Onların binanın damının bir gün başlarına uçacağından ehtiyat edirlər
Sumqayıt şəhərinin sakinlərinin dərdi bitib-tükənmək bilmir. Bu dəfə şikayət Sumqayıt stansiya ərazisində ev 6 ünvanının sakinlərindən gəldi. Onlar qəzalı binada yaşamağı özlərinə böyük dərd ediblər. Sakinlərin sözlərinə görə, binada vəziyyət o yerə çatıb ki, hər dəqiqə tavanın kiminsə başına uçmaq təhlükəsi var. Ona görə də sakinlərin nə gecəsi var, nə də gündüzləri. Bu azmış kimi sakinləri cana doyuran həm də zirzəmidəki suyun evlərə dolmasıdır. Onların səbr kasalarını dolduran səlahiyyətllilərin işə məsuliyyətsiz yanaşmasıdır.
“Yuxari mərtəbədə yaşayıram. Bütün divarlar çatdaq-çatdaqdır. Damdan su axır. Evdə rahat oturmaq mümkün deyil. Yağış yağanda evə su dolur. Binanın zirzəmisi də yarıya qədər su ilə doludur. Biz insan kimi yaşamırıq”, – deyə şikayətçi Sevinc Əhlimanova qeyd edib.
Sakinlərin sözlərinə görə, 100 ildən artıq yaşı olan bina Sovet dönəmindən bu günə qədər təmir üzü görməyib.
Deyəsən, Sumqayıt şəhər İcra Hakimiyyətinin Mnzil kommunal təssərrüfat istehsalat və istismar sahəsində problemlərlə zəngin olan ünvandan bixəbər idilər. Yaxud, problemlərdən xəbərdar olmaqlarını etiraf etmək onlara sərf etmirdi. Qurumun baş mühəndisi İsmixan Hüseynov problemlə maraqlanacaqlarını və onların aradan qaldırılması üçün səylərini əsirgəməyəcəklərini bildirdi.
“Problemlərlə bağlı bizə heç 1 şikayət ərizəsi daxil olmayıb. Problemi yerindəcə araşdırıb, tədbir görəcəyik. İstər zirzəmi, istərsə də dam örtüyünün təmiri yaxın gələcəkdə yerinə yetiriləcək”, – deyə İsmixan Hüseynov vurğuladı.
Hər halda, vəd verildi. Qalır qış gəlməmiş vədə əməl etmək. Əks təqdirdə yağmurlu payız günlərində burada yaşayanların vəziyyəti dilə gələsi olamayacaq. ANSPRESS.COM