Sumqayıt teatrı sosial şəbəkələrlə işləyir REPORTAJ

682

Ən gənc aktyoru 35 yaşında olan teatr 

Redaksiyanın maşını ilə Sumqayıt İcra Hakimiyyətinin qarşısına çatdıq. Direktor nişan vermişdi ki, İcra Hakimiyyəti ilə üzbəüz Sumqayıt Teatrının binasıdır. Üzbəüz binanı da tapdıq. Abadlaşdırılan İcra Hakimiyyəti binasının qarşısında teatrın binası bir az geri çəkilmiş kimi, büzüşmüş kimi görünür. İcra Hakimiyyətinin qarşısına döşənən şahmat formalı daş döşəmə teatrın qarşısına qədər gedib çıxır, amma bu döşəmə təmirdən təzəcə çıxmış məğrur-məğrur duran binaya yaraşdığı qədər köhnə paltarından utanan adam təsiri bağışlayan Sumqayıt Musiqili Dram Teatrının binasına yaraşıq vermir. Bəlkə də əksinə, teatr binası elə bil girişinə qədər uzanıb gələn o daş döşəmədən bir az utanıb sıxılır, özünü imkanlı ailədə yerində hiss etməyən kasıb qonaq kimi hiss edir.

Yeni layihəyə başlayırıq. Əyalət teatrlarından danışan “Uzaq, yaşıl ada” layihəsinə. Niyə “Uzaq, yaşıl ada”? Çünki əyalət teatrları paytaxtdan uzaq, amma yaradıcılıqla məşğul olduğundan həmişə yaz təravətli, yaşıl olan yeganə məkandır. Sumqayıt teatrından başladıq – paytaxtın burnunun ucunda olan əyalət teatrından.

Bu həmin teatrdır ki, Sumqayıtın yaranması ilə bir tarixə sahibdir. Ordan paytaxt teatrına neçə-neçə sənətkarlar gəlib. Bu da əyalət teatrının taleyidir. Yetişdirdiyi sənətkarlar nadir hallarda özünə qismət olar. Yetişən kimi perspektivli məkanlara üz tutarlar. Onu yetirən ocaq da arxasınca baxıb, ümid edər ki, hardasa bir dəfə deyəcək ki, mən filan teatrın səhnəsində yetişmişəm. Sumqayıt teatrı bu münvalla Azərbaycan kino və teatr mədəniyyətinə Afaq Bəşirqızını, Kazım Abdullayevi, Valeh Kərimovu, İradə Ağasiyevanı, Sabir Məmmədovu, Hüsniyyə Mürvətovanı, bizim xatırlayıb-xatırlamadığımız bir çox sənətkarları bəxş edib.

“Burdan gedib baş teatrın səhnəsində nizə tuturlar” 

Təzəcə daş döşəmə qurtaran kimi “nimdaş paltarlı” Sumqayıt teatrı başlayır. Əsas qapı da elə üzbəüzdəki təmirə görə işləmir, bağlıdır, sağdan, yan qapıdan binaya daxil olursan. Qapının ağzında siqaret çəkən tanış simalardan əvvəlcə direktorun yerini soruşduq, bir az təəccüb dolu baxışlarla kabineti tuş verdilər. Zahirən təmiz, baxımlı, əslində SSRİ-nın idarə binalarını xatırladan teatr binasının elə birinci mərtəbəsində direktorun kabineti yerləşir.

Mehman Şükürov bizi gülər üzlə, nəzakətlə qarşılayır. Cəmi bir saat sonra teatrın yeni tamaşasının daxili baxışı olacaq. Bu bir saat ərzində həm binanı gəzməli, həm də istədiyimiz insanlarla söhbət etməliyik. Odur ki, fürsəti fovtə vermədən direktorla söhbətə başladıq. Yaradıcı insanlarla, teatrı gəzə-gəzə də həmsöhbət ola bilərik.

-Mehman müəllim, təmir növbəsi deyəsən sizə də yaxınlaşır. 

-Hə-dedi. -Ümid edirik ki, yaxınlaşdıqca uzaqlaşmaz, bizə də qismət olar. Bir-iki ilə söz veriblər.

Mehman Şükürov Əməkdar Mədəniyyət İşçisidir. İncəsənət Universitetini 90-cı ildə bitirib. Sumqayıt Mədəniyyət Sarayının direktoru olub, 1997-ci ildən elə həmin sarayın özülü üzərində yaradılmış Sumqayıt Musiqili Dram Teatrının direktorudur:

-Sumqayıt teatrı paytaxtdan çox uzaq olmasa da əyalət teatrı hesab olunur. Özü də əsasən baş teatr üçün baza rolunu oynayırıq. Yetişdirdiyimiz aktyorlar paytaxt teatrlarına, dublyaja işləməyə gedirlər. İndi də seriallara çəkilirlər. Rejissorumuz da Milli Dram Teatrına, dövlət televiziyasına tamaşa hazırlamaq üçün dəvət olunur. Biz də həm digər teatrlardan, həm də xarici ölkələrdən rejissorlar dəvət edirik. Məsələn, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov bizdə tamaşalar hazırlayıblar. Bu mövsümdə Belarusdan bir rejissor bizim teatrda tamaşa qoyub. Bəhram Osmanov yenə sentyabrda “Yusif və Züleyxan”ı hazırlayacaq.
Bu yaxınlarda Türkmənistanda beynəlxalq festivalda olmuşuq. Yenə Hindistana və Ukraynaya dəvətlərimiz var, inşallah, gedəcəyik. Yəni indi artıq xaricə çıxmaq, xarici ölkə teatrları ilə mübadilə etmək rahatlaşıb. Biz onlardan, onlar bizdən öyrənməliyik.

-Bunlar hər bir teatr direktorunun müsahibə üçün əzbərlədiyi qaydadır, ismin tərifi kimi-eyni, sadə cümlələr. Problemlərdən niyə danışmırsınız? Yoxsa problem yoxdur? 

“Demirəm hər şey yüksək səviyyədədir, yox, problemlərimiz də var, amma il ildən yaxşı gəlir. Vaxt var idi ki, kassadan bir bilet alınmırdı, indi tamaşaçı özü gəlib bilet alır və tamaşaya baxır. Bu işdə sosial şəbəkələr də köməyimizə çatır, gənclər orda elanlarımızı oxuyub tamaşalarımıza gəlirlər. Planlaşdırmışıq ki, şənbə və bazar günləri yalnız sosial şəbəkələrlə işləyək, qalan günləri təşkilatlarla. Sosial şəbəkələrdən gələn tamaşaçılar özləri gəlib kassadan bilet alırlar, bu, çox yaxşı haldır. Tamaşaların siyahısını onların müzakirəsinə veririk, hansı tamaşaya istəyirlərsə, özləri seçib gəlirlər. Əvvəl onlara daha çox komediya təqdim edirdik, sonra gördük ki, yox, tələbatları daha ciddi janrlaradır.

Elə bir dövrdən keçdik ki, teatrlar tamaşaçılarını itirdi, indi sular durulub, teatr tamaşaçısını qaytarmalıdır. Bu yönümdə işimizi qururuq. Şou teatrı üstələmişdi, indi qayıdışdır, indi tamaşaçı şoudan bezdi, anladı ki, bundan mənəvi qida ala bilmir, o halda teatra üz tutmağa başladı. Sumqayıt əhalisinin hamısı teatral da ola bilməz, dörddə biri bizim tamaşaçı olsa, bəsimizdir.

Bu gün gənc kadrlar sarıdan problemimiz var. Bilmirəm səbəb nədədir, amma gənclər gəlmirlər. İki gənc aktyor və aktrisaya böyük ehtiyacımız var. Qərara almışıq ki, teatrın nəzdində studiya yaradıb öz kadrlarımızı özümüz yetişdirək. Bir məsələ də var, ən ciddi problem odur ki, biz yetişdirəcəyik, o da əlimizdən çıxıb bəhrəsini paytaxt teatrlarına verəcək. Bax, bunun qarşısını almaq mümkünsüz olub. Gənc aktyor perspektiv, gəlir haradadırsa, təbii olaraq ora üz tutacaq. Necə ki, indiyə qədər olub, ən yaxşı aktyorlarımız pərvaz edən kimi əlimizdən uçub gediblər. Düzdür, hamısı da gedən kimi ulduz olmur, eləsi var ki, burda oynadığı baş rolları əldən verib gedib paytaxt teatrında səhnədə nizə tutur. Hamı Afaq Bəşirqızı ola bilməz ki. Yeri gəlmişkən, o da bizdən gedib. Valeh Kərimov ağıllı hərəkət etdi, getmədi, həm Xalq artistidir, təqaüd alır, yaxşı obrazlar oynayır, getsəydi, itib-bata bilərdi. Əli Nur burdan gedib. Hanı Əli Nur? Yoxdu, görünmür.

Yeddi premyeramız olmalı idi, artıq beşini təhvil vermişik. Uşaq tamaşalarımız anşlaqla keçir. Uşaqlarla bağlı problemimiz yoxdur, böyükləri teatra gətirmək problemdir. M.F. Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası anşlaqla keçdi, o cümlədən Elçinin “Qatil”i yaxşı baxılan tamaşalarımızdandır.”

Məzuniyyət ərəfəsində Namiq Şirməmmədovun hazırladığı “Köhnə ev” (Əli Əmirli) tamaşasının daxili baxışıdr. İştirak edən aktyorlarla söhbət etmək imkanımız var, amma nədənsə məni artıq təqaüdə göndərilən, yaxud göndəriləcək aktyorlar maraqlandırır. Teatrın baş rejissoru ilə söhbət əsnasında həm də teatrı gəzib dolanırıq.

“Teatrın əsas problemi gənc aktyor və aktrisadır

Baş rejissor Firudin Məhərrəmov 1986-cı ildən Sumqayıt teatrında işləyir. Yəni hələ teatr statusu almamışdan. Dövlət televiziyasında da əməkdaşlıq edir. Bu imzanı “Yanmış körpülər” seriyalının senarisindən, “Şans” televiziya filmindən tanıyırıq.

“Teatra münasibətdə əyalətçiliyi qəbul etmirəm. Əyalət deyilən yerdə ilk növbədə tamaşaçı problemi var. Quruluşçu rejissor kimi boynuma düşən işi vicdanla yerinə yetirsəm həm də baş rejissor funksiyasını yerinə yetirmiş oluram. 23 ildə 150-dən artıq tamaşa qoymuşam. Teatrımızın problemi gənc kadrlardır. Ən gənc aktrisamızın yaşı 35-i keçib. Tamaşa hazırlayırsan əsas rolu oynamağa gənc aktyor, aktrisa tapmırsan. Gedib Mədəniyyət və İncəsənət Universitetində söhbətlər də aparmışıq, Sumqayıtlı gəncləri dəvət etmişik, xeyri yoxdur. Deyirlər bizə Bakıda qalmaq, işləmək sərf edir. Hardasa haqqları da var. Dörd il ona təhsil verən ocaq gərək onu təyinatla göndərə ehtiyac olan teatrlara. Göndərmirlər hamısı qalır Bakıda. Əsas problem budur və həmişəki kimi tamaşaçı problemi. Cəlb edirsən gəlir baxır, özünü qınayır ki, niyə indiyə qədər gəlməmişəm, gedir sonra yenə gəlmir, məişət başını qatır. Hər halda biz teatra tamaşaçını cəlb etmək üçün əlimizdən gələni edirik. Yerli telekanal burdan bura bizim tamaşaları reklam eləmir, pul istəyir. Sumqayıt kanalı Nuh əyyamından qalan tamaşaları verir, burdan-bura yeni tamaşaları çəkib göstərmir. Onun istədiyi pulu teatr verə bilmir, imkanı yoxdur. Teatrımızın təmiri yoxdur, tamaşaçı teatra girəndə özünü cazibəli bir aləmdə hiss etməlidir. Divarları sökük, köhnə, cansıxıcı bina adamı çəkə bilməz, istəyirsən orda şedevr yarat, gələn olmayacaq. Aktyorlar bu istidə qızğın məşqlərdən çıxırlar, elə tərin içində paltarlarını dəyişib küçəyə çıxırlar. Elə olmaz axı, bunun otağı, duş kabinəsi olmalıdır ki, məşqdən çıxıb yuyunub geyinsin. Yayda istidən, qışda soyuqdan bu divarlar arasında oturmaq olmur.”

“Şoğərib qəlbim qocalmır” 

Firudin müəllimlə söhbətimizin bu yerində təqaüddə olan aktrisa Svetlana Həkimovanın gəldiyini bizə xəbər verirlər.

Svetlana Həkimova Xalq artistidir, yaşı 70-i keçib. 1968-ci ildən bu teatrda işləyir. Bu il təqaüdə göndərilib. Ona qətiyyən o yaşı vermək olmur, incə, gənc xanıma oxşayır. Deyir qəlbim heç özünü öz yaşında hiss etmir, yaşlaşmır. Boş otura bilmir, bir ayağı teatrdadır, üstəlik əsər tərcümə etməklə məşğuldur. Deyir biri var əlimdə, tərcümə edib verəcəm Firudinə, tamaşaya qoysun, mən də oynayım. Bu yaxınlarda teatr kollektivi Türkmənistanda qastrolda olanda Sveta xanımı da aparıblar, köhnə rolunu oynayıb. onların təqaüdə göndərilməsi çox böyük haqsızlıqdır, məgər tamaşalarda yaşlı rolları yoxdur? Sənətkar ömrünü səhnədə başa vurmalıdır: “Göndəriblər təqaüdə, çox darıxıram, amma nə qədər çalışıramsa, şoğərib qəlbim qocalmır ki, özümü olduğum yaşda hiss edim”. 65 yaşdan yuxarı olanların təqaüdə göndərilməsi qərarı müsbət nəticə vermir, xüsusən teatrlarda.

“Hələ Şekspiri oynamamışam”

Məzahir Süleymanov da Xalq artistidir, yaşı hələ 70 olmayıb, odur ki, səhnədədir. Özü Zərdab rayonundandır, İncəsənət İnstitutunu bitirən kimi Sumqayıt teatrında işə başlayıb, 40 ildir burda işləyir: “Bura işə götürülən gündən o qədər işim çox olub, rollarım bol olub ki, başımı qaldırıb düşünməyə vaxtım olmayıb ki, bəlkə başqa teatra gedim? Mənə belə gəlir ki, hələ daha çox iş görə bilərdim. Özümü istədiyim kimi təsdiq edə bilmədim. Hələ indiyə kimi bu teatrda Şekspir əsərləri oynanılmayıb, mən də oynamamışam. Kinolara çəkilə bilməmişəm. Bircə “Yük” filmində general Şubinski roluna çəkilmişəm. Bir də televiziyada “Yanmış körpülər” serialında bir obrazım olub. Peşman deyiləm ki, burda işləmişəm, burda olmağımdan elə itirdiyim bir şey yoxdur. Həyatdır də, çətinliklər, keşməkeşlər çox olub. 60 yaşımdan sonra hər şey yoluna düşməyə başladı. Ailə sarıdan çətinliklərim oldu, ikinci dəfə ailə qurmalı oldum. Hər iki kəbindən dörd övladım var. Sənətdə də yolum hamar olmayıb. Teatrın bu günkü vəziyyəti məni narahat eləyir. Mən özüm üçün demirəm, pis-yaxşı, finişə çatmışam. Gələcək nəsilləri düşünürəm, onlar üçün perspektiv yoxdur. Elə şeylər var ki, onları heç demək də lazım deyil, bir şeyin ki, düzəlməsi mümkün deyil, onu deməyin nə mənası var? İşləyirik də, görək nə olur.”

Sonuncu söhbətləşdiyim Məzahir müəllim oldu. Çox sönük, ümidsiz danışırdı. Elə bil ruh düşkünlüyünə qapılıb, sabaha ümidi yoxdur, əlacsız işləyir. Bax, bunu hiss ediban əyalət teatrının aktyorunun, hətta prezident təqaüdçüsü, xalq artisti olan aktyorun taleyinə biganə qalmamaq olmur. Budur əyalət teatrının və aktyorunun qisməti.

Son sözünə diqqət yetirin: “Düzdür, ruh düşkünlüyüm var, 40 ildir bu teatrdayam, bura mənim evimdir. Gənc olanda adam kəllə-kəlləyə gəlir, mübarizə aparır, yaş o yaşdır mübarizənin də xeyri olmadığını görürsən, çox şeyi açıb demək də olmur, qalırsan qırıla-qırıla.”

Teatr ayın 14-ü artıq məzuniyyətə gedir, sentyabrın 20-dən yeni mövsüm başlayacaq. Uğurlar olsun!

Teatrdan çıxıb Sumqayıtın heç dəyişməyən, sadəcə, təzə tikililəri ilə insanı cəlb edən küçələrindən keçib Bakıya üz tuturam, fikrimdən Çexovun “Vanya dayı” əsəri və onun əsasında Rüstəm İbrahimbəyovun İbrus teatrında hazırladığı “On i ona”, yəni “Kişi və qadın” tamaşası düşür. Tamaşa başa çatır, aktyorlar baş əymək üçün səhnəyə çıxıblar, amma tamaşaçı düşdüyü sehrdən hələ çıxmayıb, ani sükut və alqış sədaları eşidilir. Tamaşada söhbət əyalət ziyalısının- aktyorunun taleyindən gedirdi.

Növbəti “Uzaq, yaşıl ada” Gəncə teatrıdır.

Ramilə QURBANLI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər