Sumqayıt Teatrı “Solğun çiçəklər”i solmağa qoymadı

261

Dahi sənətkar özü bu tamaşanı görsəydi, bəyənərdimi?..

 H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr mövsümünü böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru Elşən Zeynallının yeni quruluşunda təqdim edilmişdir. 

 …Son dövrlərin saysız-hesabsız, dəyərli-dəyərsiz müxtəlif macəra film və serialları kino-televiziya ekranlarını büsbütün zəbt edənə qədər dünyanın bir-çox teatrlarının və kinostudiyalarının nəinki aparıcı akytorları, hətta özünün istedadını, yaradıcı potensialını az-çox dəyərincə qiymətləndirən gənc aktyorlar belə zaman-zaman dünya dramaturgiyasının korifeyləri olan V.Şekspirin, V.Hüqonun, B.Brextin, Nazim Hikmətin və digər məşhur dramaturqların pyes qəhrəmanlarının obrazlarını yaratmaq arzusu ilə yaşayıblar. Xüsusilə özlərini Hamlet, Otello, Qaliley və s. rollarda təsəvvür edənlər hər zaman olub.

Respublikamızın teatrlarında həmin rollarla yanaşı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələri Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, Hüseyn Cavidin “İblis”, “Seyx Sənan”, Cəfər Cabbarlının “Aydın”, “Oqtay Eloğlu”, “Od gəlini”, Səməd Vurğunun “Vaqif”, Şıxəli Qurbanovun “Sənsiz” tamaşalarında baş rolları oynamaq istəyənlər, buna nail olanlar və olmayanlar  – uzun illər özlərini o qəhrəman obrazlarda təsəvvür edənlər az olmayıb.

Bəlkə də həmin möhtəşəm əsərlərin “ağırlığından”, siqlətindəndir (bəzən də bu və ya digər teatrda baş rolları oynaya biləcək aktyorların olmamasındandır) ki, teatrlar həmin pyeslərə son dövrlərdə çox az hallarda, gec-gec müraciət edirlər. Bir də ki həmin əsərlərin müasir tamaşaçı üçün uğurlu yozumuna (traktovkasına), yüksək səviyyədə təqdimatına nail ola bilməmək narahatlığı – “qorxusu” da teatr kollektivlərini çox zaman həmin əsərləri repertuara daxil etməkdən ehtiyatlandırır, çəkindirir.

Bu baxımdan çox təqirəlayiqdir ki, C.Cabbarlının “Solğun çiçəklər”ini ilk dəfə ötən əyyamın 70-ci illərində səhnələşdirmiş H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 45  ildən sonra bir ağırlıq qaldıran (“ştanqist) kimi bu “ağırlığı” yenidən qaldırmağa, öz keçmiş “rekordunu” təzələməyə çalışmışdır…

Düzü, yarandığı ilk gündən – 1969-cu ildən tamaşaçısı olduğum, böyük bir sənət məbədi hesab etdiyim doğma Teatrın “Solğun çiçəklər”inə baxmazdan əvvəl mənim bir qədər narahatlığım vardı. Axı, 50 il əvvəlki və bugünkü tamaşaçıların elə 50 il qədər də fərqləri var – dünya da, zövqlər, duyğular, hisslər də dəyişib, hətta məhəbbətin çalarları da başqa rəng, başqa ahəng alıb. Əsl, romantik məhəbbətə baxışlar da, münasibətlər də dəyişib. Düşünürdüm ki, səmimiyyətə inamın azaldığı, hər addımda, hər bir hərəkətdə adamlar arasında şübhə toxumlarının artdığı bir zamanın bugünkü boz-bulanıq aynasından baxan bugünün, XXI əsr azərbaycanlı tamaşaçısının “Solğun çiçəklər”ə münasibəti necə olacaq?

Ancaq tamaşadan bir gün əvvəl pyesi yenidən, təkrar oxuyaraq, C.Cabbarlının 100 il əvvəl qələmə aldığı “pul və məhəbbət” (“məhəbbət və var-dövlət”) mövzusunun, təəssüf ki, elə bu gün üçün də çox aktual olduğunu bütün acıları-ağrıları ilə anladım. Məhəbbətə dönüklük, vaxtilə ölkədə nadir hallarda rast gəlinən boşanmaların, dağılan ailələrin çoxalması, var-dövlət üstündə çəkişmələr (hətta yüksək vəzifə adamları, bəzi təsadüfi deputatlar arasında), qısqanclıq üzündən, xainlikdən, xudpəsəndlikdən tökülən nahaq qanlar buna sübut deyilmi? Buna görə də inanmalı oldum ki, “Solğun çiçəklər” bugünün tamaşaçısı üçün əsla maraqsız olmayacaq. Və həqiqətdə elə də oldu…

Quruluşçu rejissor tamaşanı diqqəti ilk baxışda çəkən və hətta çəkməyən, tamaşaçı ilə “danışan” və susan dekorasiyalardan tutmuş aktyorların hər kiçik hərəkətinə, tərpənişinə, hər jesti-mizanına qədər hər şeyi elə dəqiqliklə “ölçüb-biçmişdi” ki, zaldakılar artıq ilk dəqiqələrdən sanki tamaşaçılqdan bilmərrə çıxaraq, səhnədə baş verən hadisələrin bilavasitə iştirakçılarına çevrilməli olmuşdular.


Tamaşa başlayarkən əsərin qəhrəmanlarının müasir, şən musiqi sədaları altında müasir geyimdə oynamaları – “atılıb-düşmələri” sanki tamaşaçıları bir qədər sonra görəcəkləri acınacaqlı, qüssə doğuran, ürək ağrıdan səhnələrə dözə bilmək üçün psixoloji “peyvənd”, “gözlənilməz” hadisələrə, faciələrə hazırlıq proseduru xarakteri daşıyırdı. Və iri ölçülü, gözəl ornamentli üç “foto-çərçivədən” Sara və Bəhramın şən rəqsini divardakı iri portretlərdə imiş kimi, yerlərində donmuş halda seyr edən tamaşa qəhrəmanlarının – varlı Hacının və onun səhvə yol verərək, vəfalı ömür-gün yoldaşının ölümündən sonra öz malikanəsinə arvadı, ev xanımı kimi gətirib saldığı hiyləgər qadın Gülnisənin və onun özündən geri qalmayan qızı Pərinin foto-çərçivə içindən sakit-məlul baxması ilə rejissor sanki məşhur bir deyimi – “dünya bir pəncərədir, hər gələn baxar gedər” kimi müdrik, fəlsəfi bir fikri bir daha tamaşaçının yadına salır, xüsusi olaraq diqqətinə çatdırır (bu, rejissorun çox gözəl, yerinə düşən mühüm bir “ştrix”idir!).

Elə ilk pərdədə rejissor işinin, əsərə yaradıcı müdaxiləsinin daha bir uğurlu təzahürü kimi C.Cabbarlı tərəfindən obrazının pyesə daxil edilmədiyi, ancaq ölümünün hər an xatırlandığı, unudulmadığı Hacını “dirildərək”, onu səhnəyə rəğbət doğuran bir obraz (“əlavə”, altıncı obraz) kimi çıxarması olduqca təqdirəlayiqdir. Haqqında yalnız qızı Saranın, qardaşı oğlu Bəhramın və ailəyə çox sadiq olan qulluqçu Əbdül kişinin sevərək, zəhərləndirilib öldürülməsinə görə yanğı ilə, “keçmiş zamanda” xatırladıqları, xeyirxahlıqları ilə el-obanın dərin hörmətini qazanmış Hacının (bu sözsüz-danışıqsız rolu tanınmış, təcrübəli aktyor İlqar İbrahimov çox gözəl oynayır), səhnəyə nurani bir görkəmdə gətirilərək, ziyafət zamanı camaat arasında qəfil ölməsi tamaşanın təsir gücünü daha da artırır. Pyesdə olmayan belə bir epizodun tamaşaya çox düzgün olaraq daxil edilməsi rejissor Elşən Zeynallının yeni, maraqlı tapıntısı, çox böyük bir yaradıcılıq uğurudur (deməli, bəzi rejissorların “orijinallıq” xatirinə əsərə etdikləri uğursuz, özünü doğrultmayan əlavələrə, yersiz “abstraktlığa”, səhnə “əllaməliklərinə” yol vermədən də tamaşanı daha uyarlı, dəyərli və təsirli edə bilən variantlar tapmaq mümkündür).

Bəli, 104 il əvvəl 16 yaşlı gənc dramaturq C.Cabbarlı “Vəfalı Səriyyə”dən sonra yazıb başa çatdırdığı “Solğun çiçəklər”də bir personaj kimi Hacının obrazını yaratmayıb, onu bilavasitə əsərə daxil etməyib. Ancaq Hacı daim bütün baş verən hadisələrin arxa planında tam olaraq aydın görünür. Dramaturq digər obrazların – mərhumun qızı Saranın, qardaşı oğlu Bəhramın və qulluqçu Əbdül kişinin onunla bağlı xatirələri, düşüncələri ilə oxucuda, tamaşaçıda Hacının xəyali, müsbət surətini təqdim edə bilib. Düşünmək də olar ki, o nurani, xeyirxah adamın obrazını birbaşa əsərə daxil etməməklə C.Cabbarlı gələcək rejissorlara yaradıcılıq üçün geniş bir diapazon qoyub, meydan, şans verib. Və çox yaxşı ki, gənc quruluşçu rejissor Elşən Zeynallı bu şansdan məharətlə, bacarıqla istifadə edə bilib. Həqiqətən, Hacının öz evindəki böyük bir ziyafətdə iştirakı və qəfil, gözlənilməz ölümü hətta bir qədər soyuqqanlı tamaşaçıda belə şok effekti yaradır.

Böyük dramaturq dünyanın indiki bəzi dahilik iddiasında olan müəllifləri kimi anlaşılmaz ölümün sirrini bilərəkdən “yeddi qapı arxasında”, əsərin “dərinliyində” gizlətməyərək, tamaşaçını intizarda, həyəcanda saxlamayıb. Hacının ağıllı və gözəl, lakin qəlbinin saflığından sadəlövh olan qızı Sara (aktrisa Şəhla Məmmədova) kimdənsə şübhələnməsə də, Bəhram (respublikanın Əməkdar artisti Cəlal Məmmədov) elə ilk gündən əmisinin müəmmalı ölümünün səbəbkarını səhv etmədən müəyyən edə bilir. Zövcəsinin vəfatından sonra Hacıya var-dövlətinə görə ərə gələn (o vaxtlar belələri çox az olsalar da, indi – bügünümüzdə onlar cəmiyyətdə az deyillər və “at oynadırlar”) Gülnisə (respublikanın Əməkdar artisti Sədaqət Nuriyeva) irəlicədən hiyləgər plan quraraq, ərini zəhərləyib öldürdükdən sonra onun banklardakı bütün pullarını, mülklərini-varidatını ələ keçirmək, bu məqsədlə Saranın bütün varlığı ilə sevdiyi əmisi oğlu Bəhramı da öz tərəfinə çəkmək üçün daha bir hiylə qurur və onu Hacının ona çatacaq var-dövlətinə,  ən əsası isə Bəhramı Saradan ayırıb, öz qızı Pəriyə (gənc aktrisa İlahə Səfərova) şirnikdirir.

İlk baxışdan tamaşa adi məişət məsələsinin səhnələşdirilməsi təsiri bağışlasa da, Saranın sevgi uğursuzluğu, məhəbbət  çarpışmaları başlayandan tamaşanın sonunadək, Bəhramın var-dövlət nəşəsindən ayıldıqdan sonra, hətta qulluqçu Əbdül kişinin bütün səhnə boyu çəkdikləri iztirablar, sarsıntılar əsəri adilikdən çıxararaq, onu ədəbi kulminasiya zirvəsinə qaldırır.

Aktyorların hər birinin oyunu o dərəcədə mükəmməldir ki, tamaşaçı özünü unudaraq, səhnədə baş verənlərin axınına düşür və ordan necə çıxacağı onu bəlkə də heç narahat etmir.  İlk səhnələrdə Bəhram və Saranın saf, çılğın məhəbbətinin, sentimental xəyal və düşüncələrinin xoş təsiri altına düşən tamaşaçı çox keçmədən gərgin, həyəcanlı anlar yaşamalı olur. Böyük, ülvi məhəbbətin “orbitindən” çıxaraq, başqa bir “orbitə” keçilməsi anlarını tərəddüdlə yaşayan Bəhrama bunun asanlıqla başa gəlmədiyini istedadlı aktyor Cəlal Məmmədov böyük ustalıqla, daxili çarpıntları ilə çatdıra bilir. Buna görə də onun    “məhəbbət keçidi”nin çətin olduğu az-çox başa düşülsə də, ilk eşqinə, həm də Saranın şəxsində əmisinin xatirəsinə dönüklüyü nifrət doğurur. Aktyor bir məhəbbət “səngərindən” digərinə keçidi məharətlə bacarsa da, belə bir xəyanət bağışlanıla bilən deyil.

Bir müddət əvvəl qəlblərində eyni məhəbbəti yaşatmış, ayrılığı heç cür təsəvvürünə belə gətirməyən iki gəncdən birinin – Saranın sarsıntı və iztirabları Bəhramdan fərqli olaraq daha böyükdür. Bəhram çox sevdiyi əmisi qızına xəyanət edərək, yeni həyata başlasa da, Hacının bütün varidatı əlinə keçib keyf içində yaşasa da, Saranın öz atasını, onun var-dövlətini itirmək azmış kimi, Bəhramı da  – həm doğma əmisi oğlunu, həm də onun şəxsində sevgilisini itirməsi onun dərd və iztirablarını daha da dözülməz edir. O dərəcədə dözülməz ki, tamaşaçılar onu az qala öz əzizi, doğması sanaraq, onunla birlikdə sarsılır, onunla birlikdə kövrəlməli, ağlamalı olurlar (etiraf edim ki, tamaşaya baxarkən və indi bu sətirləri yazarkən mən də bu halı keçirməli olmuşam).

“Ocaq” və “Zülmətdə nur” tamaşalarından daha yaxşı tanıyıb, istedadını yüksək dəyərləndirdiyim gənc aktrisa Şəhla Məmmədova öz qəhrəmanının obrazını elə həssaslıqla, psixoloji telləri tarıma çəkməklə elə bacarıqla yaradır ki, inanmaq olmur ki, o, tamaşadan sonra özünə gələ bilsin. Hər halda tamaşaçı səhnədə Şəhlanı yox, sevən və iztirablar çəkən Saranı görür, onun bəxtsiz taleyinə acıyır, qəlbən onun halına yanır.

Sənətini çox sevdiyim, Şükriyyə (Əhməd Cavadın xanımı) rolunda əllərini öpəcək dərəcədə valeh olduğum istedadlı aktrisa, respublikanın Əməkdar artisti Sədaqət Nuriyeva qəddar, xəyanətkar, hiyləgər Gülnisə arvad (özüm qəsdən “xanım” demirəm, eləsinə “xanım” demək günahdır) rolunu elə nifrət doğuracaq tərzdə oynadı ki, ondan tamam “incidim”. Hətta cəsarət edib dahi dramaturqumuza ürəyimdə irad tutdum ki, o rola niyə Gülnisə adı verib? (Qoy o böyük ustadın ruhu məni bağışlasın). Gərək onun adını xarakterinə daha uyğun olan, “şər”lə başlayan Şərəbanı qoyaydı. Ancaq bütün hallarda aydındır ki, əgər mənfi rolu oynayan aktyor tamaşaçı nifrətini qazana bilibsə, deməli, zəhməti hədər getməyib, rolun öhdəsindən bacarıqla gəlib. Odur ki, bu rol nə qədər xoşagələn olmasa da, Sədaqət xanımın növbəti uğuru sayılmalıdır.

Gülnisənin qızı Pəri rolunu oynayan digər gənc aktrisa – İlahə Səfərova da tamaşanın uğurlu alınması üçün istedadını maksimum səfərbər etməyi bacarıb. Anasının hiyləsinə, fitvasına uyub, bacılığının səadətini, sevincini əlindən alan Pərinin son ana kimi öz günahını başa düşmək istəməməsini, Saraya açıq-açığına xəyanət etməsini gənc aktrisa inandırıcı oynayır və bununla da tamaşaçıda o qədər qəzəb və hiddət doğurur ki, hətta Bəhram son məqamda öz bağışlanmaz səhvini başa düşərək, onu boğanda tamaşa zalında “öldür onu, öldür o zalım qızını!” sədaları eşidilir. Bu isə, əlbəttə, bir aktrisa kimi İlahənin uğurudur və onu sevindirməyə bilməz.

Tamaşada Hacının sədaqətli qulluqçusu olan Əbdül kişinin rolunu canlandıran Əməkdar artist İzaməddin Bağırov haqqında fikrimi xüsusi olaraq, ayrıca bildirmək istərdim. Onun oynadığı tamaşaları, rollarını bütünlüklə olmasa da, əksəriyyətini görmüşəm. Və inamla deyərdim ki, Əbdül kişinin rolu təcrübəli aktyor İzaməddin müəllimin ən mükəmməl, ən gözəl rollarından biri, bəlkə də başlıcasıdır. Doğrudur, o, bir qulluqçu kimi tamaşada əsas fiqur olmasa da, İzaməddin Bağırov öz yüksək istedadı və bacarığı ilə o qayğıkeş, qəlbi kövrək adamı nəinki tamaşaçılara sevdirməyə nail olub, hətta onu əsərin baş qəhrəmanı səviyyəsinə qaldıra bilib. Saranın əzab və iztirablar çəkdiyi son günlərdə xəyanət qurbanı olan o xəstə, əlacsız, köməksiz olan qıza Əbdül kişinin göstərdiyi qayğı və nəvaziş, onu öz doğma balası kimi qucağına alıb, göz yaşlarını saxlaya bilməyərək, çarpayıya qoyması və digər səhnələr o qədər təsirlidir ki, tamaşaçıların da bir çoxu elə Əbdül kişinin məhzun, kədərli görkəminə baxaraq kövrəlirdilər.

Tamaşanın sonunda xətrini çox istədiyi, müalicəsi üçün Gülnisə, Bəhram və Pəridən pul ala bilmədiyi Saranın dünyadan heç bir kam almadan köçməsinə – əzablı ölümünə dözməyib, Əbdül kişinin kəndir götürərək, özünü asmaq üçün evin damına qalxmasına da sarsıntı keçirmədən, kövrəlmədən baxmaq olmur.

Qeyd etmək lazımdır ki, sonrakı günlərdə tamaşanı Elay Xasiyev, Aynur Hümmətova, Sevda Hüseynova, Mətanət Əmirullayeva, Məryəm Hüseynova və Dağlar Rüstəmovdan ibarət digər aktyor heyəti də çox gözəl oynamışdır.

Diqqətəlayiqdir ki, quruluşçu rejissorla sıx yaradıcılıq şəraitində çalışmış rəssamlar Elşən Sərxanoğlu və Şahin Hüseynlinin səhnə tərtibatı işləri də, onların eskizləri əsasında texniki əməkdaşların ərsəyə gətirdikləri dekorasiyalar, xüsusilə də Hacının ikimərtəbəli mülkünün fasad və arxa tərəfinin zəngin, baxımlı şəkildə, milli memarlıq üslubunda  işlənməsi də nəzəri xüsusi olaraq cəlb edir. Böyük uğurla keçən tamaşanın Musiqi tərtibatçısı isə İradə Muradovadır.

Bəli, tamaşa bütövlükdə çox maraqlı alınıb. Bu, başda Teatrın direktoru Mübariz Həmidov və baş rejissor Firudin Məhərrəmov olmaqla bütün yaradıcı və texniki heyətin böyük uğurudur.


Bəs, görəsən, Cəfər Cabbarlının özü bu tamaşanı görsəydi, bəyənərdimi?

Çox güman ki, bəyənərdi!..

 Rəhman ORXAN, Respublikanın Əməkdar jurnalisti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər