Sumqayıtda fəaliyyət göstərən “Dünya” Müstəqil Televiziya və Radio Şirkəti (DTV) aprelin 10-da regional telekanallar arasında ilk dəfə olaraq rəqəmsal yayıma keçib.
Rəqəmsal yayımın açılışında şəhər icra hakimiyyətinin rəhbərliyi, Milli Televiziya və Radio Şurasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) nümayəndələri və başqaları iştirak ediblər.
“Dünya” TV–nin prezidenti Ramiz Hüseynov bildirib ki, 1999-cu ilin noyabrından fəaliyyət göstərən kanalın rəqəmsal yayıma keçidi keyfiyyət və kəmiyyət baxımından böyük texniki imkanlar yaradacaq, o cümlədən efir görüntüləri daha təkmil olacaq. Həmçinin yeni xidmətlər sırasında reklam və ticarət, nəqliyyatın hərəkət cədvəli və s. bu kimi informasiyaların yayımı reallaşacaq.
Vurğulanıb ki, rəqəmsal yayıma keçid nəticəsində tamaşaçılar arzuladıqları proqramları sifariş edə biləcəklər.
AzərTAc