Hazırda Sumqayıt Texnologiyalar Parkında (STP) 13 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu barədə Trend-ə və “Azernews” qəzetinə özəl olaraq Sumqayıt Texnologiyalar Parkından məlumat verilib.
Qeyd olunub ki, STP-nin məhsul və xidmətləri Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Rusiya və Türkiyə kimi ölkələrə ixrac edilir. Park gələcəkdə Asiya bazarında olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.
STP hazırda xarici ölkələrə kiçik, orta və yüksək gərginlikli kabellər, polimer boru növləri, sinklənmiş metal kimi bir çox məhsullar ixrac edir. Gələcəkdə, həmçinin alüminium profil, sendviç panel, alkopan və başqa məhsulların da xarici bazarlara göndərilməsi nəzərdə tutulub.
Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda neft-qaz sektorunda istifadə edilən bir çox məhsulların istehsalçısı kimi keyfiyyətli və sərfəli məhsullar təqdim edir.
Bildirilib ki, STP gələcəkdə məhsul və xidmətlərini daha da təkmilləşdirərək çeşidləri artırmaq niyyətindədir. Park keyfiyyət standartını qorumaqla yalnız yerli bazarda yox, qlobal mühitdə də “Made in Azerbaijan” markasını təmsil edəcək.