Azərbaycan Respublikası Prezidentinin “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramına və investisiya müsabiqəsinin keçirilməsi qaydalarına müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin 99,83%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
SİA-nın məlumatına görə, müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı xarici investorlar da iştirak edə bilərlər.
Səhmdar cəmiyyətinin əsas fəaliyyətini sulfat turşusu, dənəvər superfosfat gübrəsi, akkumulyator turşusu, oleum, şomot tozu, silisium gili, diabaz unu və başqa kimyəvi məhsulların istehsalı və satışı təşkil edir. Sumqayıt şəhərində yerləşən səhmdar cəmiyyəti 1956-cı ildə fəaliyyətə başlayıb.
Səhmdar cəmiyyətinin investisiya müsabiqəsinə çıxarılmış səhmlərinin sayı 3 766 106 ədəd təşkil edir. Bu səhmlərin ümumi nominal dəyəri isə 7 532 212 manatdır.
Müsabiqədə iştirak etmək üçün investorlar müasir standartlara cavab verən məhsulların istehsalına nail olmaq məqsədilə investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə investisiya proqramını təqdim etməlidirlər. Təqdim olunacaq investisiya proqramında yeni texnologiyaların tətbiqi ilə ixracyönümlü məhsulların və yerli bazarda tələb olunan məhsulların istehsalının təşkilinə dair təkliflər göstərilməlidir. Həmçinin investisiya proqramında yeni iş yerlərinin açılması və işçilərin sosial təminatına dair təkliflər öz əksini tapmalıdır.
İddiaçılar dövlət büdcəsinə ödəniləcək 1 500 000 manat vəsaitdən və Komitəyə təqdim olunacaq 100 000 ədəd dövlət özəlləşdirmə çekindən az olmamaq şərti ilə müvafiq təkliflər verməlidirlər.
Xarici investorlar təklif edəcəkləri dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidirlər.
Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərini alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini 90 təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini 30 təqvim günü müddətində təklif etdiyi sayda dövlət özəlləşdirmə çeklərini (xarici investor olduqda həm də dövlət özəlləşdirmə opsionlarını) təqdim etməlidir.
Həmçinin investisiya proqramı ilə müəyyən edilmiş investisiyanın ümumi həcminin 5%-ə qədər hissəsini pul vəsaiti şəklində 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflərin qəbulu 01 noyabr 2010-cu il tarixinədək, müsabiqə komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi isə 03 noyabr 2010-cu il tarixindən başlayaraq həyata keçiriləcəkdir. mənbə: sia.az