Sumqayıt üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR

1063

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin beşinci onlayn ictimai müzakirəsi keçirilib. Sumqayıt sakinlərinin, millət vəkilinin, dövlət qurumlarının vəzifəli şəxslərinin, idarə təmsilçilərinin, təşkilat əməkdaşlarının, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub.Diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.

Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirən sədr müavini müzakirə iştirakçılarına qurumun fəaliyyəti və vətəndaş cəmiyyətinin formalaşmasında iştirakından, atdığı addımlardan və üçüncü sektor təmsilçilərinə dəstəyindən ətraflı məlumat verib.

Sumqayıtdan olan millət vəkili Müşfiq Məmmədli müzakirə iştirakçılarını salamladıqdan sonra mövzunun aktuallığından danışıb.Parlament üzvü sosial şəbəkələrdə dərc olunan, gündəmə gətirilən bəzi məlumatların vətəndaşlarımızı yanlış istiqamətə yönləndirməsinə təəssüf hissini bildirib.Pandemiya dövründə sosial şəbəkələrin rolunun yüksək olduğunu diqqətə çatdıran millət vəkili  bu seqmentdə müəyyən fikir formalaşdırma əməliyyatlarının getdiyini, bəzi hallarda isə həmin cəhdlərin yanlış istiqamətdə cərəyan etdiyini, nəticədə də cəmiyyətin müəyyən üzvlərində qeyri-müəyyənliyin yarandığını nəzərə çatdırıb.Onun sözlərinə görə, hazırda hər bir şəxs asanlıqla sosial şəbəkələrdəki məlumatları izləyə bilir, xəbərdar olurlar.Parlament üzvü bildirib ki, qərəzli məlumatlar yetərincədir.Bu da öz növbəsində cəmiyyətdə çaşqınlığa, müəyyən problemlərə səbəb olur.

Sumqayıt şəhər İcra Hakimiyyəti İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev də mövzunun önəminə diqqət yetirərək hesab edib ki, dövlətin və millətin mövcudluğu üçün zəruri, əsas məsələlər – təhlükəsizlik və milli maraqlardır.Təhlükəsizlik amili olmadan milli maraqlardan danışmaq səmimi olmazdı.Beynəlxalq məsələlərə toxunan baş məsləhətçı carı ilin həm sosial şəbəkələrdə, həm də digər məkanlarda yanlış xəbərlərin, “fake news” adlanan xəbərlərin geniş yayıldığı il kimi yadda qaldığını nəzərə çatdırıb.Bu müddətdə Azərbaycanda da belə nümunələrə rast gəlindiyini vurğulayan E.Qocayev əsasən pandemiya dövründə saxta xəbərlərin sayının çoxluğunun məyusluq yaratdığını önə çəkib.Natiq bu cür neqativ halların baş verməməsi üçün sosial şəbəkə istifadəçilərini, vətəndaşlarımızı diqqətli olmağa çağırıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ceyhun Məmmədov da müzakirə olunan mövzu ilə bağlı ətraflı məlumat verərək, əsasən müharibə şəraitində informasiya savaşının vacibliyinə toxunub.O,qeyd edib ki, hazırda bu proses daha çox sosial şəbəkələr üzərindən aparılır.Qonaq vurğulayıb ki, vətəndaş cəmiyyətinin hər bir üzvünün sosial şəbəkələrdən yüksək səviyyədə istifadə etməsi məsələsi aktuallıq kəsib edir, yalan və şantaj, həmçinin təxribat xarakterli xəbərlərin qarşısının alınmasını şərtləndirir.

Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.80-dən çox onlayn müzakirə iştirakçısı ekspertlərə suallar ünvanlayıb, vacib saydıqları məqamları gündəmə gətiriblər.

         

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər