SUMQAYIT – yeniləşən doğma şəhər…

4299

SUMQAYIT  – yeniləşən  doğma şəhər…

Mavi  Xəzərin kəhraba qumlu sahilində üfüq boyu ağ mirvari boyunbağı kimi uzanan əfsanəvi  şəhər… Xəzərin sinəsində mirvaritək bərq vuran qədim Coratın qoynunda salınan şəhər…  Azərbaycanın başqa şəhərlərindən fərqli olaraq düzənlikdə yerləşən bu şəhər  70 yaşın astanasında olan möcüzələr məskəni Sumqayıtdır. Hələ 1940-cı illərin əvvəllərindən təməli kiçik baraklardan, taxta evlərdən qoyulan Sumqayıt bir-birinə yad olan insanları ağuşuna alaraq onları doğmalaşdırdı və özü də doğmalaşdı. Həmin illərdə  “fəhlə yataqxanası”nı  xatırladan  Sumqayıt zirvələri fəth  etməyə həmişə hazır olan qağayılar, göyərçinlər sığınacağı kimi tanınırdı. Sonradan taleyini bu şəhərlə bağlayanların danılmaz əməyi sayəsində Sumqayıt gənclik, iri sənaye şəhəri kimi ad qazanaraq başqa şəhərləri kölgədə qoydu. 1949-cu ilin noyabr ayının    22-dən şəhər statusu alan Sumqayıtın bu günə qədər keçdiyi əzəmətli inkişaf yolu böyükdür.   Bu böyüklükdə gecə-gündüz yorulmadan çalışan, çətinliklərə zəhmətilə sinə gərən əli qabarlı fəhlə əməyi, ziyalı zəkası var. Sumqayıtda hər daşın üstünə bir daş qoyub onu zirvələrə çatdıranlar bu şəhərlə birgə ucaldılar.  Sumqayıtın yaddaş tarixində izlər qoyan ilk əmək bahadırları – Zəminə, Gülbahar, Fərman və başqaları şəhərin qızıl açarını bugünki nəslə ötürdülər.

Bu gün Sumqayıt yenilikləri ilə fərəh doğurur. Sürətlə həyata keçirilən böyük iqtisadi layihələr öz bəhrəsini bu gün də verməkdədir. Müasir siması ilə dünyanın  inkişaf etmiş  gözəl şəhərlərindən biri kimi tanınan doğma Sumqayıt şəhərindən  istər ölkəmizdə, istərsə də xaricdə fərəhlə danışılır. Yeniləşən Sumqayıtın müəllifi kimi qəbul edilən bacarıqlı təşkilatçı rəhbər, hörmətli İcra başçısı Zakir Fərəcovun bu şəhərin mədəni  səviyyəsinin  yüksəlməsi və modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra islahatların gerçəkləşməsində səylə çalışması  müsbət nəticələrin, yeni nailiyyətlərin əldə olunmasına zəmin yaradır.

Abadlıq, quruculuq işləri davam edən doğma Sumqayıt yeniliklərlə doludur. Çağdaş tərəqqi ünvanı olan Sumqayıt şəhəri başqa şəhərlərə nümunədir. Beynəlxalq mükafatlara layiq görülən Sumqayıt bulvar-park həqiqətən möcüzə doğurur. Qısa müddətdə ərsəyə gələn bulvar-park təkcə şəhər əhalisinin deyil, həm də  xarici qonaqların sevimli istirahət mərkəzinə çevrilibdir.  Yüksəliş dinamikasından xəbər verən şəhərin sosial-iqtisadi inkişaf göstəriciləri dövlət başçısı cənab İlham Əliyevin  Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi  olan Sumqayıta səfərlərinin, diqqət və qayğısının nəticəsidir.  Sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi ağ göyərçinli şəhərin adını həm ölkəmizdə, həm də xaricdə böyükdən kiçiyə qədər tanıtdı, iri sənaye şəhərinə maraq daha da artdı. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. 2018-ci ilin əvvəlindən Sumqayıtda ümumi daxili  məhsul istehsalı 36 faiz artaraq 1 milyard 500 milyon manatdan çox olub ki, bunun da üçdə biri sənaye müəssisələrinin payına düşür. Yerli  istehsalın artırılmasını vacib hesab edən dövlətimiz  maliyyə vəsaiti ayıraraq yeni layihələr əsasında nəhəng müəssisələrin yaradılmasına dəstək olur. İyul ayında İtaliya prezidenti Sercio Mattarella ilə Sumqayıt Kimya Sənaye Parkında SOCAR – Polimer MMC-nin polipropilen istehsalı zavodunun açılışında iştirak etmiş dövlət başçımız həmin müəssisənin fəaliyyətə başlamasını çox əlamətdar hadisə adlandırmışdır. Kanada və Avstriya texnologiyası əsasında il ərzində 180 min ton məhsul istehsalı qabiliyyətinə malik zavodda 450 nəfər işlə təmin edilmişdir.

Bir sıra qabaqcıl ölkələrin maraq dairəsinə çevrilən  Sumqayıt Kimya Sənaye Parkı  ölkəmizin ən iri sənaye parkı  olduğundan ixtisaslı kadrların hazırlanmasına ehtiyac duyulur. Bu məqsədlə müasir tipli Peşə Tədris Mərkəzinin, istehsal gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunun, illik gücü 650 min ton olan azot gübrəsi istehsal edəcək “Karbomid” zavodunun, Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı müəssisəsinin, Avstriya texnologiyası əsasında ildə 6 milyon kubmetr həcmində fibro sement lövhələr istehsalı müəssisəsinin, Cənubi Koreya texnologiyası əsasında ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsalı müəssisəsinin, İsveçrə və Türkiyə texnologiyaları əsasında ildə 5 min ton tikinti qatqısı istehsalı müəssisəsinin, 7 milyard ədəd siqaret istehsal edəcək tütün fabrikinin, “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal edəcək yun əyirici-boyaq fabriklərinin tikintisi davam etdirilir.  Sumqayıt şəhər İcra hakimiyyətinin köməyi ilə 2500-ə yaxın adam işlə təmin olunub. Sumqayıta məlum hadisələrlə bağlı pənah gətirən məcburi köçkünlərin problemləri də həmişə diqqət mərkəzindədir. Hörmətli prezidentimiz cənab İlham Əliyevin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıt şəhərinin 12-ci mikrorayonunda  936 ailənin, şəhərətrafı ərazidə isə 1000 ailənin köçürülməsi üçün inşa edilən yeni yaşayış binaları buna əyani sübutdur. Şəhər təsərrüfatının günün tələblərinə uyğun səviyyədə inkişafı qüdrətli dövlətimizin  qayğısı ilə əhatə olunubdur. Şəhər rəhbərliyinin böyük bacarıq və təşkilatçılığı ilə görülən abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri  ürəkaçandır. 2015-ci ilin sentyabr ayından mərhələli şəkildə görülən işlərin sırasında yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri bu gün də davam edir. Şəhərin küçələrinə döşənən asfalt örtüyü 170 min kvadratmetr, mikrorayon və məhəllələrin ərazisində isə 120 min kvadratmetr təşkil edir.  35 min kvadratmetr asfalt örtüyünün cari təmiri, 38 min poqonmetr səki daşının dəyişdirilməsi və rənglənməsi, 58 kanalizasiya quyusunun bərpası, küçə və prospektlərə 459 ədəd ünvan lövhəsinin vurulması və bu kimi digər işlərin görülməsi müasirləşən Sumqayıta yeniliklər bəxş edir.  “Bağlar massivi” yolunda 16 kilometr uzunluğunda  17 min kvadratmetr sahə asfaltlanıb. Metallurq Yəhya Məmmədov küçəsi abadlaşdırılıb. “Acıdərə” kanalının böyük bir hissəsi iri diametrli borulara salınıb, yol genişləndirilib və asfalt örtüyünün döşənməsinə başlanılıb. Abadlıq-quruculuq işləri davam edir.

Sumqayıt dövlətimiz tərəfindən həmişə böyük diqqət və qayğı ilə əhatə olunub. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyevin bu ilin noyabr ayının 16-da doğma şəhərimizə gəlişi və Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirakı əhalidə yeni ruh yüksəkliyi yaratdı. Həmin gün ölkə başçısının  imzaladığı “Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edən Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənaye sahələrinin yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən gücü 525 MVt olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilib. “Azərikimya” İB-nin müəssisələri yenidən qurulub. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” zavodu, “Sağlam qida” Aqrar Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisələri yaradılıb. Həmçinin Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər zavodu. Pestisid və aqrokimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, “STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları istifadəyə verilib. 65 mindən çox yeni iş yeri açılıb. Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də yerinə yetirilib, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilib. 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunub. “ASAN Xidmət” Mərkəzi fəaliyyətə başlayıb. 22 ümumtəhsil müəssisəsi istifadəyə verilib, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınıb, geniş abadlıq quruculuq işləri görülüb.  Sərəncama əsasən Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Pespublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt şəhər İcra hakimiyyətinə 5 milyon manat, o cümlədən 18 çoxmənzilli binanın istismara yararsız 62 liftinin  yenilənməsi üçün 2,5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,5 milyon manat ayrılıb. Hər zaman yeni nəslin təlim-tərbiyəsini üstün tutan dövlət başçısı Sumqayıtda 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayırıb. Bu yaxında şəhərin 6-cı mikrorayon ərazisində müasir tələblərə cavab verən “Kaspi” uşaq bağçasının açılışı da sakinlər tərəfindən rəğbətlə qarşılanıbdır.

Bəli, Sumqayıt inkişaf edir, böyüyür və dünyanın ən gözəl şəhərləri sırasında tanınır. İstər mədəniyyət, təhsil, səhiyyə, idman,  istərsə də sosial-iqtisadi sahələrdə əldə olunan uğurlarda üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirən hər kəsin payı var.  Təməli qoyulan gündən bu günədək  şanlı zəfər yolu keçən Sumqayıt 70 illik yubiley ərəfəsindədir. Əminliklə demək olar ki, Sumqayıt yeniləşən şəhər kimi 2019-cu ildə yubiley münasibətilə daha böyük uğurlara imza atacaq və yeni xarüqələr yaradaraq tarixi səhifələr yazacaq.

RƏNA  İMANOVA

AJB-nin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər