“”SUMQAYIT” yazılı lövhəni görəndə sevindiyimdən…”Azər Süleymanlı

2206

Bu gün “Qonaq otağı”nda tanınmış  aparıcı Azər Süleymanlıdır.

Qubanın 2-ci Nügədi kəndində doğulmusunuz. Kəndi, uşaqlığınızı necə xatırlayırsınız?

Sevdiyim bir fikir var – “Yada düşmək üçün, öncə yaddan çıxmaq gərəkdir.” İndi o kəndi, uşaqlıq illərimi nəinki xatırlayıram, az qala təkrar “yaşayıram”. Mənim bir yanım hələ də Nügədidədir, bir tərəfim heç böyüməmişdir. Lampa işığında dərslərimi hazırlayıram, ocağa odun atıram, qarda ayaq izlərimlə cığır açıram, otların üzərində uzanıb saatlarla səmaya baxıram, pəncərədən gecənin qaranlığında çox uzaqlara boylanıram, sabahla bağlı arzular qururam…

Sumqayıt yaddaşınızda hansı xatirələrlə qalıb?

Adətən məktəb tətillərində gəlirdik bu şəhərə. Hər gəlişimiz bayram olurdu mənim üçün. Rayondan üzü şəhərə yola düşdükcə, sanki bir dünyadan başqa bir dünyaya doğru gedirdim. O dünyada hər şey tam başqa idi. Havası, binaları, yolları… Şəhərə girişdə “SUMQAYIT” yazılı lövhəni görəndə sevindiyimdən, keçirdiyim hisslərimdən elə bilirdim ürəyim gedəcək. Ümumiyyətlə, Sumqayıtla bağlı xatirələrim, hissetdiklərim o qədər dərindədir ki, o qədər ifadə edilə bilməzdir ki… Sözüm yox, gözüm, könlüm daha çox danışır.

Neçə yaşınızdan aparıcılıq edirsiniz?

Doğulandan. Düşünürəm ki, hər kəs sevdiyi kəslə ailə quranda və sevdiyi işlə məşğul olanda tamamlanır. Və hər kəs etməli olduğu işi edəndə YAŞAYIR! Artıq 20 ildir ki, aparıcılıq edirəm, 20 ildir ki, kameralara ən əzizim kimi nəzər yetirirəm.

Sizcə əsl aparıcıda hansı keyfiyyətlər olmalıdır?

Yalnız “məncə” deyil, ümumiyyətlə aparıcı səlis danışmağı bacarmalıdır, savadlı olmalıdır, işinin mahiyyətini anlamalıdır. Ağzını açan kimi “İlk öncə sizləri salamlayıram” deyib, sonra da özünə “peşəkar aparıcı” deyən biri niyə aparıcı olmalıdır ki? Üç kəlməsinin üçü də yanlış olan, peşəsini duymayan, səhnəni ocaq sanmayan, studiyadakı işıqlardan ruhu qızınmayan, kameranı dəmir deyil, canlı sanmayan biri niyə özünə aparıcıyam deməlidir ki?!

Uzun illərdir efirdəsiniz. Müxtəlif səpkili verilişlərə aparıcılıq etmisiniz. Arzusunda olduğunuz veriliş hansıdır ki, ona aparıcılıq etmək istəyərsiniz, hansı səpkidə olan verilişə?

7 ildir aparıcılıq etdiyim səhər verilişi quruluşca, məzmunca elədir ki, sanki ən müxtəlif tərzli verilişlərin birləşməsidir. Ona görə də, sanki bir verilişdə bir neçə xarakterli veriliş aparıram. Amma gələcəkdə müəllif layihəmlə də efirdə olmağı çox istərəm. Bunun hansı səpkidə olacağını isə reallaşanda, baxanda bilərik.

Sizcə Azərbaycanın ən üst səviyyəli aparıcısı kimdir?

İstəmirəm burada yarışma açaq, kimlərisə sıralayaq. İşini düzgün icra edən, özünə, peşəsinə hörməti itirməyən hər kəs həmkarımdır, doğmamdır.

Sizcə bu gün izləyicilərin şou proqramlara yoxsa tok şoulara ehtiyacı var?

Əslində bu gün cəmiyyətin doğru, düzgün verilişlərə ehtiyacı var. Baxanda utanmayacağı, virus kimi özündən xəbərsiz ailəsinə, körpələrinə, xarekterinə, kimliyinə bulaşmayacağı layihələrə ehtiyacı var. Ucuz şoular narkotik kimidir. İzlədikcə izləyirsən, istəyirsən, ehtiyac bilirsən. Ona görə də ehtiyac göstərici deyil. Bugünki təlabat gerçək deyil. Epidemiyadır!

Ümimiyyətlə, bu gün izləyicinin zövqü sizi bir aparıcı kimi razı salırmı?

Yəqin ki, çoxluğu nəzərdə tutursunuz. Əlbətdəki xeyr. Amma bu zövqü həm də biz yaratdıq. Biz deyərkən, yəni televiziyalar, radiolar, saytlar… Sonra da, hər iki tərəf bir-birimizi qınamağa başladıq. Tamaşaçılarımız tənqid etdikləri verilişlərə baxa-baxa onları “reytinqli” etdilər, televiziyalarımız da tamaşaçı bunu istəyir, bunu bəyənir deyə-deyə elə verilişlərdən ibarət sərgi təşkil etdilər.

Sizcə telekanallar tamaşaçıların zövqünə uyğun verilişlər hazırlamalıdırlar yoxsa onlara öz verilişlərini təqdim edərək bu gün izləyicinin zövqünü hamarlamalıdırlar?

Sualınızın özündə gözəl cavabınız da var. Televiziya yalnız efir yayımlamır, həm də zövq formalaşdırır, təlabat yaradır. O mənada, televiziya yalnız istəniləni deyil, gərəkəni verməlidir.

Bayağı verilişə aparıcılıq edərsinizmi?

Sizcə? Bir izləyici kimi bu qədər illər ərzində bunu edəcəyimə ehtimal buraxmışammı? Əlbətdə ki xeyr.

Toya tamada kimi gedən aparıcıya münasibətiniz necədir? Özünüz tamada kimi toya gedərsinizmi?

Tamada o kəsdir ki, xalqımız ən əziz günündə onu söz sahibi, məclis bəyi edir. O kəsə böyük ixtiyar verir. Təəssüf ki, zamanla bir çox dəyərlər kimi, bu vəzifə də aliliyini, izzətini bir az itirib, öz şəklini dəyişib. Amma aparıcı kimi arzu olunduğum məclisə böyük ehtiramla gedirəm.Amma məclisi, ev sahibini, onun istəyini yaxşıca aydınlaşdırıram.

Bununla razısınızmı ki, internet və saytların inkişafı televiziyanı nisbətən arxa plana keçirdi?

Bu gün internet əsrində yaşayırıq. Onun həyatımızda yeri və çəkisi danılmazdır. Deməzdim ki, internet tv-ni arxa plana keçirib. Sadəcə bugünki informasiya bolluğunda, sürət zamanında hər şeyə diqqət parçalanıb. Əvvəllər kinoya ya kinoteatrda, ya da televiziyada baxardıq. Xəbəri ya qəzetdən, ya da televiziyada əsas xəbərlərdən alardıq. Sevdiyimiz verilişlərin, filmlərin efirə gedəcəyi vaxta qəzetdə işarə qoyardıq. İndi istər informasiya, istərsə də əyləncə tələbatımızı ödəyəcək görün nə qədər resurs var.

Gələcəkdə özünüzə məxsus telekanal açmağı düşünmüsünüzmü?

Əslində mənim ən böyük vəzifəm, ən böyük həzzim aparıcılıqdır. Amma gələcək nə göstərəcək bilmirəm. Nə vaxtsa buna maddi, fiziki, mənəvi gücüm çatacaqsa, niyə də olmasın.

Ümumiyyətlə, televiziya sizin üçün nədir?

Evdir, eşikdir. Ocaqdır, isti yuvadır. Evim kimi rahatlıq tapdığım, həyat kimi yaşadığım diyardır. Tamaşaçılarımla görüş yerimdir, arxada buraxdığım 20 ilimdir.

Sizcə bu peşə ilə hər kəs məşğul ola bilərmi?

Yox, yox, yox. Çoxu veriliş apara bilər, amma aparıcı ola bilməz. Təəssüf ki, bu gün bir çoxu tanınmaq üçün ya müğənni olmaq istəyir, ya da aparıcılığı seçir. Amma bu peşə mübarəkdir, qiymətlidir, alidir. Söz sənətini, sözlə işləməyi, sözə isinməyi bilmədən aparıcı olmaq olmaz.

Aparıcıların film və seriallara çəkilməsinə və ya aktyorların, modellərin aparıcılıq etməsinə necə baxırsınız?

İncəsənət sintetik bir sahədir. Bir işlə məşğul ola-ola digərlərini də öyrənirsən və ya bilməlisən. Yəni hər aparıcı həm də aktyor kimi verilişin janrına uyğun davranmalıdır, bir az da model tək dayanmalıdır. Və ya hər bir aktyor aparıcı kimi aydın nitqə sahib olmalıdır. Amma davamlı olaraq hər kəs öz işini icra etsə daha gözəl olar. İnsanın yaradıcı kimliyi olmalıdır. Amma haqqını verə bilirsə, öhdəsindən gələ bilirsə, bu başqa.Aparıcılıq edən aktyorlar, və ya aktyorluq edən aparıcılar da var ki, yaxşı nümunədirlər.

Heç olubmu ki, televiziyadan, aparıcılıqdan bezib bu sahədən uzaqlaşmaq istəmisiniz?

Olubsa da, bir qığılcım kimi, ildırım kimi tez gəlib keçib. Ürəyin ağrıyanda çıxarıb ata bilirsənmi? Yox.

Nə vaxta, neçə yaşınıza qədər aparıcılıq etməyi düşünürsünüz?

Ağlım kəsənə, dilim söz tuta bilənə və ən əsası Haqqın möhlətinə qədər.

Söhbətləşdi:

Səbuhi Allahverdizadə ,  (168saat qəzeti)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər