Sumqayıt Texnologiyalar Parkında ixrac yönümlü və maşınqayırma məhsulları istehsalı ilə məşğul olan 30 zavod və sex fəaliyyət göstərəcək. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilib.
Cümə axşamı Litva Seyminin sədri İrena Dequtene və Azərbaycanda səfərdə olan Litva sahibkarları Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub.
“Hazırda texnoparkda 9 zavod fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 1 zavodun – Dəqiq emal mərkəzləri zavodunun istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 8 zavodun inşası davam edir”, – deyə məlumatda vurğulanıb.
Ümumilikdə, texnoparkın müəssisələrində 1000-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 3000-ə çatdırılacaq.
“Parkın ərazisində ixrac yönümlü və maşınqayırma məhsullarının istehsalı ilə məşğul olan 30 zavod və sex fəaliyyət göstərəcək. Bu müxtəlif kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s.-dir”, – deyə məlumatda qeyd edilib.
Sumqayıt Texnologiyalar Parkının yaradılması Azərbaycanın sənaye sektorunda böyük infrastruktur layihələrinin reallaşdırılmasına yönəlib. “interfax.az”