Sumqayıt zavodunda partlayış oldu – FOTO

724

Bu gün Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Regional Mülki Müdafiə Şöbəsi, şəhər icra hakimiyyətinin fövqəladə hallar komissiyası, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin  və digər müvafiq strukturların iştirakı ilə kompleks mülki müdafiə təlimi keçirilib. Təlim “Azərikimya” İstehsalat Birliyinin “Üzvi Sintez” zavodunun ərazisində təşkil edilib. SİA-ya verilən məlumata görə, təlimin əsas məqsədi mülki müdafiə qüvvələrinin baş verə biləcək fövqəladə hadisələrə hazırlığını artırmaqdır. Şərti olaraq zavod ərazisində baş verən irimiqyaslı partlayışda ilk növbədə yanğının aradan qaldırılması və hadisə yerində yaralıların, insanların təxliyyə edilməsi yerinə yetirilib. Epidemiya hallarına qarşı ehtiyat tədbirlərinin aparılması da təlimdə əsasə yerlərdən birini tutur.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsini təşkil etdi. Əraziyə giriş-çıxışı məhdudlaşdırdı. Baş vermiş yanğınlar tamamilə söndürüldü. Kimyəvi zəhərlənmə zonası lokallaşdırıldı. Partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqlar yerinə yetirilib. Təlimdə şəhərin hərbiləşdirilməmiş dəstələri ilə yanaşı bütün lazımi texnikadan istifadə edilib. Təlimin gedişində Sumqayıt Şəhərinin  mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edildi. Bununla da Sumqayıt şəhər mülki müdafiə planının reallığının yoxlanılması tam başa çatdı.

Qeyd edək ki, belə təlimlərdə fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığı təkmilləşdirilir, mülki müdafiə dəstələrinin şəxsi heyəti, işçilər və işləməyən əhali fövqəladə hadisələrin aradan qaldırılmasında əməli vərdişlərə yiyələnir. Mülki müdafiə təlimində Sumqayıt şəhər fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, təhsil, səhiyyə xidmətləri, inzibati ərazi vahidi nümayəndəlikləri, yüksək hazırlıqlı mülki müdafiə dəstələri iştirak ediblər.

Ceyhun Eyyubov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər