Sumqayıt yolunda əxlaqsızlıq yuvası

5684
İnsan alveri göz qabağında; 18-40 yaşlarında qadınlar 20 manata satılır

Bazarda satılan mal kimi vitrinə qoyulan qadınlar, kafeyə faiz ödəyən kişilər və iyrənc “yataq otağı”
Hələ bir neçə ay öncə tanışlarımdan bir neçə dəfə eşitmişdim ki, Bakı-Sumqayıt yolunda əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Söhbət ondan düşmüşdü ki, Bakıda əxlaqsızlıq yuvalarına qarşı tədbirlər genişlənir. Hər gün ən azı 2-3 nəfər həbs olunaraq, insan alverçisi və ya əxlaqsızlıq yuvası təşkil edən şəxs kimi məsuliyyətə cəlb olunurdu. Bütün bunlara görə, tanışlarımın dediklərinə inana bilmirdim. Onlar isə iddia edirdilər ki, Sumqayıt yolunda buna heç kim əhəmiyyət vermir, hər şey göz qabağındadır. Hələ o vaxtdan həmin obyektlərin birinə gedib yazı hazırlamaq istəyirdim. Göz qabağında olan şeyi mən də görmək istəyirdim. Amma imkan düşməmişdi.
Necə oldusa, bu yaxınlarda yolumuz Sumqayıta düşdü və həmin tanışlarım  mənə sözügedən əxlaqsızlıq yuvalarından birinin yerini göstərdi. Qaranlıq düşəndən sonra ora gedəsi olduq. Söhbət zamanı məlum oldu ki, bu cür obyektlər Sumqayıt yolunda çoxdur. Biri, Saray postuna çatmadan yolun sağındadır, qalanları da elə bu yolun sağ-solunda fəaliyyət göstərir. Bizim getdiyimiz “Səhər” kafesi isə Sumqayıtın girişindən bir az əvvəl, “Azpetrol” yanacaqdoldurma məntəqəsinə təxminən 100 metr qalmış sağa döndükdə, 200 metr irəli, yolun solunda fəaliyyət göstərir. Bura kənardan baxanda heç də dəbdəbəli, normal bir yerə bənzəmir. Sınıq-salxaq pəncərələri, çala-çuxur yolu olsa da, kafenin həyətində müxtəlif bahalı markalı maşınlara rast gəlmək olar.
Kafeyə çatmamış musiqi sədaları eşidilir. Hiss olunur ki, cəmi bir sintezatorla “canlı ifa” gedir. Arada isə müxtəlif türk və Azərbaycan mahnıları ifa olunur. Oyun havaları üstünlük təşkil edir. Kafenin həyətinə yaxınlaşanda adama elə gəlir ki, burada toy məclisi var. Lakin həyətdə gözə dəyən yalnız maşınlar və maşınların arxasında xısınlaşan müxtəlif yaşlı kişilər, gənc oğlanlardır. “Palatka” toyunu xatırladan bu mənzərə ilə rastalaşanda hiss olunur ki, bura heç də yaxşı bir yer deyil. Çünki həyətdəki insanlar üzünü bir-birindən gizlədirdi. Sanki oğurluq iş görürdülər. Yaxınlaşıb həyəti müşahidə etdikdən sonra balaca daxmalara girib-çıxan oğlanları və qızları gördük. Kafeyə daxil olduqda isə musiqinin səsindən ağız deyəni qulaq eşitmirdi. Lakin gözümüz kafenin bir küncünə toplaşmış yarıçılpaq qızları dərhal gördü. Təxminən 30-40 qadının yığışdığı bu məclisə baxanda mənə elə gəldi ki, bir neçə əsr bundan əvvəl hansısa şahın hərəmxanısını görürəm. Fərq yalnız bu idi ki, musiqinin səsi qulaqlarımızı batırır və hamı danışırdı. Qızlar dərhal kafeyə daxil olan yeni müştərilərə göz qoyur, biz bir masada əyləşən kimi gəlib yanımızdan o yan-bu yana keçib özlərini nümayiş etdirirdilər. Burada əynində normal geyimi olan qız görmədik. Bir sözlə, bu qızların hansı ilə küçəyə çıxıb gəzsən, səni “topa” tutarlar. Qısaca demək olar ki, əksəriyyəti elə alt paltarına bənzər geyimdə idilər. Göbək açıq, əllərində siqaret, içki və arsız-arsız gülüş sədaları məndə bir ikrah hissi oyatdı. Bəzilərinin üzündə bura yığışmış kişilərə nifrət, yorğunluq və yazıqlıq da görmək olardı…
Qız, yoxsa satlıq mal?
Bu mənzərəyə nə qədər diqqətlə baxsam da, gözlərimə inana bilmirdim. Doğrudanmı Azərbaycanda, Bakı ilə Sumqayıtın arasında bu cür obyek fəaliyyət göstərir və bunu heç kim “görmür”? Doğrudanmı bu qızların hamısı əxlaqsızlıqla məşğul olur? Doğrudanmı?.. Suallar çox idi. Amma mən hələ indinin özündə də bu mənzərəni xatırlayarkən bunu Azərbaycanda gördüyümə inanmıram və yenə də öz-özümə sual verirəm. Çəkdiyim videoya, fotoya baxdıqda belə məndə inam yaranmadı. Hətta bu yazını yazmağa da tərəddüd edirdim. Amma nəhayət, yazdım…
… Yol gedərkən tanışlarıma demişdim ki, həmin obyektdən yazı yazacam. Ona görə də foto və video çəkiliş aparmalıyam. Sağ olsunlar, onlar da mənə kömək etdilər. Gördüyünüz bu fotolar və videoların çəkilməsində onların da xidmətləri oldu. İçəri qaranlıq olduğu üçün hər şeyi aydın çəkə bilməsək də, içəridəki hay-küydən, küncə sığınmış qızların görüntüsündən hər şeyi başa düşmək olar. Müştərilər bazarda mal seçdikləri kimi, burada qızları da eyni üsulla seçib bir barmaq işarəsi ilə yanlarına çağırırlar. Dərhal qiymət danışılır və … Bu qızlar burada hər gecə bir neçə neçə kişi ilə cinsi yaxınlıq edir. Müştərilərin sayını heç qızların özü də dəqiq bilməz. Bu qızların yaşı 18-dən 40-a qədər olar. İçərisində doğrudan da gözəl qızlar var. Amma əksəriyyəti o qədər iyrənc və bayağı görünür ki, onlara kiminsə tamah saldığını düşünmək belə olmur. Sallaq bədən, tökülmüş dişlər, qırış sifət. Görünür, burada belələrinə də tələbat var.
Gözəl qızların “alveri” yaxşı gedir, boş dayanmağa vaxt tapmırlar. Yanımızdakı masada iki gənc oğlan utana-utana həmin qızlardan birini yanlarına çağırdı. Bircə onu başa düşdüm ki, qız həmin oğlanlara “gözləyin, sizdən əvvəl başqasına söz vermişəm, onu yola verim gəlirəm” deyib getdi. Biz oturduğumuz masaya tanışlarım pivə sifariş etsə də, mən nəinki içmək, burada nəyəsə əl vurmaq niyyətində olmadığımı söylədim. Onlar deyəsən bura əvvəllər də gəldikləri üçün hər şey adi görünürdü. Mənsə ilk dəfə bu mənzərə ilə qarşılaşdığım üçün çaş-baş qalmışdım. Təxminən 15 dəqiqə sonra az əvvəl yan masadakı oğlanlara “gözləyin gəlirəm” deyən qız gəlib çıxdı və oğlanlardan biri ilə əl-ələ tutub zaldan bayıra çıxdılar. 20 dəqiqə sonra qız geri qayıtdı, oğlanı isə görmədim.
Yekəqarın kişilər, yorğun sifətlər və türklərin azəri qızlarla məzələnməsi
Tanışlarımdan birinin də deyəsən bu qızdan xoşu gəlmişdi. O da durub həmin qıza yaxınlaşdı və bayıra çıxdılar. Geri qayıdanda hara getdiklərini soruşdum, cavab verdi ki, həyətə çıxan kimi yan tərəfdə bir neçə balaca otaq var, oğlanlar bəyəndikləri qızlarla qiymət danışıb razılaşdıqdan sonra həmin otaqlarda görüşüb, yaxınlıq edirlər. Bir qız oğlanla 20 manata razılaşırsa, o zaman oğlan əlavə olaraq kafeyə 5 manat yer haqqı ödəyir. Bundan əlavə, kafe rəhbərliyi sonradan da hər qızdan yaxınlıq etdiyi hər bir müştəriyə görə 5 manat faiz alır. Kafedə bəzən elə bir mənzərə yaranırdı, qızlar və oğlanlar o qədər tez-tez qiymətləşib bayıra çıxırdılar ki, elə bil hansısa bazarda alver gedirdi.
Yaşı 50-dən çox olan yekəqarın kişilərin bu çılpaq qızlara acgözlüklə baxdığını seyr etdikcə, məni gülmək tuturdu. Bu kişilərin üz-gözünə baxanda hiss olunur ki, gün ərzində kiminsə evində, obyektində fəhləlik edib, daş daşıyıb 5-10 manat pul qazanıb, onu da bu gecə burada bu göbəyiaçıq qızlara xərcləyib gedəcək. Üzündən yazıqlıq, yorğunluq yağan bu insanlara baxmaq, onların qızlara aslanın ova baxdığı kimi baxmağını seyr etmək həqiqətən, acı bir mənzərədir. Hələ buradakı cavan oğlanları demirəm. Günün altında işləməkdən qap-qara qaralmış bu insanlar bəlkə də, bu iyrənc yerdə hansı xəstəliklərə, hansı bəlalərə düçar olduqlarını anlamırlar. Bunu onlara deyən də yoxdur. Türk qardaşlarımız da burada bizim yarıçılpaq qızlarımızla əylənirlər. Türk və Azərbaycan mahnılarının sədaları altında bu qızlarla göbək atan türk kişiləri özlərini elə aparırdılar ki, sanki bununla bizi təhqir etdiklərini nümayiş etdirməyə çalışırdılar. Buradakı qızlar azərbaycanlı oğlanlarla dərhal qiymət danışıb “yataq otağına” keçdikləri halda, türklərlə uzun macəra yaşamağa üstünlük verirdilər. Məsələn, qızlar türklərlə rəqs edir, onlara sarılıb nəsə danışıb gülürdülər. Deyəsən, türklərdən daha çox para qoparmaq üçün qızlar bu üsula əl atırdılar.
Xeyirsiz “Səhər” – xəstəlik mənbəyi 
Bu məkan elə bir yerdir ki, burada hər sifətə, hər tipə rast gəlmək olar. Bəlkə də qonşudan borc alıb bura gələn də var idi. İnsanın üzünə baxanda çox şeyi başa düşmək olur. Bu kafenin adı “Səhər”dir. Buranın sahibinin hər səhəri minlərlə manatla açılır. Amma buraya gəlib-gedənlərin bəzisinin sabahı hansısa xəstəxanada açılacaq, kimisi sabah içkinin təsirindən ayılıb peşman olacaq, biri əlini cibinə salıb dünən xərclədiyi pullara heyfsilənəcək, bəziləri də “axşama pul tapsaydım, yenə ora gedərdim” deyəcək. Bax, bu barədə daha geniş danışmaq olar.
“Səhər” kafesinin gündəlik qazancını hesablasan əməlli-başlı pul çıxar. Di gəl ki, buradakı “yataq otağı” kimi təqdim etdikləri yer əsl xəstəlik mənbəyidir. Ayaqyoluna girmək adıyla həmin otaqlardan birinə girdim, heyf ki, yaxşı çəkiliş apara bilmədim, çünki bığıburma bir kişi içəri girib burada nə etdiyimi soruşdu və bayıra çıxmağımı tələb etdi ki, bəs, bayırda müştəri gözləyir. Mən sadəcə imkan tapıb ayaqyolu deyilən yerin bir solğun fotosunu çəkə bildim. Bir də müşahidələrim mənə bəs edər. Qızların müştəri qəbul etdiyi yataq otağı dəhsətli bir mənzərədir. Taxt dedikləri yataq yerini xəstəxana çarpayıları əvəz edir. Çarpayının üstünə isə nimdaş bir mələfə atılıb ki, onu itin altında atsan, üstündə yatmağı özünə təhqir sayar. Di gəl ki, bizim bığıburma kişilər, cavan oğlanlarımız o otaqlarda gündə ən azı 15 nəfərlə görüşən qızlarla cinsi əlaqəyə girir. Amma insafən qoruyucudan da istifadə edirlər. Çünki ayaqyoluna girəndə ayağımı qoymağa yer tapmadım. Yerdə azı 100-dən çox qoruyucu və boş su qabları var idi. Məlum oldu ki, cinsi münasibətdən sonra cütlüklər burada “yuyunub təmizlənirlər”. Yuyunmaq deyəndə ki, bayaq dediyim o bığıburma nəzarətçi boş sok qablarında müştərilərə su gətir, çünki su gəlmir. Müştərilər də işi görəndən sonra bu butulkalardan su töküb yuyunurlar. Bu da bunların təmizliyi…
“Səhər” hər axşam açılır, qaranlıq düşən kimi burada müştərilərin əlindən tərpənmək olmur. Tanışlardan biri dedi ki, burada görüşdüyü qız ona başqa yerdə görüşməyi də təklif edib. Amma gərək 120 manat ödəyəsən. Çünki qız həmin pulun 20 manatını kafeyə faiz ödəyəcək. Səbəbi isə budur ki, qız artıq “Səhər”in malıdır, onu ancaq “Səhər” sata bilər. Gözümüzün qabağında, yolumuzun üstündə, qulağımızın dibində hər axşam “Səhər”də alver gedir – insan alveri. Bunu görən yoxdumu? Doğrudanmı, görən yoxdur? Doğrudanmı, mənim gördüyümü hüquq-mühafizə orqanları görmür? Yoxsa, “Səhər” axşamlar açıldığı üçün qaranlıqda baş verənləri görmək çətindir? Biz sizin işinizi asanlaşdırdıq cənablar, buyurun. Məkan bəlli, yer bəlli, zaman bəli. “Səhər”iniz xeyirli olsun!
Elməddin MURADLI
Foto və videolar müəllifindir
Publika.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər