Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin ağır cəzalandırılaraq işdən azad edilən rəhbərliyinin yerinə təyinat olub.
Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin ağır cəzalandırılaraq işdən azad edilən rəhbərliyinin yerinə təyinat olub. AzNews.az-a daxil olan məlumata görə, daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə bu vəzifəyə mayor, 1976-cı il təvəllüdlü Bayram Mazan oğlu Zeynalov təyin edilib.
B. Zeynalov bundan əvvəl Qaradağ rayon Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Onun Sumqayıt Yol Polisinə rəis gətirilməsi bir qədər təəccüblə qarşılanıb. Çünki bura çox həssas yer hesab olunur. Bir-birinin ardınca iki rəisin nöqsanlara görə qovulduğu posta, nazirin daha təcrübəli kadr təyin edəcəyi gözlənilirdi. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi postunun iki ay boş qalması da bu fikri deməyə əsas verirdi.
Xatırladaq ki, bu şöbənin əvvəlki rəisi Azad Camalov və daha bir neçə polis zabiti yoxlamalar zamanı nöqsanlar aşkarlanması səbəbindən işdən uzaqlaşdırılaraq sərəncama göndərilib. Ondan əvvəlki rəis – polis polkovnik-leytenantı Əhmədağa Məmmədov da ciddi nöqsanlar səbəbindən nazir Ramil Usubovun əmri ilə vəzifəsindən uzaqlaşdırılmışdı.
Ciddi nöqsanların “qaçılmaz” olduğu bu posta birdən-birə gözlənilməz şəxsin təyinatı müəyyən suallar doğurur və Bayram Zeynalovu yaxından tanımağa maraq yaradır. AzNews.az-ın əldə etdiyi məlumata görə, bu təyinat Bayram Zeynalovun yaxın adamların nazirlə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, Bayram Zeynalovun atası “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalov Masallıdan olan iş adamıdır. Hacı Mazan isə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin adamı kimi tanınır. Onların qohumluq əlaqələri var. Həm də Şeyxin Qardaşı, millət vəkili Cavanşir Paşazadənin biznes ortağıdır. Bayram Zeynalov həm də DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş, bir müddət əvvəl təqaüdə göndərilən polkovnik Şərif Əsədullayevin kürəkənidir.