Sumqayıt yeganə online qəzetindən məhrum ola bilər

1181

“sumqayitxeber.com” onlene qəzetin baş redaktoru Eyvaz Qocayevin “168 saat” qəzetinə verdiyi müsahibəni diqqətinizə çatdırırıq…

Eyvaz Qocayev: “İnandırıcı görünməsə də bu saytı mən tək işlədirəm”.

İki il öncə – isti iyun günlərində sumqayıtlılara şəhərlə bağlı xəbərləri internetdən almaq imkanı yarandı. Eyvaz Qocayev tərəfindən yaradılan “sumqayitxeber.com” saytı şəhərdə ilk müstəqil xəbər saytı olmaqla yanaşı, ölkənin də ilk regional online qəzeti kimi tarixə düşdü… Bu həftə sayt iki yaşını qeyd etdi. Portalın fəaliyyətini necə davam etdirməsi və digər məsələlərlə bağlı suallarımızı Gənclər və İdman Nazirliyi və Gənclər və İdman Baş İdarəsi tərəfindən “İlin jurnalisti” nominasiyası üzrə mükafatlandırılmış, sözügedən saytın baş redaktoru Eyvaz Qocayev cavablandırıb.

– “Sumqayitxeber” hansı zərurətdən yarandı?

– Bildiyiniz kimi, son dövrlər informasiya texnologiyalarının inkişafı başqa sahələrdə olduğu kimi, media sektoruna da çox böyük təsir göstərdi. Yəni insanlar bu gün informasiyanı daha çox internet üzərindən ədə edir və paylaşır. Ölkə miqyasında online mediyaya keçid baş verdiyi bir zamanda regionlarda bu proses getmirdi. Xüsusilə də paytaxtın bir addımlığında yerləşən və ölkənin ən iri şəhərlərindən biri olan Sumqayıt şəhərində online medianın olmaması bizi düşünməyə vadar etdi. Bildiyiniz kimi, 2009-cu ildə Sumqayıt şəhərinin 60 illiyi təntənəli şəkildə qeyd olunurdu. Düşündüm ki, şəhərimizə məxsus bir online media yaratmaqla Sumqayıtın 60 illiyinə bir hədiyyə etmiş olarıq, həm də şəhər sakinləri və eləcə də xaricdə yaşayan sumqayıtlılar burda baş verən hadisələrdən xəbərdar olarlar. Beləcə “sumqayitxeber.com” ölkəmizdə ilk regional ineternet-qəzet olaraq iyun ayında fəaliyyətə başladı. Üstündən iki il keçməsinə baxmayaraq “sumqayitxeber.com” hələ də şəhərimizdə fəaliyyət göstərən yeganə online qəzetdir. Son zamanlar internet istifadəçilərinin çoxalması bu zərurəti daha da artırdı. Bu gün bircə gün informasiya yerləşdirilməyəndə zənglər olur ki, niyə informasiya yerləşdirilmir.

– Səhv etmirəmsə, bu, sizin jurnalistika sahəsində ilk işiniz deyildi…

– Bəli, 2003-2005-ci illərdə bir qrup gənc bir araya gələrək “Mübariz Azərbaycan” qəzetini nəşr etdik. Bu, gənclər qəzeti idi və daha çox tələbələr arasında yaayılırdı. Jurnalistika sahəsində ilk fəaliyyətim tələbəlik illərinə təsadüf edir. Lakin sonrakı dövrlərdə daha çox müstəqil jurnalist kimi fəaliyyət göstərmişəm. Bilirsiniz, bu saytı yaratmamışdan öncə öz şəxsi blogumda da Sumqayıtla bağlı məlumatları paylaşırdım və axtarış serverləri vasitəsilə “sumqayıt” kəlməsini yazaraq bloguma keçidlər edənlərin sayı getdikcə artırdı. Əslində, saytın yaranma zərurətlərindən biri də elə bu idi. Görürdüm ki, şəhərimizlə bağlı yayımlanan informasiyalara daha çox baxırlar. Belə qərara gəldim ki, ayrıca bir xəbər portalına ehtiyac var ki, ziyarətçilər burda yalnız şəhərimizlə bağlı məlumatları əldə etsinlər.

– Beləliklə, “sumqayitxeber.com” yarandı… Bəs əgər kommersiya sirri hesab etmirsinizsə, maliyyə problemini necə həll edirsiniz?

– Bayaq qeyd etdiyim kimi bu saytı mən şəhərimizə hədiyyə olaraq öz şəxsi maliyyəm hesabına yaratmışam. Düşünürdüm ki, əlavə dəstək olar və daha geniş şəkildə fəaliyyət göstərərik. Kəndardan baxdıqda hər şey çox sadə görsənir. Lakin bir xəbər portalının saxlanılması olduqca çox çətin prosesdir və kifayət qədər də maliyyə tələb edir. Bu gün oxucular daha çox informasiya istəyir, eyni zamanda da operativ şəkildə. Bunu təmin etmək üçün isə əlavə maliyyə tələb olunur. İnandırıcı görünməsə də bu saytı mən tək işlədirəm. İnformasiyanın toplanması, yazılması, sayta yerləşdirmə və sayta nəzarət. Bütün bunları tək bir insanın etməsi, əlbəttə ki, çox çətindir. Mən başqa sahədə çalışıram və burdan əldə etdiyim məvacibin və vaxtımın bir hissəsini məhz bu sayta sərf edirəm. Əgər əlavə müxbirlərimiz və texniki işçilərimiz olsa biz daha çox işlər görə bilərik. Təəssüf ki, hələ ki, buna nail ola bilməmişik. Bir neçə dəfə olub ki, mən bu saytın fəaliyyətini dayandırmaq istəmişəm. Əlbəttə, əgər bu cür davam etsə, nə vaxtsa şəhərimizin ilk və yeganə online qəzeti fəaliyyətini dayandıra bilər. Bu isə şəhər sakinlərinin yeganə online informasiya mənbəyinin itirilməsi olardı. Əslində, saytın fəaliyyətini dayandırmamağımızın səbəbi də məhz budur. Hansı yolla olursa olsun, çalışırıq ki, oxucularımız informasiyasız qalmasın.

– Son vaxtlar saytı, başqa sözlə, sizi ən müxtəlif tədbirlərin təşkilatçısı kimi görürük. Bu sırada teatr tamaşalarını, rok konsertini və kino təqdimatını qeyd etmək olar. Bunu sizin yeni bir sahəyə – məsələn, menecerlik işinə keçidiniz kimi dəyərləndirmək olarmı?

– Siz qeyd etdikləriniz mədəniyyətlə bağlı olan aksiyalardır. Məqsəd şəhərdə gənclərin asudə vaxtını keçirməsinə şərait yaratmaq və dəstək olmaqdır. Həmişə şəhər gəncləri bundan şikayətlənirdilər. Düşünürəm ki, biz özümüz bu şəraiti və mühiti yaratmalıyıq. Oturub gözləməməliyik ki, kimsə bizi çağıracaq teatra və yaxud da başqa tədbirlərə. Biz gənclər kollektiv şəkildə bu tədbirləri təşkil etməliyik. Yəni menecer rolunda elə biz gənclər olmalıyıq. Çünki biz nə istədiyimizi daha yaxşı bilirik, nəinki digərləri. Bu sahədə bizim ilk addımımız 10 Apreldə baş tutdu. Biz sosial şəbəkələr vasitəsilə gəncləri teatra dəvət etdik və çox gözəl nəticəsini gördük. Bu gün artıq teatrı sevən gənclər şəbəkəsi mövcuddur. Biz ayda iki dəfə o gənclərlə teatra gedir və tamaşaları seyr edirik. Bir sözlə, bu qısa müddətdə biz şəhərimizdə az da olsa gənclər arasında teatr ənənəsini formalaşdırmağa nail olduq. Bilirsiniz, gənclər müxtəlif maraq qruplarına aiddirlər. Hər kəs teatrı sevə bilməz. Odur ki, “Rok” həvəskarları üçün bu günlərdə konsert təşkil etdik və çox maraqla qarşılandı. 5 iyunda şəhərimizdə film nümayişi olacaq. Bütün bunları tələbatı nəzərə alaraq həyata keçiririk. Gələcəkdə muğam gecələrinin təşkilini də nəzərdə tutmuşuq. Əlbəttə, bunun üçün bizə müəyyən dəstəklər lazımdır. Sumqayıt teatrının direktoru Mehman Şükürov, Sumqayıt şəhər Gənclər və İdman idarəsinin rəisi Musa Həsənov bizim təşəbbüslərimizi dəstəkləyiblər. Bildiyiniz kimi şəhərimizdə Kino klub fəaliyyət göstərmir və biz bu boşluğu aradan qaldırmaq üçün heç olmasa proyektor vasitəsilə ay ərzində bir neçə dəfə kinoya baxmağı planlaşdırmışıq. Sumqayıt şəhər İcra hakimiyyəti də bu sahədə bizim təşəbbüsümüzü dəstəkləyib və bu mənəvi dəstək bizə çox böyük stimul verir ki, gələcəkdə şəhərimiz üçün daha çox işlər görək.

– Necə düşünürsüz, Sumqayıtda yerli media yerli informasiya təlabatını ödəyə bilirmi?

– Bu suala birmənalı cavab vermək doğru olmazdı. Sumqayıtda demək olar ki, bir qəzet – “168saat”, bir online qəzet – “sumqayitxeber.com” və bir “Dünya” TV var. Düşünürəm ki, hər bir media qrumu müxtəlif sahələrdə informasiya tələbatını müəyyən mənada ödəmiş olur. Lakin bu 3 müxtəlif sahədə fəaliyyət göstərən media qrumlarına müəyyən dəstəklər olsa daha yaxşı olar. Yəni daha artıq rəngarəngliyə nail olmaq mümkün olar. Hər sahəyə toxunmaq olar, boşluqlar qalmaz. Misal üçün mən çox istərdim ki, “168 saat” heç olmasa həftədə 2 dəfə nəşr olunsun və yaxud da daha çox.

P.S. Gəlin ümid edək ki, bu yazının başlığı heç vaxt xəbərə çevrilməyəcək, yalnız qəzetimizin arxivində qalacaq.

Söhbətləşdi: Vüsal Məmmədov, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Elman
    İyun 11, 2011 - 23:57

    Saytınız çox xoşuma gəlir. Şəhərə aid xəbərlərdən agah oluruq. necə deyərlər: Sükanı belə saxla.

  • vuqar
    İyun 12, 2011 - 00:16

    Sumqayitimiz bir denedi, istemerikki onun yegane online qazeti baglansin. Biz bir vetandas kimi elimizden geleni ede bilerik.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər