“Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı”

935

ASLAN İSMAYILOV: “SUMQAYIT HADİSƏLƏRİ BİLƏRƏKDƏN TƏŞKİL OLUNUB, KÖKÜ İSƏ O VAXTKI DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ BAŞ VERƏN HADİSƏLƏRDƏN QAYNAQLANIB”

Məlum olduğu kimi, bugünlərdə tanınmış hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabı işıq üzü görüb. Müəllifin özünün də bildirdiyinə görə, sözügedən kitabı yazmaqda məqsədi bilavasitə iştirakçısı olduğu “Sumqayıt prosesi”nə aydınlıq gətirmək və məhkəmə işi ətrafında baş verən hadisələri təsvir etməklə onu yekunlaşdırmaq olub. “Əlimdəki sənədlərlə işləyərkən istər-istəməz sırf prosesə aidiyyəti olmayan, ancaq məlum hadisələrlə əlaqədar başqa materiallarla da tanış oldum və rastlaşdıqlarım məni dəhşətə gətirdi. Təbliğatda ermənilərdən geri qaldığımızı bilirdim, ancaq bu dərəcədə olduğunu təsəvvür etməzdim”, – deyə qeyd edən müəllifə görə, 20 ildən artıq zaman kəsiyində Sumqayıt hadisələrinin ardınca başlayan Qarabağ münaqişəsinin qızışma nöqtəsi, onun inkişaf tempi, burada SSRİ, həmçinin Azərbaycan rəhbərliyinin, digər güc mərkəzlərinin rolu, marağı, Sumqayıt hadisələrinin əsas səbəbləri, onun kimlərin vicdanında qalması, ümumiyyətlə, Azərbaycanın tarixinin və coğrafiyasının bugünkü duruma gəlib düşməsi ilə bağlı öz fikirləri, qənaətləri olub: “…Ona görə də “Sumqayıt prosesi” ilə bağlı kitabı bir qədər genişləndirmək barədə düşündüm. Amma o dövrki hadisələr barəsində yazıb-yazmamağıma dair ciddi tərəddüddə qaldım, çünki görəcəyim iş mənim peşəm deyildi. Həm bunun üçün xeyli vaxt, əhatəli araşdırma tələb olunurdu. Buna baxmayaraq, fikirləşdim ki, kitabı oxuyan hər kəsin mənim bildiyim və Azərbaycanın həm tarixinə, həm də taleyinə təsir etmiş bəzi faktları, heç olmasa tezis formasında öyrənməyə haqqı çatır”. Müəllif qeyd edir ki, bildikləri, ona məlum olanlar əsasında məsələnin kökünə, mahiyyətinə aparıb çıxaran bir “yol xəritəsi” cızıb və bu xəritə sonda onu əsas ünvana gətirib çıxarıb. “Qarabağda sonradan baş verənlərin özülü Sumqayıtda qoyulmuşdu və vahid bir planın tərkib hissələri idi”, – deyən müəllifin qeyd etdiyinə görə, sözsüz ki, bu hadisələr Azərbaycanın başqa şəhərlərində də törədilə bilərdi və buna cəhdlər də olub. “Planın niyə məhz Sumqayıtda baş tutması da mənimçün aydındır”, – deyən müəllif göstərir ki, 1988-ci ilin fevral ayında məlum hadisələr baş verdikdən sonra azərbaycanlılar bütün dünyaya vəhşi bir millət kimi təqdim olunmuşdu ki, bu da, yəni, o vaxt bütün mətbu orqanlarda bu hadisələrlə bağlı yayımlanan məlumatlar insana utanc hissi verirdi. “Hətta bir gün o dövr Diyar (söhbət Stavropoldan gedir – red.) Ədliyyə Şöbəsinin müdiri işləyən Viktor Limanov heyrətlə soruşdu: “Aslan, Sumqayıtda nə baş verib elə?! Mən heç təsəvvür belə etməzdim ki, bir millət…” …Mən etiraz edə bilmədim… Çünki həqiqətdə nəyin baş verdiyini bilmirdim. Mənim nə Sumqayıtda, nə də Bakıda yaşayan heç bir məlumatlı qohumum və ya tanışım yox idi ki, ondan baş verənləri öyrənə bilim”, – deyən müəllif yazır ki, Sumqayıt hadisələrindən sonra o dövr yaşadığı bölgəyə – Zelençuka ermənilərin axını başlayır. Bundan sonra isə ona həmin ermənilər tərəfindən hədə-qorxular edilir. Həmin bölgədə yaşamağın və işləməyin qeyri-mümkünlüyünü görən A.İsmayılov kitabında qeyd edir ki, o vaxt Azərbaycanın baş prokuroru işləyən İlyas İsmayılovun 03 aprel 1989-cu il tarixli əmri ilə Respublika Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunur. “Bir müddət sonra ailəmlə birlikdə Bakıya köçdüm və Rusiyada işlədiyim məhkəmə sədri vəzifəsi, Azərbaycanda Respublika Prokurorluğunun məhkəmələrdə cinayət işlərinə baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsi ilə əvəzləndi”, – deyə qeyd edən müəllif kitabında həmçinin göstərir ki, bir müddət sonra baş prokuror onu yanına çağıraraq, Sumqayıt hadisələri üzrə cinayət işində dövlət ittihamçısı qismində çıxış etməyi təklif edir: “…Həmçinin qeyd etdi ki, işə Cavanşir İsmayılov adlı prokuror təyin olunub, lakin onun bu sahədə təcrübəsi yoxdur. İşin kifayət qədər mürəkkəb olduğunu, mənimsə əvvəllər hakim işlədiyimə görə, kifayət qədər təcrübəyə yiyələndiyimi deyən İ.İsmayılov dövlət ittihamını məhz mənim müdafiə etməyimi istədiyini bildirdi. Bu cür cinayətin törədilməsinə azərbaycanlıları nəyin vadar etməsini öyrənmək mənim üçün həddindən artıq maraqlı olduğundan, təklifi dərhal qəbul etdim”. Beləliklə Sumqayıt hadisələrinin əsas iştirakçılarından və günahkarlarından olan qatı cinayətkar Qriqoryan və altı azərbaycanlının cinayət işində dövlət ittihamçısı təyin olunan A.İsmayılov qeyd edir ki, həmin andan etibarən işlə tanışlığa başlayır. “Qeyd edim ki, mən dövlət ittihamçısı təyin olunanda iş artıq məhkəməyə verilmişdi. Hətta həmin iş üzrə hazırlıq iclası da keçirilmişdi. Yəni, mənim işlə tanış olmağa heç vaxtım da qalmamışdı”, – deyə qeyd edən A.İsmayılov kitabında məcburiyyət qarşısında qalıb cinayət işini evə gətirərək, bütün gecəni onunla tanış olduğunu göstərir: “…işdə təqsirləndirilənlər arasında erməni soyadı diqqətimi dərhal cəlb etdi: “Kim idi bu erməni? Nəyə görə o millətinə qarşı cinayətdə iştirak edirdi? Niyə ermənilər tərəfindən bu qədər haqsızlığa iddia edən kütlə məhz ermənini öz sıralarına almışdı?” – bütün bu suallara cavab axtarışları doğru istiqamətə apardı”. Müəllifin qeyd etdiyinə görə, birmənalı şəkildə onun üçün aydın olur ki, baş vermiş təxribatlarda Qriqoryan əsas füqur – kütləni təşkilatlandıran, idarə edən və yönləndirənlərdən biridir. Müəllif digər maraqlı bir məqama da toxunaraq qeyd edir ki, Sumqayıt hadisələri üzrə istintaqa rəhbərlik etmiş və sonda ittiham aktını imzalamış şəxs SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər müstəntiqi Vladimir Qalkin sonradan əks-kəşfiyyat generalı olub. “Maraqlıdır, deyilmi?! Yəni, prokurorluğun himayəsi ilə onun kimi təmsil etdiyi tamamilə aydındır”, – deyə kitabda sonra qeyd olunur. Müəllif eyni zamanda qeyd edir ki, kitabla tanış olduqca bu faciənin kimlərin törətdiyinin, Azərbaycan xalqının kənarda qurulmuş murdar cinayətlərin qurbanına çevrildiyinin şahidi olmaq mümkündür: “… Çünki göstərdiklərim onların (ermənilər nəzərdə tutulur – red.) bu günə qədər Sumqayıt hadisələri ilə bağlı dünyaya yaydıqları “azərbaycanlılar Sumqayıtda baş kəsdilər…” kimi yalanlarını ifşa edəcək və Sumqayıtda törədilmiş ən ağır cinayətlərin onlar tərəfindən törədildiyini sübuta yetirəcək mən haqqa, ədalətə, ən əsası Allahın varlığına sonsuz inanan birisiyəm və əminəm ki, bütün hadisələri çılpaqlığı ilə ortaya qoyduğumdan Sumqayıtda nələrin baş verdiyi barədə özünüz düzgün nəticə çıxaracaqsınız”. Müəllifin yazdığına görə, məlum prosesdən gəldiyi nəticə qəti olub. Yəni, Sumqayıt hadisələri bilərəkdən təşkil olunub, kökü isə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələrdən qaynaqlanıb. “Dəqiq xatırlamıram, amma bilirəm ki, məhkəməyə bir gün qalmış, ya da məhkəmə günü çıxışımın ikinci hissəsi itdi. Maraqlısı isə odur ki, çıxışın məhz Sumqayıt hadisələrinin təşkil olunmasını izah və sübut etdiyim, bununla əlaqədar təkliflər verdiyim hissəsi yoxa çıxmışdı”, – deyən müəllif yazır ki, çıxışının hansı şəraitdə və necə yoxa çıxdığını təsvir edə bilməsə də, o zaman məhkəmədə Dövlət Təhlükəsizlik Komitəsinin işçisinin olmasını, ümumiyyətlə, prosesin sözügedən orqanın nəzarəti altında keçilməsini nəzərə alaraq, “yoxaçıxma əıməliyyatı”nı da məhz bu qurumun fəaliyyəti ilə əlaqələndirir: “…Əminəm, nə vaxtsa Azərbaycan səlahiyyətliləri, tarixçiləri Sumqayıt hadisələri ilə bağlı cinayət işlərini, əsasən “Qriqoryan işi”ni tapıb araşdıracaq, erməni millətçilərini və onların muzdlu nökərlərini, başda Qorbaçov olmaqla, ifşa edəcəklər. Əgər bunu etməsək, biz bütün dünya parlamentləri qarşısında erməni millətçilərinin növbəti dəfə “soyqırım” böhtanına məruz qalacağıq. Bu dəfə həmin soyqırımın adı “Sumqayıt soyqırımı” olacaq…” Müəllif sonda qeyd edir ki, SSRİ-nin dağılmasında və Qarabağ proseslərində erməniliyin rolu barədə qeyd etdikləri cüzi bir hissə – dəryada damladır və daha peşəkar təhlilə ehtiyac duyur. “Ona görə də bu məsələyə yekun vuraraq, sonda bir daha bu fikrə qayıdıram ki, SSRİ-nin süqutu prosesi məhz Sumqayıtdan başladı”, – deyə müəllif kitabını bu cümləylə bitirir. Bəs, görəsən, Azərbaycanın tanınmış ziyalıları A.İsmayılovun Sumqayıt hadisələrinə, Sumqayıt həqiqətlərinə işıq salan bu kitabı barədə nə düşünürlər? Bizimlə söhbətində bitərəf millət vəkili, tarix elmləri doktoru Cəmil Həsənli bildirib ki, A.İsmayılovun 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı kitabı müstəsna dərəcədə əhəmiyyətli kitabdır. Onun sözlərinə görə, bu kitabda qaldırılan istintaq materialları birmənalı şəkildə sözügedən hadisələrin keçmiş Mərkəz və SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən törədildiyini, hətta, hadisələrin içərisində Qriqoryan familyalı bir erməninin bu hadisələrə necə rəhbərlik etdiyini təkzibolunmaz faktlarla sübuta yetirir: “Bu kitabda iki kölgə var – qara plaşlı, şlyapalı köləgələr ki, onlar Sumqayıt hadisələri baş verəndə daim kütlənin kənarından gedib, onu idarə edən kölgələrdir. Mənə elə gəlir ki, gec də olsa, bu kitabın çap olunması Sumqayıt hadisələri barədə həqiqətlərin üzə çıxmasında, xalqımızın üzərinə atılmış bu qara ləkənin onun üstündən qaldırılmasında böyük rol oynayacaq. Aslan İsmayılov bu kitabı hazırladı, ərsəyə gətirdi. İndi qarşıda duran mühüm vəzifə bu kitabı müxtəlif dillərə tərcümə edib dünya kitabxanalarına, dünya kitab dükanlarına doldurmaqdır ki, qoy dünya bu müddət ərzində ermənilərin necə yalandan istifadə etdiklərinin, necə təxribat törətdiklərinin, Mərkəzin və xüsusi xidmət orqanlarının əlində necə vasitəyə çevrildiklərinin bir daha şahidi olsun”.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər