Sumqayıt telekommunikasiya şəbəkəsində innovasiya texnologiyaları tətbiq olunur

870

Sumqayıt Telekommunikasiya Şəbəkəsi müasir NGN sisteminə keçir. Şəhər telekommunikasiya şəbəkəsinin rəisi Akif Əsgərovun sözlərinə görə, texnologiyanın tətbiqi sayəsində abonentlər üçün xidmətlər sahəsi xeyli genişlənəcək və modernləşəcəkdir. Ayın əvvəlindən şəhərdə NGN müasir telekommunikasiya sistemi qurulur. Artıq 642, 645, 648 və 649 nömrəli ATS-lərin abonentləri yeni sistemə qoşulmuşlar. Şəhərdə yeddi ATS fəaliyyət göstərir. Mütəxəssislər sistemin tətbiqini aprelin 15-dək başa çatdırmaq niyyətindədirlər. Bununla da şəhərin bütün telekommunikasiya şəbəkəsi elektron rabitə sistemi ilə işləyəcəkdir.
A.Əsgərov bildirmişdir ki, yeni texnologiyanın tətbiqindən sonra NGN-in tutumu 55980 nömrə olacaqdır. Odur ki, abonentlər “Nöqtə-nöqtə” multimedia birləşməsi vasitəsilə ani məlumat mübadiləsi imkanı əldə edəcəklər. Telekommunikasiya şəbəkəsi rəhbərinin sözlərinə görə, yeni sistemin istifadəçiləri videorabitə və faylların ötürülməsi xidmətlərindən də istifadə edə biləcəklər. Multimedia videokonfransı isə elektron poçtun köməyi ilə konfransı qeydiyyata almağa, təşkil etməyə və onu nəzarətdə saxlamağa imkan verəcəkdir.
NGN istifadəçiləri adi telefon rabitəsi bazasında virtual lokal şəbəkə yaratmaq imkanı əldə edəcək, səs poçtundan, ailə menecmentindən və digər xidmətlərin imkanlarından yararlanacaqlar.
NGN-ə keçməzdən əvvəl Sumqayıtın telekommunikasiya xidmətinin yalnız 46 faizi elektron sistem formatında işləyirdi. Yeni şəbəkə isə tam elektron iş sistemində fəaliyyət göstərəcəkdir.
Şəhər telekommunikasiya şəbəkəsində yeni innovasiya texnologiyalarının tətbiqi ilə yanaşı, onun maddi-texniki bazasının yenidən qurulması və möhkəmlənməsi istiqamətində də işlər aparılır. 642 nömrəli ATS-in binasının fasadına müasir üslubda üzlük çəkilmişdir. Şəbəkənin inzibati binası qarşısında gözəl bağ salınmışdır.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər