Sumqayıt – tərəqqi və sabaha inam ünvanı

878

Bu il gənclik şəhərinin 75 yaşı tamam olur 

Doğulub boya-başa çatdığım Sumqayıt mənim sevimli və dəyişməz ünvanımdır. Adı ilə fəxr etdiyim bu məkanı həmişə özümə isti ana qucağı, könlümün paytaxtı bilmişəm. 

Hələ ötən əsrin 30-cu illərində salınmağa başlayan Sumqayıtın inşası II Dünya müha­ribəsi səbəbindən ləngiyib. Davadan sonra Xəzərin sahilindəki çöllükdə quruculuq işləri sürətlənib və nəhayət, 1949-cu ildə Sumqa­yıta şəhər statusu verilib. Bu möhtəşəm xa­riqələr meydanı gözlərimin önündə, elə mə­nimlə bərabər böyüyüb, ucalıb, hünər ünvanı olub. 1959-cu ildə ilk tramvayları, üç il sonra ilk trolleybusları küçələrdə şütüməyə başla­yıb (heyf ki, indi heç biri yoxdur). Vaxtilə yaxınlığında yaşadığımız ilk “beşmərtəbə” gözəl arxitekturası ilə yenə də seçilir. 9, 12 və 14 mərtəbəli evlərin tikintisi, ilk mənzil aldığım günün sevinci xatirimdən çıxmır.

Qürurla “mənim şəhərim” dediyim Sumqayıt ötən 75 ildə böyük inkişaf yolu keçərək, Cənubi Qfqazın iri sənaye mərkə­zinə çevrilib. Bu şəhər təkcə iqtisadiyyatı ilə deyil, iri mədəniyyət, elm və təhsil ocaqları ilə də tanınır. Ulu öndər Heydər Əliyev res­publikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Sumqayıta xüsusi diqqət göstərib. Yeni əsrin əvvəllərindən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclik şəhərində böyük la­yihələr reallaşdırılıb, şəhərin inkişafı ilə bağlı çox önəmli işlər görülüb.

Soruşa bilərsiniz ki, artıq 75 yaşı olan Sumqayıta “gənclik şəhəri” demək nə dərə­cədə doğrudur? Məncə, hər hansı bir coğrafi məkan üçün 75 elə gənclik yaşıdır. Bir də ki, əvvəlindən bu şəhərin ruhu gəncdir, burada daim böyük coşqu, sürətli dinamika, yüksə­liş əzmi duyulur. Bircə gün gəlib Sumqayıtla nəfəs alsanız, nəbzini tutsanız, fikrimlə tam razılaşarsınız.

2015-ci ildən gənclik şəhərinə Sumqayı­tın yetirməsi olan Zakir Fərəcov rəhbər təyin edilib və etimadı layiqincə doğrultmağa ça­lışır. Prezident İlham Əliyev bir neçə il əv­vəl Sumqayıta səfəri zamanı burada inkişaf layihələrinin icrasını yüksək dəyərləndirib: “Şəhərin abadlaşdırılması işi böyük zövqlə və məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri apa­rılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əki­lir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər”.

Fəxrlə qeyd edək ki, dövlət başçısının bir əli daim Sumqayıtın üzərindədir, Prezident kimi bu şəhərə 30-dan artıq səfəri olub və Sumqayıt ölkə rəhbərinə layiqli uğur hesa­batı verib. Həmin səfərlərin hər biri inkişaf mərhələsinin yeni səhifəsinə çevrilib. unu­dulmaz Xalq şairimiz Nəbi Xəzri hələ 60-cı illərdə yazdığı “Sumqayıt səhifələri” poema­sında gənclik şəhərinin uğurlarını sanki əv­vəlcədən görərək, “Sənin hər addımın böyük hünərdi”, – deyib.

Cəmi 75 il əvvələ qədər xəritələrdə bu şəhərin adı yox idi. İndi isə, şair demişkən, “Sumqayıt oxuyur göylərə meydan”. Gəlin, gənclik şəhərinin uğur salnaməsinin son il­lərə aid bəzi səhifələrinə nəzər salaq…

Yollardan başlanan abadlıq 

Sumqayıtda ilk salınan küçələrdən biri şəhərin Bakı–Quba magistralından başlanan yeganə giriş yolu idi. Sözsüz ki, bu yol ha­zırda əhalisinin sayı yarım milyonu haqlayan şəhər üçün hesablanmamışdı deyə, darısqal idi. 2015-ci ildə Sumqayıtın yol infrastruktu­runun yenilənməsinə bu yoldan başlandı.

Uzunluğu 5,2 kilometr olan yol qısa müddətdə yenidən quruldu. Tikinti işləri za­manı əvvəllər nəzərə alınmamış piyada sə­kiləri düzəldildi, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkildi. Yol boyunca dekorativ istinad divarları tikildi, yaşıllıqlar salındı, gül kolları əkildi, müasir işıqlandırma sistemi quruldu. Eni 14 metr olan prospektin hərəkət hissəsi yenidənqur­madan sonra 22 metrə çatdırıldı.

Onu da deyək ki, 1980-ci illərin əvvəllə­rində salınmış “Sahil” küçəsi – şəhərin 2-ci qapısı da intensiv hərəkət üçün yararsız idi. Novxanı tərəfdən, çimərliklər zonasından başlanan bu yolun uzun müddətli təmirsiz istismarı orada nəqliyyat axınını azaltmışdı. Bu isə əsas giriş yolunda avtomobil sıxlığına, həm də şəhər sakinlərinin daha uzun məsafə qət etməsinə səbəb olurdu. Burada da yeni­dənqurma işləri həyata keçirildi. 7,5 kilometr uzunluğu olan yolun eni 8 metrdən 13 metrə qədər genişləndirildi. Yolboyu hər iki tərəf­də həm maşınların, həm velosipedçilər üçün zolaq ayrıldı, piyadalar üçün səki düzəldildi. “Sənaye girişi” kimi tanınan, amma baxımsız vəziyyətdə olan digər alternativ yol – Metal­lurq Yəhya Məmmədov küçəsi də tam yeni­dən qurularaq istifadəyə verildi.

Yalnız giriş yolları deyil, şəhərin içə­ri küçələri də günün tələbləri səviyyəsində yenilənib. Son illərdə 100-dək prospekt və küçədə, neçə-neçə məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlama işləri aparılıb. Yeni yolların salınması da unudulmayıb, şəhərdə 4 yeni yol salınıb, ümumilikdə 4 milyon kvad­ratmetrdən cöx asfalt örtüyü yenilənib. Bu işlər mərhələli şəkildə davam etdirilir.

Rahat, abad yollarda nəqliyyat da rahat, təhlükəsiz işləyir. Sumqayıtda sərnişinda­şıma sahəsində vəziyyət yaxşılaşmaqdadır. Bu xidmət üzrə idarəetmə təkmilləşdirilir, ictimai nəqliyyat əhalinin rahatlığına xidmət edir. Ötən illər ərzində Türkiyə istehsalı olan, müasir tələblərə cavab verən 200-dən çox avtobus gətirilərək marşrut xətlərinə buraxı­lıb. Xırda tutumlu, istismara yararsız, ekoloji çirklənməyə səbəb olan nəqliyyat vasitələri xətlərdən çıxarılıb.

Sürətlə inkişaf edən Sumqayıta Bakıdan sürət qatarlarının, özü də 2 xətt üzrə (Xırda­lan və Pirşağı) işləməsi də sərnişindaşımanın uğurlu yeniliyidir. İlk qatarın yola salınma­sı mərasimində və yeni, yaraşıqlı Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib. Son aylar Sumqayıtla Bakı arasında birbaşa hərəkət edən ekspress qatar da xəttə buraxı­lıb. Dəmir yolu ilə günlük təxminən 24 minə­dək sərnişin daşınır.

“Sumqayıt bulvarı bir möcüzədir” 

Gənclik şəhərində dənizkənarı bulvar kompleksinin yaradılması ən böyük la­yihələrdəndir. Əvvəllər boş çöllük olan, sa­kinlərin ürək ağrısı ilə baxıb köks ötürdüyü bu ərazidə istirahət etmək, gözəlliklərdən zövq almaq üçün bir il ərzində hər cür tədbir görülüb. Bulvar yaradılarkən qısa müddətdə buraya 60 min maşın torpaq daşınıb, mozaik plitələr döşənib, 100 min ağac, 500 min gül əkilib. Düz 4 kilometrlik bir ərazi əsl gülüsta­na çevrilib. Gəmi tərsanəsi, hündür estakada tikilib, karusellər, kafelər, kölgəliklər, fəv­varələr, yay estradası yaradılıb.

Prezident İlham Əliyev 2016-cı ilin sent­yabrında Sumqayıta səfərində bulvarın gözəl­liyini təqdir edib: “Sumqayıt bulvarı, hesab edirəm ki, bir möcüzədir” – deyib. İstifadəyə veriləndən sonra da Sumqayıt bulvarında işlər səngiməyib. Ərazi şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahə­də genişləndirilib. Bulvarın uzunluğu 5,2 ki­lometrə, ərazisi isə 146 hektara çatdırılıb.

Ölkə başçısı şəhərin 70 illik yubileyi keçirilən gün – 2019-cu il noyabrın 21-də bulvardakı yeniliklərlə tanışlıqdan məmnun­luğunu bildirdi. Həmin gün bulvar ərazisində Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət etdilər. Qayğıya, yaradı­lan şəraitə görə dövlət başçısına minnətdar­lıqlarını bildirdilər. Həmişəki kimi, xalqın arasında olan Prezidenti orada yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarının eyvanların­dan salamlayan sakinlərin də fərəhi yerə-göyə sığmırdı. Çöhrələrindən hədsiz razılıqları aşkar görünürdü. Bir qədər aralıda isə uşaq­lar bəzəkli faytonlarda gəzirdilər. Ayrı-ayrı guşələrdə nağıl qəhrəmanlarının heykəlləri, fauna fiqurları boy göstərirdi. “Şahmat oyna­yan babalar”, “Gitaraçı veteran”, “Rəqs edən cütlük”, “At arabası” və “Marallar”ın yanın­da durub şəkil çəkdirənlər də çox idi.

Bulvarın axşamları daha ecazkar olur. Təzə evlərin pəncərələrindən süzülən işıqlar bulvarın nur selinə qarışır, Xəzərin dalğala­rının səsi buradakı “Muğam Mərkəzi”ndən ucalan musiqi sədaları kimi evlərə dolur.

Binaların üzü gülür 

Kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmi­ri və yenidən qurulması təşkil edir. Az qala, şəhərlə yaşıd olan həmin binaların tarixi memarlıq görünüşü – dizaynı saxlanmaqla zövqlə üzlənib, rənglənib.

Sakinləri narahat edən problemlərdən biri də liftlərin vəziyyəti idi. Ölkə rəhbərliyi­nin diqqəti sayəsində qısa müddətdə şəhərin lift təsərrüfatı da yenilənib, istismar müddəti ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz olu­nub. Artıq Sumqayıtda liftlərin intellektual idarəetmə mərkəzi fəaliyyət göstərir. Lift xidmətində “Ağıllı şəhər” (Smart City) viz­yonu konsepsiyası çağdaş texnologiyalardan səmərəli istifadə baxımından önəmli olmaqla bərabər, gənclik şəhərinin ölkə üzrə bir ilkə imza atması kimi əhəmiyyətlidir.

Şəhərdə su basmış və üfunət yayan zirzə­milərin, “aşsüzən”ə dönən dam örtüklərinin əsaslı təmirini də əhali razılıqla qarşılayıb. İnamla demək olar ki, hazırda Sumqayıtda çox işlək, çevik şəhər təsərrüfatı mexanizmi var və bu, əsl nümunə sayıla bilər. Dövlətin qayğısı, şəhər rəhbərliyinin səyləri sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar tə­mizlik və sair işlər əzmlə həyata keçirilir.

Sumqayıtın mənzil fondunun balansında 61 yataqxana var. Bu binaların əksəriyyəti, necə deyərlər, artıq “qocalıb”. Son dövrlərdə bir çox yataqxanada əsaslı təmir işləri aparı­lıb, istismara yararsız olanlar sökülüb. Həmin binalarda yaşayan 272 ailə evlə təmin olunub və yaxud kompensasiya alıb.

Yeri gəlmişkən, Dənizkənarı Bulvar Kompleksində Prezidentin sakinlərlə görüşü zamanı bir tələbə qız Sumqayıt Dövlət Uni­versitetinə məxsus yataqxanada məcburi köç­künlərin yaşadığını, tələbələrin isə kirayələr­də qaldığını bildirmişdi. Tezliklə bu problem də həllini tapdı. Yeni qəsəbə salınaraq, köç­kün ailələrinə mənzilər verildi. Yataqxana isə müasir standartlara uyğun layihələndirildi və orada tələbələrin rahatlığı üçün hər cür şəra­it yaradıldı. Gələcək mütəxəssislər artıq ki­rayələrdə yaşamırlar.

İndi Sumqayıtın köhnə binaları da üzə gülür, göz oxşayır. Yeni “göydələn”lər­sə şəhəri daha müasir və yaraşıqlı göstərir. Elə şəhərin ərazisi də xeyli genişləndirilib. Əhalinin say artımı, burada bir sıra dövlət proqramlarının, layihələrinin həyata keçiril­məsi bunu zərurətə çevirmişdi. Odur ki, bir neçə il öncə “Bakı şəhəri Binəqədi rayonu­nun, Sumqayıt şəhərinin və Abşeron rayo­nunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və səsçoxluğu ilə qəbul edilib. Beləliklə, Binəqədi və Abşeron rayon­larından 4 min hektara qədər torpaq sahəsi Sumqayıta verilib.

Şəhərin inzibati ərazisinə daxil olan Hacı Zeynalabdin (köhnə Nasoslu) və Corat qəsəbələrinin də abadlaşdırılması diqqətdən yayınmayıb. Bu qəsəbələrdə infrastruktur gücləndirilib, yolların təmir olunaraq geniş­ləndirilib, su və elektrik şəbəkələri yenilənib, mövcud parklar yenidən qurulub, əhalinin istirahəti üçün zəruri şərait yaradılıb. Bu ye­niliklər Sumqayıt şəhərinin yalnız mərkəzi hissələrinin deyil, həm də kənar ərazilərinin inkişaf etdirilməsinə yönəlmiş siyasətin təza­hürüdür. Artıq şəhərdə və ətraf qəsəbələrdə ümumi görünüşə xələl gətirən binaların sayı minimuma enib.

Parklar “gəl-gəl” deyir

Sumqayıtdakı Heydər Əliyev parkı yeni­dənqurmadan sonra daha da cəlbedici olub. Ərazisi 8 hektardan 10 hektara qədər geniş­ləndirilib, Ulu öndərin abidəsi buraya ucaldı­lıb, Bayraq meydanı tikilib. Gözəl memarlıq üslubunda ucaldılmış Heydər Əliyev Mərkəzi də buradadır. Parkın 20 min kvadratmetrdən çox sahəsində yaşıllıq zolağı salınıb, 200-dən çox müasir işıq dirəyi, oturacaqlar quraşdırı­lıb, 5 mindən çox ağac, dekorativ kol əkilib, Parkda həmçinin rəngli fontan kompleksi, şahmat meydançası, kafe-çayxanalar var.

Poeziya Evi istedadlı qələm sahibləri­nin toplaşıb maraqlı tədbirlər keçirdiyi əsas məkandır. Əvvəl başqa məqsədlə tikilmiş bu böyük binanın yazarların ixtiyarına ve­rilməsi şəhərin hazırkı rəhbərliyinin xidmə­tidir. Yaxınlıqdakı Şahmat Məktəbində isə məhz Sumqayıtdan dünya arenasına çıxmış qrossmeysterlər Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlar kimi zəka sahibləri yetiş­dirilir. Uşaq İncəsənət məktəbinin də ünlü sənətçilər yetirəcəyinə inanırıq.

Heydər Parkı ilə üzbəüzdə “Kimyaçı” Mədəniyyət Sarayı yerləşir. Uzun illərdən bəri təmir edilməmişdi. Nəhayət, saray yeni­dən quruldu. Buradan Lüdviqshafen parkına piyada 5 dəqiqəlik yoldur. Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində həmin parkda əsaslı təmirdən sonra yaradılan şərait­lə yaxından tanış olub. Növbəti dəfə gənclik və gözəllik şəhərinə qonaq gələn Almaniya nümayəndə heyətinin üzvləri də Sumqayıtla qardaşlaşmış şəhərlərinin adını daşıyan mə­kanda saatlarca istirahət edib, idmançıların və özfəaliyyət kollektivlərinin çıxışlarını ma­raqla izləyiblər. Onların Sumqayıt şəhərinin rəhbərliyi ilə birlikdə parkda əkdikləri ağac tinglərinin hamısı artıq böyüyüb, günəşə boylanır.

Sumqayıtlılar mütəfəkkir şair İmadəddin Nəsiminin adını daşıyan mədəniyyət və isti­rahət parkını da könüllərinin dinclik tapdığı məkanlardan sayırlar. Yaşıl fəvvarələri xatır­ladan kimi növbənöv ağaclar, həmişəyaşıl iy­nəyarpaqlılar böyük bir sahəni tutur. Bir neçə ay əvvəl yenidənqurmadan sonra istifadəyə verilən şəhər stadionu, ”Yaşıl teatr”, Rəsm qalereyası, “Göyərçin”, Şəhidlər xiyabanı, “20 Yanvar” və “Xocalı” abidələri də bura­da yerləşir. Parkda o qədər nadir bitki növləri var ki, açıq səma altında böyük bir nəbatat muzeyini xatırladır.

Bələdiyyə parkı isə vaxtilə Zakir müəllim həmin qurumun ilk sədri olanda yaradılıb. Əsaslı təmir edilərək Sumqayıt Dövlət Dram Teatrının ixtiyarına verilmiş mədəniyyət sa­rayının arxasında yerləşən bu məkan da göz oxşayır. Qocalar ötən əsrin 60-70-ci illərində özünün böyük rəqs meydanı ilə tanınan par­ka gələrək həzin xatirələrə dalır, gənclər və uşaqlarsa istədikləri kimi əylənirlər.

Gənclik şəhərində yaradılmış müasir “sənaye parkları” isə bir ayrı söhbətin mövzu­sudur. Bir vaxtlar havaya zəhər buraxan kim­ya qurğuları indi artıq ən modern texnoloji avadanlıqla əvəzlənib, zavodların məhsulları dünyanın bir çox ölkələrinə satılır, əraziləri isə, yaşıllığa qərq olub, sözün əsl mənasında, parklara çevrilib. Əlbəttə, bütün yeniliklər müasirləşən Sumqayıtın gözəlliyinə əlavə ça­larlar qatır. Əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter al­masından xəbər verir.

Cənab İlham Əliyev Sumqayıtın dün­ya miqyasında ekoloji təmiz şəhərlərdən biri olduğunu dəfələrlə qeyd edib: “Şəhər­də gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınla­şır. Əminəm ki, Sumqayıtın gələcək inkişa­fında turizm sektoru da öz rolunu oynaya­caq”. Fərəhli haldır ki, artıq bu istiqamətdə mühüm addımlar atılır. Sahilboyu istirahət guşələrinin sayı artır, neçə-neçə yeni otel qo­naqlarını qəbul etmək üçün hazırlanır.

Sözsüz ki, Sumqayıtı gəzib-dolaşan tu­ristlər buradakı möhtəşəm Bayraq muzeyi ilə də həvəslə tanış olacaqlar. Burada qədim şəhərlərimizin gerbləri, çoxsaylı bayraqlar, digər dövlət atributları, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər sərgilə­nir.

Sakinlərin ürəyindən xəbər verən “düzəlişlər” 

Bir vaxtlar Sumqayıt Şəhər İcra Haki­miyyəti binasının fasadı başdan-başa deko­rativ daş sarmaşıqlarına bürünmüşdü və bu qeyri-adi, ecazkar mənzərə heyranlıq yara­dırdı. Bu, bir rəmz, brend idi. Amma sonralar “Yaşıl bina”nın 40 illik örtüyü nədənsə gö­türülmüş, gözəl memarlıq nümunəsi bir növ bəsit hala düşmüşdü. Bir neçə il əvvəl sar­maşıqların bərpası və binanın əvvəlki görkə­minə qaytarılması məqsədilə mütəxəssislər işə cəlb olundular və hazırda binanın çöhrə­si yenidən yaşıllaşmaqla sakinlərin nostalji hisslərinə son qoymaqdadır.

“Azərbaycan prospekti”nin şəhər icra hakimiyyəti və Dram teatrının qarşısından keçən yetərincə enli hissəsi də uzun müddət idi ki, nəqliyyat üçün bağlanmışdı. İndi ar­tıq bu küçədə də “yaşıl işıq” yandırılıb, süni maneələr aradan qaldırıb. Yollar başdan-başa açıqdır. Sakinlər bunu həm də şəhər rəhbərli­yinin inzibatçılıqdan imtina, açıqlıq və əlça­tanlıq mesaji kimi dəyərləndirirlər.

Bir zamanlar Sumqayıtda “Rusiya” adlı kinoteatr vardı. Qarşısındakı daş lövhəyə də bu sözlər həkk olunmuşdu: “Azərbayca­nın Rusiyaya birləşdirilməsinin (1913-cü il, “Gülüstan” müqaviləsi) 150 illiyi münasibə­tilə tikilmişdir”. Müstəqilliyin ilk dövrlərində həmin daş oradan götürülsə də, kinoteatr ya­rarsız halda qalmağında idi. Nəhayət, kinote­atrın yeni binası cəmi 5 aya ərsəyə gətirilərək, “Nizami” adı ilə fəaliyyətə başlayıb. Müasir texnologiyalara uyğun, ən yeni proyektor­lar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunub. Dahi şairin əvvəllər uğursuz yerdə qoyulmuş abidəsi də buraya köçürülüb.

Əvvəlki onilliklərdə şəhərin idman həya­tının “episentr”i olmuş Mehdi Hüseynzadə adına stadion da yenidən qurularaq, möh­təşəm görkəmdə əvvəlki missiyasına qayı­dıb. O vaxtlar 2-3 minlik tamaşası olan futbol arenasının tutumu indi 9502 nəfərə çatdırılıb. Hazırda kompleksdə cüdo, boks və karate zalları da fəaliyyət göstərir.

Sabaha boylanan şəhər

Görünən budur ki, Sumqayıtın tarixi ənənələr əsasında, eləcə də zamanın çağırış­larına uyğun şəkildə inkişaf edərək irəliləyir. 2015-2023-cü illər ərzində şəhərdə infrast­ruktur layihələrinə ümumilikdə 6 milyard 500 milyon manatdan çox investisiya qo­yulub. Bu investisiyalar Sumqayıtın iqtisa­di və sosial inkişafına böyük təsir göstərib, sənaye müəssisələrinin sayı 2 dəfədən çox artıb və ötən müddətdə şəhərdə 50 min yeni iş yeri açılıb. İnişil Sumqayıtda 2-ci regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib.

Regionlar üzrə ilk dəfə güzəştli mənzil layihəsinin təbiqi də məhz Sumqayıtda həya­ta keçirilib. Prezident İlham Əliyev 2021-ci ildə həmin layihə çərçivəsində növbəti ya­şayış kompleksinin təməlini qoyub. Burada 9, 12 və 16 mərtəbəli 11 bina inşa olunur. Mənzillərin ümumi sayı isə 466-dır. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə tə­min ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparıla­caq.

…Sumqayıtdan bəhs edərkən onun igid oğullarını yada salmamaq olmur. Gənclik şəhərinin yüzlərlə övladı Qarabağda işğal­çılara qarşı mərdliklə vuruşub. Ehtiramla anılırlar, çünki elə onlar da Vətənin, dogma yurd-yuvanın işıqlı sabahları naminə can­larından keçiblər. Sumqayıt ictimaiyyəti həmişə müqəddəs döyüşə gedənləri alqış sədaları ilə yola salıb, şəhidlərini təzimlə, sayğı duruşu ilə qarşılayıb. İgid oğulların əksəriyyəti yüksək orden və medallarla təltif olunub, onlardan 3 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Abadlıq işləri şəhərin Şəhidlər xiyabanı­nı da əhatə edib. Yenidən qurulan xiyabanda “Qalib Əsgər” abidəsi qoyulub, hündürlü­yü 30 metr olan bayraq dirəyi quraşdırılıb, şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi ucaldılıb. Şəhərdə isə 100-ə yaxın küçəyə şəhidlərin adları verilib.

…Bəli, Sumqayıt sabaha inamla boylanır. İnanırıq ki, 75 yaşlı gənclik şəhəri həmişə olduğu kimi, dinamik inkişaf edəcək və ölkə­mizin parlaq gələcəyinə töhfələrini daha da artıracaq.

Əli NƏCƏFXANLI
XQ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər