Sumqayıt vəkilləri Uşaqlara dair Strategiyanın həyata keçirilməsi planına cəlb olunub

1086

Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2022-ci ilə dair nəzərdə tutulmuş “Tədbirlər Planı”nın icrasına cəlb olunub. Bu barədə büronun müdiri vəkil Anar Qasımlı məlumat verib.

A.Qasımlı bildirib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sözü gedən Fəaliyyət Planının icrası ilə əlaqədar 2022-ci ildə görüləcək işlərin tədbirlər planında Sumqayıt Regional Vəkil Bürosuna da yer ayırıb. Büronun vəkilləri Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya və şəhərin digər aidiyyətli müəssisələri ilə birlikdə Fəaliyyət Planından irəlimgələn məsələlərin Sumqayıt şəhərində tətbiq olunması işində yaxından iştirak edəcəklər.
Fəaliyyət Planı yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapmışdır. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

Fəaliyyət Planında erkən yaş dövründə uşaqların inkişafının təmin olunması ilə bağlı körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin təbliği, doğuşayardım tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdəndir.
Anar Qasımlı gələcəyimiz olan uşaqlarla bağlı Fəaliyyət Planının icrasına vəkillik təsisatının cəlb olunmasının bir yenilik olduğunu, ilk dəfə məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin mövzuya hərtərəfli və peşəkar yanaşma sərgilədiyini bildirib. O, digər rayon və şəhərlərin icra hakimiyyəti orqanlarının bu təcrübədən səmərəli istifadə etməli olduğunu qeyd edib. “Uşaq hüquqları məsələsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və bütün vəkillər üçün prioritet məsələdir. Əminəm ki, Sumqayıtdan başlanan bu müsbət təcrübə Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən də müsbət qarşılanacaq və hər bir Azərbaycan vəkili bu işdə öz tövhəsini verəcəkdir. Uşaq hüquqları həssas məsələdir, bu məsələyə natamam yanaşmaq olmaz. Vəkillər Fəaliyyət Planının həyəta keçirməsində iştirak etməklə qarşıya qoyulmuş məqsədə nail olmaqda, hədəflərə çatmaqda mevafiq orqanlara yardımçı olacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər