Bu yaxınlarda 50-ci teatr mövsümünə start verib, özünün yarım əsrlik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Dram Teatrı bayram ərəfəsində – oktyabr ayının 8-də paytaxt tamaşaçıları ilə görüşə gələcək.
Trend-in məlumatına görə, kollektiv Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olaraq həmin gün sözügedən sənət ocağının səhnəsində Nizami Muradoğlunun “Zülmətdə nur” tamaşasını nümayiş etdirəcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100, H.Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş tamaşa görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavid ailəsinin faciəvi taleyindən bəhs edir.
Səhnə əsərində habelə, məşhur Azərbaycan ziyalıları – dövrünün tanınmış şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının repressiya illərində çəkdiyi əzablarla bağlı səhnələr də yer alıb. Zamanın ağır durumuna, məhbus həyatının fiziki və mənəvi işgəncələrinə məruz qalan bu insanlar son ana qədər öz işıqlı ideyalarına sadiq qalırlar.
Teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib:
“Bu tamaşanı hazırlamaqda məqsədimiz Stalin ideologiyasının, erməni məkrinin və M.C.Bağırovun yalnış siyasətinin qurbanına çevrilmiş xalqımızın ziyalı və uzaqgörən nümayəndələrinin repressiya illərindəki həyatını bir daha bu günkü gənc nəslə çatdırmaqdır. Tamaşa Ulu öndər H.Əliyevin Naxçıvanda H.Cavidin məqbərəsi önündə tarixi çıxışının səslənməsi ilə sona yetir və zülmətdə nur kimi parlayanların ruhları səhnədə canlanır.”
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Telman Qəniyev, məsləhətçisi Tağı Sadiqdir.
Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov aktyorlar Habil Xanlarov, Oktay Mehdiyev, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Akif Mirzəyev, Dağlar Rüstəmov və digərləri ifa edirlər.
sumqayitxeber.com-un xəbərlərini “facebook”da izləyin