Sumqayıt tərəqqi və inkişaf nümunəsidir

5379

İqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.

Davamlı və sabit inkişaf nəticəsində təkcə paytaxtın deyil, respublikanın bütün şəhər və rayonlarının inkişafına verilən dəstək regionların həyatında keyfiyyətcə yeni mərhələ açmışdır. Regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığa geniş meydan verilməsi, yaşanan tərəqqinin bütün regionlar üzrə proporsional qaydada paylanması, ölkə vətəndaşlarının həyatında öz əksini tapması nəticə etibarı ilə respublikamızı daha qüdrətli dövlətə çevirmişdir. Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus iştirakı olan şəhərlərdən biri də Sumqayıtdır.
Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən yığıncağında bildirimişdir ki, bu ilin 6 ayının sosial-iqtisadi göstəriciləri uğurlu olmuş, ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılmış, qarşıda duran bütün vəzifələr icra edilmiş, makro-iqtisadi sabitlik, iqtisadi artım qorunub saxlanılmış, əhalinin ümumi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.
Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını da davamlı olaraq genişləndirir. Sözün həqiqi mənasında, xarüqələr diyarına çevrilən və əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçrilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt sürətli inkişafın əsas ünvanlarından biridir. Sumqayıtın sabaha hesablanan inkişaf prosesləri dolğun proqram əsasında aparılır. Sumqayıtda fəaliyyətə başlayan müəssisələrin açılışında ölkə rəhbərinin şəxsən iştirak etməsi isə şəhərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Uğurlarını artıran şəhər

Bu və digər inkişaf perspektivləri Sumqayıtı ölkəmizin aparıcı şəhərlərindən birinə çevirmişdir. Bunu Sumqayıtın 2018-ci ilin altı ayındakı sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair şura iclasında nəzərdən keçirilən məsələlər də təsdiqlədi.
Yığıncaqda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəmizdə ötən dövrdə həyata keçirilən layihələrdən, aparılan davamlı və sabit iqtisadi siyasətdən söz açdı. Qeyd etdi ki, ilin əvvəlindən bəri iqtisadi sahədə önəmli addımlar atılıb. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub, itkilər minimuma endirilib, ölkəmiz bu maliyyə burulğanından yüksək iqtisadi göstəriciləri ilə çıxıb. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlar əhalinin sosial vəziyyətinin yaxşılaşmasında müstəsna rol oynayıb. Görülən tədbirlər imkan verib ki, ölkəmiz qeyri-neft sektorunun hesabına inkişaf etsin.
Z.Fərəcov bildirdi ki, bütün uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin çevik diplomatik siyasətinin, Azərbaycan xalqının öz dövlətinə və rəhbərinə sədaqətinin məntiqi nəticəsidir. Ölkə rəhbərinin tapşırığı və yaxından köməyi sayəsində son iki ildə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurlu icrası Sumqayıt şəhərinin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, davamlı sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2018-ci ilin ötən dövrü ərzində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

İqtisadi inkişaf perspektivləri gələcəyə hesablanıb

Hesabat məruzəsində bildirildi ki, qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq, altı ayda şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artaraq 933 milyon manat olub.
Sənaye müəssisələrində 705 milyon manatlıq məhsul istehsal edillb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz təşkil edir. Ölkə rəhbərliyi tərəfindən atılan uğurlu addımlar nəticəsində sənayenin ayrı-ayrı sahələrində müşahidə olunan artım dinamikası nikbinlik yaradır. Metallurgiyada 19 dəfə, kimya sənaye məhsulları üzrə 118, yüngül sənaye 115, yeyinti sənayesi 111, tikinti materialları 122, energetika 153, digər sahələr üzrə 105 faiz artım əldə edilmişdir.
Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin yaradılmasının davam etdirilməsi yaxın gələcəkdə şəhərin sosial-iqtisadi göstəricilərinin daha da artmasına zəmin yaradır. Bu gün ölkə iqtisadiyyatında xüsusi rola və çəkiyə malik olan Sumqayıt Kimya Sənaye Parkında sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli peşə tədris mərkəzinin inşası ilə bərabər; Kanada və Avstriya texnologiyası əsasında istehsal gücü 180,0 min ton polipropilen və 120,0 min ton yüksək sıxlıqlı polietilen istehsalı zavodlarının; illik gücü 650,0 min ton olan azot gübrəsi istehsal edəcək “Karbomid” zavodunun; “AzərFloat” QSC-si tərəfindən Almaniya texnologiyası əsasında ildə 8,0 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı müəssisəsinin inşası davam etdirilir. “Azərbaycan Fibro Sement” MMC tərəfindən Avstriya texnologiyası əsasında ildə 6,0 milyon kubmetr həcmində fibro sement lövhələr istehsalı müəssisəsinin, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu Cənubi-Koreya texnologiyası əsasında ildə 20,0 min ton ferrosilisium və 36,0 min ton ferrosilikomanqan istehsalı müəssisəsinin;”SİKA” MMC tərəfindən İsveçrə və Türkiyə texnologiyaları əsasında ildə 5,0 min ton tikinti qatqısı istehsalı müəssisəsinin, “Tabaterra” MMC-nin il ərzində 7 milyard ədəd siqaret istehsal edəcək tütün fabrikinin, “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal edəcək yun əyirici-boyaq fabriklərinin tikintisi aparılır.
Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 7-yə çatmışdır. İlin sonuna qədər istehsal prosesinə başlayacaq daha 7 müəssisədə 2 mindən çox yeni iş yeri açılacaq. Rezidentlər tərəfindən parka 2,7 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulur. Hazırda burada istehsalat və tikintidə 8 minədək işçi çalışır. 17 rezidenti olan parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər aparılır.
Ölkədə çoxşaxəli və ardıcıl islahatların davam etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə sahibkarlara dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hesabat dövründə şəhərdə 3 layihə üzrə 4 milyon 195 min manat məbləğində güzəştli kredit ayrılmışdır.
Ötən 6 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 80 milyon manat olmuşdur. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 14,3 faiz və ya 10 milyon manat çoxdur.
Əvvəllər şəhərin iqtisadi həyatında mühüm rol oynamış, sonradan isə fəaliyyətini dayandırmış iri sənaye müəssisələrinin işinin yenidən qurulması istiqamətində atılan uğurlu addımlar nəticəsində “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan olunmuşdur. Müsabiqənin qalibi olan “Polad Texno” MMC ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, qalib şirkət dövlət büdcəsinə 8,0 milyon manat məbləğində vəsaitin köçürülməsini, ümumi həcmi 64,0 milyon manat təşkil edən investisiya proqramının icrasını, müəssisənin Dövlət Sosial Müdafiə Fonduna olan 2,2 milyon manat borcunun, habelə 260,5 min manat əməkhaqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.
İnvestisiya proqramına əsasən, müəssisədə sulfat turşusu və superfosfat istehsalı ilə yanaşı, ölkədə ilk dəfə olaraq salfet məhsullarının istehsalı üçün tələb olunan irihəcmli rulon şəklində kağız yarımfabrikatlarının, həmçinin kağız-salfet məmulatlarının istehsalı nəzərdə tutulur.
Ölkəmizdə sosial-iqtisadi proqramların, o cümlədən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının uğurla həyata keçirilməsi sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi və sair tədbirlər öz nəticələrini göstərməkdədir.

İnsan kapitalının qorunması istiqamətində görülən işlər ürəkaçandır

Hesabat məruzəsində bildirildi ki, əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Zəruri ərzaq məhsullarının təchizatında heç bir problem yaranmamışdır. Əhalini ucuz kənd təsərrüfatı məhsulları ilə təmin etmək və süni qiymət artımının qarşısının alınması məqsədilə şənbə, bazar günləri və bayram günlərində yarmarkalar təşkil olunmuşdur. Yarmarkalarda qiymətlər şəhər rəhbərliyinin göstərişinə əsasən ciddi nəzarətə götürülmüşdür.
Sosial-iqtisadi inkişafın artım tempi, əlverişli işgüzar mühitin formalaşması nəticəsində sahibkarlığın inkişaf etdirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, tikinti, xidmət sektorlarının genişləndirilməsi istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə imkan vermişdir.
Əhalinin normal həyat şəraitinin təmin edilməsi, təbii ki, düzgün məşğulluq siyasəti aparılmadan mümkün deyil. Məşğulluq mərkəzi tərəfindən hesabat dövründə 3509 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Ölkə rəhbərinin tapşırığına əsasən, Sumqayıt şəhərində 1590 ictimai iş yeri açılıb. Məhz şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 2095 nəfər işlə təmin edilib, 36 nəfərə işsizlik müavinəti təyin edilib.

Qaçqınların problemləri həllini tapır

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr də ölkəmizdə sosial sahənin inkişafına mühüm töhfələr verməkdədir. Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisi davam etdirilir. Eyni zamanda, şəhər yaxınlığında məcburi köçkünlərin yerləşdirilməsi üçün 50 hektar ərazidə yaşayış binalarının tikintisinə başlanılmışdır. İlin sonuna kimi bu binalara təxminən 1000 ailənin köçürülməsi nəzərdə tutulub. Şəhərin əlaqədar təşkilatları qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində işləri davam edir.

Sumqayıtın abadlaşdırılması irimiqyaslı layihələr əsasında aparılır

Sumqayıtda abadlıq-quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərti ilə irimiqyaslı layihələr icra olunub və bu işlər davam etdirilməkdədir.
Sosial-iqtisadi inkişafla yanaşı, abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri şəhər icra hakimiyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Şəhər ərazisində bu sahədə davamlı şəkildə genişmiqyaslı işlər aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhərin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Şəhər rəhbərliyinin bu sahəyə diqqəti, qayğısı və tələbkarlığı sayəsində aparılan abadlıq-quruculuq və yenidən-qurma işləri zövq oxşayır, əhalidə yüksək əhval-ruhiyyənin yaranmasına səbəb olur.
Hesabat dövründə şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahəsində müəyyən işlər görülüb. İsmət Qayıbov, Babək, Ərşad Kərimov, Cəfər Cabbarlı, Kamran Hüseynov, Kimyaçılar küçələrində, 2, 3, 6, 9-cu mikrorayonların, 41a, 41-ci və başqa məhəllələrin ərazilərində ümumilikdə 200 min kvadratmetrdən çox asfalt örtüyü döşənmiş, 15 min paqonmetr beton bardür dəyişdirilmişdir. Metallurq Yəhya Məmmədov küçəsi sənaye zonasından keçməklə Bakı-Quba yoluna qədər 4 kmlometr uzunluğunda yenidən qurularaq kompleks şəkildə əsaslı təmir olunur.
Şəhərdə binaların dam örtüyünün dəyişdirilməsi istiqamətində də xeyli iş görülüb. Şəhərin 9, 10, 11, 12, 13-cü mikrorayonlarında 60 yaşayış binasında dam örtüyünün metal-kirəmitlə əvəz edilməsi işləri başa çatdırılmış, 40 binada isə işlər davam etdirilir. .Yaşayış binalarında 1500 kvadratmetr şifer, 12 min 200 kvadratmetr yumşaq dam örtüyü cari təmir edilmişdir. Yaşayış massivlərində binalaırın pilləkən qəfəsləri təmir edilmiş, pəncərələr şüşələnmiş və 31 ədəd dəmir qapı quraşdırılmışdır.1253 binanın zirzəmisi və pilləkən qəfəsləri ziyanvericilərə qarşı dezinfeksiya edilmişdir. Bəzi ərazilərdə binaların fasadı aqlay daşla üzlənmiş, 10-cu mikrorayonda 2 binanın fasadı təmir edilərək boyanmış, mikrorayonların küçə işıqlandırılması işləri yekunlaşdırılmışdır.

Şəhərin ekoloji mühiti sağlamlaşdırılır

Ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət verilmişdir. Şəhər ərazisində 16 mindən çox ağac, 150 min dekorativ, 50 min mövsümi gül və 1000-dən çox dekorativ kol əkilmiş, 7000 paqonmetr yeni suvarma xətti çəkilmiş, 1500 kvadratmetr yeni qazon örtüyü salınmış, 6000-dən artıq ağaca aqrotexniki qulluq göstərilmişdir.
Elektrik enerjisi, təbii qaz, su və istilik təchizatını əhatə edən kommunal xidmətlər sektoru iqtisadi artımın və sosial rifahın təkanverici qüvvələrindən biridir. İstehlakçıların kommunal xidmətlərlə keyfiyyətli təminatı iqtisadiyyatın digər sektorlarının effektiv fəaliyyətinə birbaşa təsir göstərir.
Əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün 6 ay ərzində Corat qəsəbəsi, Betonzavod, Yaşıldərə, Kimyaçılar, İnşaatçılar, St.Sumqayıt yaşayış massivlərində, 76-cı məhəllə, Yaşma bağları ərazisində 25 kilometr uzunluğunda yüksək gərginlikli hava elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri aparılmış, naqillər dəyişdirilmişdir. Yaşıldərə ərazisində abonentlərin sayının artması və bununla əlaqədar elektrik enerjisinə artan tələbat nəzərə alınaraq yeni güc mərkəzi yaradılmışdır.
Şəhər əhalisinin və təsərrüfat subyektlərinin təbii qazla fasiləsiz təmin edilməsi məqsədi ilə 1525 ədəd smart kart tipli yeni qaz sayğacları quraşdırılmışdır.
İstismar müddəti ötmüş 105 ədəd lift dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, istismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması, cari təmiri işləri daim nəzarətdə saxlanılır. 2, 3, 17, 18-ci mikrorayonlarda, 45-ci məhəllədə 82 ədəd lift “onlayn” rejimdə işləyən intellektual idarəetmə sisteminə – mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulmuşdur. Hazırda digər liftlərin də bu xidmətə qoşulması işləri aparılır.
Şəhər rəhbərliyinin nəqliyyat sahəsinin yenidən qurulmasında, yeni avtobuslarla təmin olunmasında xidməti danılmazdır. Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin çox hissəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılmışdır. Müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilir. Xidmətin keyfiyyətinin daha da artırılmasına nail olmaq üçün əlavə olaraq 40-a yaxın yeni avtobus şəhərə gətiriləcəkdir.
İşsizliyin aradan qaldırılması ilə bağlı mövcud sənaye xarakterli istehsal sahələrinin genişləndirilməsinə, metallurgiya, kimya sənayesi, yüngül və yeyinti sahələrinin inkişafına dəstək verilir. Həyata keçirilən islahatlar nəticəsində minlərlə yeni iş yerinin açılacağı proqnozlaşdırılır.
Hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, ötən illər Sumqayıtın tarixinə neçə-neçə gözəl anlar yazıb. Bu şəhər bizimdirsə, onun inkişafına hər bir sakin öz töhfəsini verməli, nümunə göstərməlidir.
Sumqayıt xarüqələr yaradan zəhmətkeş insanların şəhəridir. Yəqin ki, yaxın gələcəkdə bu şəhər daha da inkişaf etdiriləcək, böyük layihələrə imza atacaqdır. Sumqayıtlılar ölkə rəhbərinin siyasətini dəstəkləyir, ona varlıqları kimi inanırlar. İnam isə qələbənin yarısıdır.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.

Akif ƏLİYEV,
“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər