SUMQAYIT VƏ SUMQAYITLILAR

3952

Xalq həssas məqamlarda söz adamlarına üz tutub,onların sözlərində dərdinə çarə axtarıb,onlara inanıb,onların sözü ilə ovunub, təskinlk tapıb.Elə 30 illik həsrətə 44 günlük müharibədə yüzlərlə şəhid verərək son qoyduğumuz dönəmlərdə olduğu kimi.
Günlərdir ki, sosial şəbəkələrdə Milli Məclisin plenar iclasında millətin həssas damarı olan Şuşadan söz açan xalqın elçisi, yazıçı Aqil Abbasın Sumqayıt və sumqayıtlılar haqqında səsləndirdiyi fikirlər narazılıqlara səbəb olub. Haqlı olaraq etiraz səsləri duyulmaqdadır.
Biz – sumqayıtlı qələm adamları susduq və düşündük ki, “Dolu” kimi vətənpərvərlik nümunəsi ola biləcək əsər araya- ərsəyə gətirib , insanların ağrı – acılarını obrazların dili ilə göstərən Aqil Abbas yəqin ki, Şuşaya olan, Qarabağa olan aşırı sevgisindən dolayı emosional vəziyyətdə olduğu zaman bu fikirləri sələndirib və səsləndirdiyi bu fikirlərlə də Azərbaycan ədəbiyyatına, elminə, mədəniyyətinə və incəsənətinə yüzlərlə tövhə vermiş Sumqayıt və sumqayıtlıların haqqına girib.Yox, əgər Aqil müəllim Üzeyir bəyi, Xan qızı Natəvanı və digər sənətkarları nəzərdə tutub söyləyibsə bu fikirləri inanıram ki, onların ruhuna toxunub.Axı, Üzeyir bəy nə qədər qarabağlıydısa, elə o qədər də Bakılıydı, Sumqayıtlıydı, Şəkiliydi, Şirvanlıydı, Lənkəranlıydı, Qusarlıydı, Balakənliydi. Xan qızı Natəvan da, Bülbül də, Xan da həmçinin…
Sumqayıt Azərbaycanın kiçik modelidir. Azərbaycanın hər rayonundan, hər qəsəbəsindən, habelə ən ucqar kəndindən bu şəhərdə cəm olan insanlar burda qohumluq əlaqələri qurub, qardaşlaşıb, can deyib, can eşidiblər, ən ağır anlarda, ən çətin günlərdə bir- birinə dəstək olublar.
30 il biz hamımız qarabağlı olduq, bu gün də qarabağlıyıq, sabah da bu belə olacaq. Qarabağa atılan mərmilər hər birimizin bağrında partladı.O ev, o yurd, o nəsil olmadı ki, bu illər ərzində şəhid balasını ağlamasın.
Sumqayıt uzun zaman dünya miqyasında sənaye şəhəri kimi şöhrət qazansa da, elm, mədəniyyət, ədəbiyyat xadimləri ilə də öyünməyə haqqı olan şəhərdir.Bu şəhərin öz ədəbi siması, öz ədəbi ənənəsi vardır və güclü ədəbi ictimaiyyəti ilə tanınmışdır.Azərbaycan ədəbi gəncliyinin pərəstiş etdiyi görkəmli şair Əli Kərimin bu şəhərlə sıx əlaqələri, uzun müddət respublika ədəbi gəncliyinə rəhbərlik etmiş Vaqif İbrahimin sumqayıtlı olması, dövrünün ədəbi gəncliyinin öncüllərindən olan şair Əşrəf Veysəllinin, Məmməd Aslanın, Əvəz Mahmud Lələdağın, Xıdır Alovlunun, Rafiq Yusifoğlunun, Ofelya Babayevanın, Ağəddin Mansurzadənin, Xasay Cahangirovun, publisist Feyzi Mustafayevin, uşaqlar üçün yazılmış şeirləri dərsliklərə salınmış Mir Sabirin, Məmməd Namazın, Tofiq Məmmədin, 70 – 80 – cı illər ədəbi gəncliyinin ən istedadlı nümayəndələrindən Sabir Sarvanın, Məmməd İlqarın, Sabir Adilin, Zirəddin Qafarlının, Şaiq Vəlinin, Akif Səmədin, Gülbala Mehdinin, Məryəm Aslanqızının, müasir poeziyamızın ünlü isimləri Ehtiram İlhamın, Sabir Yusifoğunun, Nadir Azayoğlunun, İbrahim İlyaslının, Mövlam Hüseynlinin, çağdaş Azərbaycan ədəbi tənqidinin sayılıb – seçilən imzaları Nərgiz Cabbarlı və Elnarə Akimovanın, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq yayımlanan Varis Yolçuyevin, Sahilənin, Günel Eyvazlının və qazi şairlər Emin Pirinin, Elvin İntiqamoğlunun, yazı manerası ilə fərqli üslub sərgiləyən Hafiz İmamnəzərlinin, Mənsurə Eldarqızının, tərcümələri ilə ədəbiyyatımıza gözəl əsərlər bəxş etmiş Rəfiqə Şəmsin, Müqəddəs Şahbazovun, yazıçı Əyyub Qiyasın və başqalarının burada yaşayıb – yaratması dediklərimizə sübutdur. Son illər sumqayıtda gedən irimiqyaslı abadlıq – quruculuq işləri, şəhərin sosial- mədəni həyatına ,infrostruktur görkəminə də böyük təsir göstərib. Hər zaman sözə, söz adamına, sənətə, sənətkara istər şəhər rəhbərliyi tərəfindən, istərsə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilib.Sumqayıt daim diqqət mərkəzində olub.Bunu şəhərin 70 illik yubileyi ərəfəsində xeyli sayda sənət, ədəbiyyat adamına Ölkə Rəhbərliyi tərəfindən verilən dəyər- fəxri adlar və təltiflər bunu bir daha sübut etdi.
Sumqayıtda gedən abadlıq – quruculuq işlərinin sırasında yer alan müasir tipli Uşaq İncəsənət Məktəbinin, Şahmat Məktəbinin tikilməsi, dahi Nizaminin adını daşıyan kino- teatrın, Ü.Hacıbəyovun adını daşıyan “Kimyaçı” mədəniyyət Sarayının yenidən bərpası, Respublikada analoqu olmayan Poeziya evinin şair və yazarların ixtiyarına verilməsi, şəhərin ən gözəl məkanında məhz Sumqayıt Dövlət Rəsm Qalereyasının yerləşməsi mədəniyyətimizə və ədəbiyyatımıza olan o böyük diqqətin göstəricisidir.
Sumqayıt çətin günlərdə yurddaşlarına sədaqəti ilə də seçilib, öz dədə- baba yurdlarından zorla qovulan, didərgin düşən yurddaşlarına qucaq açıb , havasını, suyunu, duzunu- çörəyini, evini, könlünü onlarla bölüşüb.
Bu gün Xəzərin sahilində, böyük bir ərazidə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş minlərlə şəhid uyuyur.Qarabağın, Şuşanın zəfər tarixini qanlarıyla onlar yazmadılarmı? Azərbaycanın müstəqilliyə gedən yolu məhz sumqayıtdan başlamadımı?!
Yadıma Şuşa səfəri düşdü.Avtobusda Azərbaycanın müxtəlif bölgələrindən olan qələm adamları vardı. Hamımız erməni vandallarının viran qoyduğu kəndlərdən keçəndə, talan olmuş məzarları görəndə eyni hissləri yaşayırdıq, eyni ağrıları duyurduq.Çünki düşmənimiz eyniydi.Biz də düşmən üçün eyniydik.Fərqi yoxdu kim idik, Azərbaycanın harasından idik.
Tarixin gözünə ayna tutan, dünyanın kar qulağına gerçəklik himni oxuyan, ağıl və düşüncələriylə bu gün də dünyanı heyrətdə saxlayan klassiklərimiz xalqı hər zaman bir olmağa, birliyə səsləyirdilər, azərbaycançılıq məfkurəsi uğrunda canlarından keçirdilər.Nəsimi,Nizami,Füzuli,M.Ə.Sabir,C.Məmmədquluzadə və digərləri kimi.
Amalı birlik və bərabərlik olan, Azərbaycanın hər guşəsini canı qədər əziz bilən, şeirlərindən vətəpərvəlik dərsi aldığımız böyük şairimiz Məmməd Araz məktəbini keçmiş, “Dolu” kimi vətənpərvərlik nümunəsi ola biləcək bir əsər ortaya qoymuş Aqil Abbasın tezliklə Sumqayıt üçün, sumqayıtlılar üçün söylədiyi fikirlərə aydınlıq gətirəcəyinə, qaranlıq düyünləri çözəcəyinə əminik.Aqil müəllim Sumqayıt və sumqayıtlılara bu münüsibəti sərgiləməklə, bu fikirləri işlətməklə təkcə özünün illərlə formalaşmış imicinə deyil, ona inanan, onu sevən oxucularına da zərbə vurub.
P.S.Mən Sumqayıtın ədəbi mühitinə işıq salmağa çalışdım, ədəbi simalarından söz açdım.İnanıram ki, sumqayıtın tarixi şəxsiyyətlərindən, qəhrəmanlarından, mədəniyyət, incəsənət xadimlərindən də bu sahənin adamları söz açacaqlar.
Gülnarə Cəmaləddin
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər