ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi fəhlə kadrların hazırlanması ilə yanaşı neft-kimya sənayesində çalışan işçilərin bilik və bacarıqlarının o cümlədən, peşə vərdişlərinin yüksəldilməsi istiqamətində kurslar təşkil edir.
Mövqe.az-ın məlumatına görə, hazırda bu Mərkəzdə neft-kimya sahəsində çalışan işçilər üçün “Qaz kəsici”, “Kompressor qurğu maşinisti”, “NÖC və A” çilingər peşələri üzrə ixtisasartırma, “Rəngsaz”, “Suvaqçı” peşələri üzrə 2-ci peşəyə yiyələnmə, “Elektrik montyoru” və ”Nasos qurğu maşinisti” peşələri üzrə yenidən hazırlanma kurslarının tədrisi uğurla həyata keçirilir. “Azərikimya” İB-nin mühəndis texniki işçilərinin ingilis dilində sərbəst danışmaları, materialları tərcümə etmələri və yeni avadanlıqların texniki xarakteristikasını mənimsəmələri məqsədi ilə “İngilis dili” kursları da təşkil olunub. Dərslərdə müasir səsləndirmə vasitələrindən, proyektor və slaydlardan istifadə olunur. İngilis dilinin tədrisi dinləyicilərin bilik səviyyəsindən asılı olaraq başlanğıc, orta və yüksək olmaqla üç mərhələdə peşəkar mütəxəssislər tərəfindən keçirilir.
Sumqayıt Təlim, Tədris Mərkəzinin fəaliyyət dairəsinin genişləndirilməsi məqsədi ilə Sumqayıt şəhərinin iri sənaye müəssisələri ilə işgüzar əlaqələr yaradılır və gələcəkdə həmin müəssisələr üçün yeni fəhlə kadrlarının hazırlanması, eləcə də müxtəlif peşələr üzrə kurslarının təşkil olunması istiqamətində məqsədyönlü iş aparılır.
Leyla Rüstəmova