“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda cari ilin üçüncü rübü ərzində bir sıra mühüm işlər yerinə yetirilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, müəssisədə 330 kV-lik “Yaşma” yarımstansiyasında 1 və 2 saylı 200 MVA avtotransformatorlar və onların avadanlıqları əsaslı təmir edilib, eyni zamanda açıq paylayıcı qurğularda təmizlik işləri yerinə yetirilib. 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyası üzrə də analoji yenidənqurma və təmir işləri aparılıb. Belə ki, burada avtotransformatorların təmiri ilə yanaşı, II və III “Sənaye Qovşağı”, I “Poladəritmə” yarımstansiyaları və onların yardımçı avadanlıqları cari təmir edilərək normal iş rejiminə gətirilib. 110 kV-lik “Sumqayıt-3” yarımstansiyasından da təmir işləri aparılıb. Burada 3 saylı 63 MVA-lıq transformator təmir edilib, V, VII, VIII “Sumqayıt”, II “Sulfanol” və III “Sənaye Qovşağı” EVX-də isə eleqaz açarları və onların yardımçı avadanlıqları cari təmir olunub.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, dayanıqlığın daha da artırılması məqsədilə YGEŞ üzrə də uğurlu təmir-bərpa işləri görülüb. Məsələn, bu tədbirlər sırasına 110/35/6 kV-lik “Ceyran-Batan”, “Goradil”, “Xırdalan” yarımstansiyalarını aid etmək olar ki, burada da bütün elektrik avadanlıqları saz vəziyyətinə gətirilib və qış mövsümünə tam hazır vəziyyətdədirlər. Müvafiq təmir-bərpa işləri YGEŞ-in balans mənsubiyyətinə daxil olan hava elektrik verilişi xətlərində də aparılıb. Buradakı 330 kV-lik I və VIII “Abşeron” HX-də bir neçə dayağın ilgəkləri (şleyf) təmir olunmuş, ildırımötürücü xətt armaturları yoxlanılıb. Müxtəlif təyinatlı təmir işləri 330 kV-lik “Xaçmaz” və 220 kV-lik “Yaşma” EVX-lərində də icra edilib.
Yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq 110/35/6 kV-lik “Ceyran Batan” yarımstansiyasındakı 92 kubmetr tutumu olan su hovuzu təmir edilmiş, 110/10/ kV-lik yarımstansiyada su hovuzu təmizlənib, abadlaşdırılıb, 330 kV-lik “Yaşma” yarımstansiyasında isə avtomatik yanğınsöndürmə qurğuları yoxlanılıb.