ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinin ilk məzunları olan gənc tornaçılar «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində əmək fəaliyyətlərinin birinci ayını uğurla başa vuraraq, kimyaçılar ailəsinin yeni üzvləri kimi ilk əməkhaqlarını almışlar.
Sumqayıt TTM-in ilk məzunları olan gənc tornaçılar 6 aylıq təlim-tədris kursunu bitirdikdən və iki aylıq istehsalat təcrübəsi keçdikdən sonra mayın əvvəllərində Birliyin Etilen-polietilen və Mexaniki-təmir zavodlarında, Təmir-tikinti İdarəsində işə qəbul olunmuşlar. Müasir və geniş dəzgah parkına malik olan TTM-də kifayət qədər yaxşı nəzəri bilik və təcrübi vərdiş əldə etmiş məzun-tornaçılar ilk günlərdən kimya avadanlıqlarının təmiri üçün lazım olan müxtəlif detalların torna dəzgahlarında vaxtında və keyfiyyətlə hazırlanmasına səy göstərmişlər.
Azərbaycan Dövlət Neft Şirkətinin struktur tərkibinə daxil olan müəssisələrdə işə qəbul olunmaqları və kimyaçılar ailəsində çalışmaqları ilə fəxr edən, «Azərikimya»da özlərinin birinci iş ayını başa vuraraq, aldıqları ilk maaşla ailə büdcələrinin artımı sevincini yaşayan gənc tornaçılar Sumqayıtda müasir tələblər səviyyəsində peşə Mərkəzinin yaradılmasına nail olmuş ARDNŞ rəhbərliyinə, həmçinin onların bütün sənaye sahələri üzrə mühüm peşələrdən sayılan tornaçı peşəsinə yiyələnmələrində əməyi olmuş müəllim və ustalara minnətdarolduqlarını bildirmişlər.