid, bizdə isə nə silahlı qüvvələr formalaşdırılmışdı, nə düzgün idarəçilik mövcud idi – ölkədə xaos hökm sürürdü, hakimiyyət davası gedirdi.

Bu illəri hər birimiz çox yaxşı xatırlayırıq, ölkənin ictimai-siyasi vəziyyəti çox gərgin idi, iqtisadi tənəzzül dərinləşmişdi, ölkə uçuruma doğru gedirdi.

– Cəbhədə də qanlı döyüşlər gedirdi, itkilər verirdik.

– Bəli, çox ağır döyüşlər gedirdi, xeyli şəhidlər vermişdik. O şəhidlərin arasında sumqayıtlı gənclər də var idi. İşğal edilmiş bir çox rayonların sakinləri Sumqayıtda yerləşdirildiyindən şəhidlərimizin də bir hissəsi Sumqayıtda dəfn olunmalı oldu. Həmin illər Sumqayıt həm öz qaçqın və məcburi köçkün həmvətənlərinə, həm də şəhid övladlarına qucaq açdı.
Ancaq hamını narahat edən bir problem var idi – ölkənin məhv olmaq, yenicə qazanılmış müstəqilliyin itirilməsi təhlükəsi. Belə vəziyyətdə xalq bircə çıxış yolu gördü: dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması. Hər kəs inanırdı ki, ölkəni bu uçurumdan yalnız ulu öndər xilas edə bilər. Bununla bağlı ulu öndərə müraciət olundu, o da xalqın çağırışına müsbət cavab verərək Bakıya qayıtdı. Yalnız bundan sonra Azərbaycan düşdüyü kritik vəziyyətdən çıxmağa başladı, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, iqtisadi böhran tədricən aradan qaldırıldı və nəhayət, qısa zamanda ölkə sabitlik və inkişaf relsləri üzərinə çıxarıldı. Dahi siyasətçinin müəyyən etdiyi strategiya ilkin mərhələdə ölkəni ictimai-siyasi, iqtisadi kataklizmlərdən xilas etdi, daha sonra isə tərəqqi yoluna çıxararaq regionun liderinə çevirdi.

– Dediniz ki, şəhidlərimizin bir hissəsi də Sumqayıta gətirilirdi, burada dəfn olunurdu. Siz həmin illərdə Vətəndaşlara Xidmət İdarəsinin rəisi idiniz. Sumqayıt Şəhidlər Xiyabanı da həmin illərdə qurulurdu.

1484803080_dsc_0033

– Sumqayıtda yüzlərlə şəhidimiz dəfn edildi. Bizim idarə dəfn prosesində şəhid ailələrinə əlindən gələn köməyi etməyə çalışırdı. İdarəmiz Mənzil Kommunal İstehsalat Birliyinin nəzdində idi. Həmin birliyin rəhbəri isə hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan cənab Zakir Fərəcov idi. O, bu işlərə şəxsən nəzarət edir, şəhid ailələrinin dəfn məsələlərinə həssaslıqla yanaşılmasını tələb edirdi. O vaxt Xiyaban hələ qurulmamışdı, burada heç bir iş görülməmişdi. Ulu öndər Sumqayıtda Şəhidlər Xiyabanının qurulmasını tapşırmışdı,  şəhər rəhbərliyinə bu işin yüksək səviyyədə təşkil olunmasına dair göstəriş vermişdi. Zakir müəllim bu işin ən yüksək səviyyədə təşkil olunması üçün işlərə başladı. Bu yöndə səylə çalışırdı, ancaq bir sıra problemlər var idi. Belə ki, qəbir daşları Azərbaycana Ukraynadan gətirilirdi, məlum olduğu kimi, SSRİ-nin süqutu ilə ittifaq ölkələri arasında iqtisadi kammunikasiya itdiyi üçün Ukrayndan ölkəmizə mal gətirmək demək olar ki, mümkünsüz idi. Digər bir tərəfdən o vaxt yalnız mal-material mübadiləsi var idi, yəni nağd pulla xaricdən nəsə almaq çətin idi. Qranit daş Ukraynadan, Jitomir vilayətindən ölkəmizə Rusiyadan keçərək Dağıstandan gəlməli idi, ancaq Çeçenistanda müharibə gedirdi, dəmiryolu dağıdılmışdı və s. Artıq şəhid ailələri də narazılıq edirdi ki, nəyə görə qəbirlər düzəldilmir.

Ukraynadan qranit daşların alınması üçün mütləq barter tələb olunurdu, biz tərəfdən daşların əvəzinə dizel yanacağı verilməli idi. Yəni Zakir müəllim bu məsələ ilə əlaqədar olaraq dəfələrlə həmin vilayətdəki müəssisəyə getdi, danışıqlar apardı, onlar verəcəkləri malın əvəzində dizel yanacağı istəyirdi. Bu yanacaq isə strateji məhsul hesab olunduğundan, onun ölkədən çıxarılması çox çətin idi – bunun üçün bir sıra nazirliklər icazə verməli idi, Həm Xarici Əlaqələr Nazirliyinin, həm İqtisadiyyat Nazirliyinin, həm Neft Komitəsinin, həm də Nazirlər Kabinetinin razılığı tələb olunurdu. Cənab  Zakir Fərəcov bu icazələrin alınması, sənədləşdirmələrin aparılması üçün səylə çalışdı. Həm danışıqların aparılması, müqavilənin bağlanması, həm də ilk partiyanın gətirilməsi üçün Zakir müəllim özü Ukraynaya gedərək, qranitin gətirilməsini təmin etdi. Daşlar Dağıstana qədər vaqonlarla gətirildi, orada, Kizlər şəhərində yük maşınlarına yükləndi, çünki Çeçenistan müharibəsi gedirdi və oradan keçən qatar yolu artıq dağıdılmışdı, həm də döyüşlər gedirdi. Çeçenistan ərazisindən nəsə keçirmək özü də təhlükə demək idi, bu, həyati risk demək idi.

Kizlər şəhərində yük maşınlarına yüklənən qranit daşları Sumqayıta şosse yolu ilə gəlib çatdı. İndi bu barədə danışmaq asandır, ancaq bu problemi həll etmək çox çətin idi. Proses 1 ilə qədər uzandı, çünki maneələr çox idi. Bu problemi həll etmək üçün çalışqanlıq, işgüzarlıq tələb olunurdu və Zakir müəllim bu maneələrə baxmayaraq bu məsələni uğurla həll etdi, sona çatdırdı.

1994-cü ildən etibarən Sumqayıt Şəhidlər Xiyabanı qurulmağa başlandı. Gətirilən daşlar çox keyfiyyətli idi və Xiyaban yüksək səviyyədə quruldu, şəhid ailələri də bu işə görə minnətdarlıqlarını, razılıqlarını bildirirdilər.

– Sumqayıta atəşkəsə qədər təxminən nə qədər şəhid cənazəsi gəlmişdi?

1000_435bu7fC9XGw

– 1994-cü ilin may ayına qədər, yəni ulu öndər Azərbaycan ordusunu formalaşdırmaq məqsədilə imza atdığı atəşkəsə qədər Sumqayıt təxminən 350-355 şəhid qəbul etdi. Ancaq bildiyimiz kimi, ermənilər hətta imzaladığı sənədə, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliyə, atəşkəs razılaşmasına da əməl etmir, atəşkəsi tez-tez pozurdular, nəticədə cəbhədə yenə itkilərimiz olurdu. Bildiyimiz kimi, bu gün də erməni tərəf atəşkəsi mütəmadi olaraq pozur.  Belə hallardan birində – ötən ilin aprelində Azərbaycan ordusu düşmənə layiqli cavab verdi, onları yerində oturtdu, hətta hərbi əməliyyatları davam etdirərək, min hektarlarla ərazini işğal altından azad etdi, xeyli canlı və texnika itkisi verən düşmən qaçmağa, geri çəkilməyə məcbur oldu. Doğrudur, bizim də itkilərimiz oldu, ancaq birmənalı şəkildə demək olar ki, aprel döyüşləri müasir Azərbaycanın hərb tarixinin ən şanlı zəfərlərindən biri kimi tarixə yazıldı. Həmin günlərdə Sumqayıt da 6 şəhid verdi. Hər birimiz həmin günlərdə şəhid oğullarımızın qarşılanmasını yaxşı xatırlayırıq, Sumqayıt öz şəhid övladlarını necə izdihamla, alqışla, hərarətlə qarşılayırdı!

Şəhidlərin qarşılanması, dəfn və yas mərasimlərində şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov da iştirak etdi. Zakir müəllimin tapşırığı ilə şəhidlərin qəbirüstü abidələri Xiyabanın ümumi harmoniyasına uyğunlaşdırılaraq düzəldildi.

Belə bir deyim var: torpaq uğrunda ölən varsa, vətəndir! Bu torpağı bizlər üçün müqəddəsləşdirən də məhz yüzilliklər boyunca onun uğrunda canından keçmiş qəhrəman vətən oğul və qızları, onların ölməz ruhudur.

Söhbətləşdi: Vüsal Məmmədov

 P.S. Tarix obyektiv qiymət tələb edir. Bu gün sumqayıtlıların müqəddəs ziyarətgahına çevrilmiş Şəhidlər Xiyabanı, bax belə çətinliklər hesabına qurulub. Bu çətinliyi öz üzərinə götürənləri, şəhəri quranları gələcək nəsillər dərin ehtiramla xatırlayacaq…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər