Sumqayıt – yüksəliş və quruculuq məkanı

1230

44 günlük Vətən müharibəsindəki zəfər, ərazi bütövlüyümüzün bərpa edilməsi respublikamızın qarşısında yeni çağırışlar formalaşdırıb. Bundan irəli gələrək işğaldan azad olunmuş ərazilərimizin bərpası milli prioritetə çevrilib. Bununla yanaşı, respublikamızın digər regionlarının sosial-iqtisadi inkişafına dair öncədən müəyyən olunmuş proqramlarla qarşıya qoyulmuş vəzifələrin də yerinə yetirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Sumqayıt şəhərində müşahidə etdiklərimiz, şəhərin iqtisadi həytındakı yeniliklər göstərir ki, öncədən müəyyən olunmuş proqramlar üzrə bütün vəzifələr çevik şəkildə icra olunur. Artıq pandemiyanın yaratdığı çətinliklər də geridə qalır.

Müasir sənaye mərkəzi

Sumqayıt şəhərinin tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Bu gün Sumqayıt ölkə Prezidenti

İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunub. Son 19 ildə şəhərdə qazanılanhərbirsosialiqtisadiuğurPrezidentİlhamƏliyevinadı ilə bağlıdırXüsusən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxarıb. Olkənin makroiqtisadi gostəricilərində şəhərin xüsusi cəkisi yuksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal muəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.

Azərbaycanın tərəqqisinə hər birinin böyük töhfəsi olan şəhərlərimizin sırasında Sumqayıtın yeri tamamilə başqadır. Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt indi bu şərəfli adı daha da layiqincə daşıyır. Son illər şəhərdə yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.

Xatırladaq ki, son illərdə Sumqayıtda gücü 525 MVt olan elektrik stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, “Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları, “Aqrokimya Azərbaycan” MMC tərəfindən pestisidlər istehsalı zavodu istifadəyə verilib.

Bir neçə il əvvəl isə Kimya Sənaye Parkında inşa olunmuş və ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR Karbamid” zavodunun və “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodu istifadəyə verilib. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihələr olan bu müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə hər il 200 milyon dollar məbləğində vəsaitin daxil olmasına imkan yaradır. Ümumiyyətlə, bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə sanballı töhfələr verir.

Göründüyü kimi, Sumqayıt həm də müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarıb və bu işlərdə inamla irəliləyir. İndi bu şəhər nəinki Azərbaycanın, hətta bütün  Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə yüzlərlə sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi də odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir. Prezident İlham Əliyev Sümqayıtı müasir sənaye mərkəzi adlandıraraq deyib: “Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə insanların sağlamlığını nəzərə almışıq”.

Cari ilin birinci rübünün makroiqtisadi göstəriciləri Sumqayıtın davamlı inkişafının təcəssümüdür. Belə ki, şəhər üzrə ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz və ya 403,8 milyon manat artaraq 1 milyard 243,1 milyon manata çatıb. Sənaye müəssisələrində 1077,4 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur. Müsbət meyillər şəhərin yerli dövlət büdcəsinin cari ilin birinci rübündəki göstəricilərində də özünü büruzə verib. Birinci rübdə şəhərin yerli büdcəsinin gəlirləri proqnoza qarşı 16,2 faiz və yaxud 1,9 milyon manat artıqlaması ilə icra olunub və yerli büdcəsinin gəliri 13,9 milyon manat təşkil edib.

Əzəmətli quruculuq nümunələri

Sumqayıt həm də özünün möhtəşəm quruculuğu ilə fərqlənir. Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə görülən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada tamamilə yeni ab-hava yaradıb. Xüsusən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın görkəmi tamamilə dəyişib, şəhərdə yeni infrastruktur yaradılıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.

Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Muğam Mərkəzi Sumqayıtın yeni və möhtəşəm ünvanlarıdır. Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır.

Şəhərdə həyata keçirilən kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Yaşayış binalarının fasadının əsaslı təmiri, şəhərlə yaşıd olan binaların müasir qaydada üzlənməsi işlərinə başlanıldı. Təmir olunan binaların memarlıq görünüşü saxlanıldı, aşınmaya məruz qalan və piyadalar üçün təhlükə yaradan elementlər yeniləndi. Təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmadı.

Son illərdə ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə, həllini tapan əsas sosial problemlərdən biri də binaların dam örtüklərinin vurulması və yenilənməsidir. Cəmi bir neçə il ərzində şəhərin mənzil fonduna aid olan 1200 çoxmənzilli yaşayış binasının dam örtüyü vuruldu. Beləliklə, şəhər sakinlərinin mütləq əksəriyyətini birbaşa narahat edən daha bir əsas problem öz həllini tapdı.

Əhalinin sağlamlığının qorunması da diqqət mərkəzindədir. Şəhərdə səhiyyə infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması üçün təxirəsalınmaz addımlar atılıb, səhiyyə ocaqlarının əksəriyyəti təmir olunub, tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilib.  1 nömrəli şəhər mərkəzi xəstəxanası, 1 nömrəli doğum evi, 1 və 2 nömrəli qadın məsləhətxanaları, 1 və 4 nömrəli şəhər poliklinikaları, Uşaq xəstəxanasının infeksion şöbəsi, Vərəm xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub.

1 nömrəli uşaq poliklinikasında, 2 nömrəli şəhər poliklinikasında, Onkoloji xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1 və 2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal mərkəz kimi fəaliyyət göstərir.

Sumqayıtda şəhər təsərrüfatının yenilənməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Şəhərdə çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri də liftlərin yenilənməsi ilə bağlı idi. Sovet dövründən yenilənməyən liftlər əhalinin haqlı narazılığına, narahatlığına səbəb olurdu. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı tamamilə yenilənib. Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz olunub. 

400 min nəfərə yaxın insanın yaşadığı şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunmasıdır. Ötən dövr ərzində Sumqayıta 200-dən çox Türkiyə istehsalı olan, müasir tələblərə cavab verən avtobuslar gətirilərək marşrut xətlərinə buraxılıb. Əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılıb. Bununla şəhər sakinlərini gündəlik narahat edən problemlərdən biri də həll olunub.

Əhalisinin sayına və sənaye potensialına görə respublika həyatında mühüm  rolu olan Sumqayıt şəhərində elektrik təchizatının yaxşılaşdırılması, şəhər əhalisinin təbii qazla fasiləsiz təmin edilməsi və su  təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirilib.

Bir neçə il əvvəl Sumqayıt şəhərinin əsas problemlərindən biri də həllini tapdı. Söhbət “Acı dərə” kanalından gedir. Bu kanal şəhər üçün çox böyük təhlükə mənbəyi idi. Ötən dövr ərzində həllinə nail olunan əsas məsələlərdən biri də bu kanalın boruya salınmasıdı.

Sumqayıtın ən böyük nailiyyətlərindən biri də pandemiya dövründə quruculuq işlərinin davam etdirilməsi oldu. Öncə onu bildirək ki, COVID-19-la mübarizədə Sumqayıt da nümunələr yaratdı. Belə ki, virusun ölkəmizdə qeydə alındığı ilk vaxtlardan şəhərdə virusa qarşı intensiv tədbirlər həyata keçirildi, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanıldı. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirildi. Nəticə etibarilə şəhərdə koronavirusun ciddi fəsadlar törətməsinin qarşısı alındı.

Pandemiyaya baxmayaraq, Sumqayıtda abadlıq və quruculuq işləri böyük vüsətlə davam etdirildi. Bunu təkcə son bir ildə şəhərdə həyata keçirilən genişmiqyaslı tədbirlər də təsdiq edir. Bu dövrdə təmiri və bərpası başa çatdırılan ünvanlardan biri “Şəhidlər xiyabanı” memorial kompleksidir. 1992-ci ildə salınan Şəhidlər xiyabanında 513 şəhid uyuyur. Burada həm də müharibədə itkin düşmüş Vətən oğullarının və Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr ucalır. Şəhidlər xiyabanında bir sıra dəyişikliklər həyata keçirilib. Belə ki, xiyabanın girişində ağır konstruksiyalı müxtəlif atributlar, fiqurlar yer alıb. Orta hissədə daim Vətənin müdafiəsinə hazır olmanın dinamikasını göstərən əsgər heykəli qoyulub. Minadan gül, mərmidən yer kürəsi formatlı kompozisiya inşa olunub. Xiyabanda hündürlüyü 30 metrə çatacaq bayraq dirəyi ucaldılıb. Görülən işlər çərçivəsində 44 günülük Vətən müharibəsi ilə əlaqədar yeni abidə də ucaldılıb.

Şəhərin yeni  və yenilənən ünvanları

Son dövr ərzində Sumqayıtda 3 məktəb üçün yeni bina tikilib.  Ötən ilin sentyabrında istifadəyə verilən 1 nömrəli tam orta məktəbin yeni tikilmiş tədris binası 1800 şagird yerlikdir. 73 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 9 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, 2 məktəbəhazırlıq otağı, 390 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərir.

Şəhərin İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün də yeni tədris binası tikilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. 4 korpusdan ibarət olan məktəb binasında 69 sinif otağı, müasir istilik sistemi ilə təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

Sumqayıtdakı 20 nömrəli tam orta məktəb üçün bina isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Şəhərin 4-cü mikrorayon ərazisində inşa olunan 3 mərtəbəli məktəb binası 1100 şagird yerlikdir. Bina müasir istilik sistemi ilə təchiz edilib və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərir. Binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

Respublikamızda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, onların infrastrukturunun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb. Dövlət büdcəsi hesabına hazırda respublikanın müxtəlif bölgələrində yeni müasir məhkəmə binaları inşa olunur. Sumqayıt Məhkəmə Kompleksinin inşası da bu istiqamətdə icra olunan layihələrdən biridir. Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin açılışında iştirak etdiyi  Məhkəmə Kompleksi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir.

Sumqayıtın yeni ünvanlarından biri də “ASAN xidmət” mərkəzidir. 2019-cu ilin noyabr ayında Prezident İlham Əliyev “Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Artıq mərkəzin inşası başa çatıb və tezliklə  istifadəyə veriləcək. Qeyd edək ki, mərkəz şəhər bulvarının ərazisində inşa olunub.

Bütün bunlarla yanaşı, Sumqayıtda bir sıra ünvanlarda quruculuq işləri davam edir. Bunlardan biri 2 saylı Sumqayıt Şəhər Xəstəxanasıdır. Bu xəstəxana uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2019-cu ilin fevral ayında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, xəstəxananın əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə 5 milyon manat ayrıldı. Tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Bu il ərzində xəstəxana şəhər sakinlərinin istifadəsinə veriləcək.

Sumqayıtda yenidən qurulan ünvanlardan biri də şəhər stadionudur. 60 il əvvəl istifadəyə verilmiş və iki-üç min azarkeş üçün hesablanan Mehdi Hüseynzadə adına Sumqayıt stadionu müasir tələblərə cavab vermirdi və azarkeşlərin çoxu yarışları yer darısqallığından canlı izləyə bilmirdi. Dörd tərəfi açıq olan stadion əhəmiyyətli futbol yarışlarını keçirən məkana qətiyyən bənzəmirdi. Bir sözlə, yeni stadionun tikintisinə ehtiyac vardı. Bunu nəzərə alaraq Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Stadion tikintisinin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur. Sumqayıt stadionunun yeni dizaynı modern üslubda olmaqla şəhər memarlığına böyük töhfə verəcək.

Sumqayıt Dövlət Universitetinin 1 saylı tələbə yataqxanası da əsaslı təmir olunur. Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirilib və tələbələrin rahatlığını təmin etmək üçün burada hər cür şəraitin yaradılması planlaşdırılıb. 5 mərtəbəli və 150 çarpayıdan ibarət yataqxananın ilin sonuna kimi tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Sumqayıt inkişaf edir, şöhrətini daha da artırır. Dövlət başçısının indiyədək Sumqayıta 30 dəfə səfər etməsi də şəhərə olan ali diqqətin nümunəsidir. Təbii ki, Sumqayıt ictimaiyyəti bu diqqətə və qayğıya öz əməlləri ilə cavab verəcək, şəhərin daha da yüksəlişi üçün əzmkarlıq göstərəcək.

Rəşad CƏFƏRLİ, “Azərbaycan”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər