“Sağlam Düşüncə” Gənclər Təşkilatının Beynəlxalq əlaqələr Proqramı üzrə işçi qrupu “12 avqust – Beynəlxalq gənclər günü” ilə əlaqədar olaraq Sumqayıt və Bakı gəncləri üçün 13 avqust 2010 tarixində Sumqayıt şəhərində seminar təşkil etdi. Seminarda 2007-2013-cü illər arasında Avropa Komissiyasının gənclər üçün həyata keçirdiyi “Youth in action” (Gənclər fəaliyyətdə) proqramı haqqında geniş məlumat verildi.
SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin Azərbaycandakı rəsmi nümayəndəsi olan Aysel Qocayeva “Youth in action” proqramı haqda ətraflı məlumat verərək, Avropa Könüllülük Xidmətindən (EVS), gənclərin könüllülük fəaliyyətinin genişləndirilməsindən, gənclər mübadiləsindən, Avropa qonşuluq siyasəti çərçivəsində tərəfdaş olan ölkələr ilə proqram ölkələri arasında əməkdaşlıqdan danışdı.
Seminarın ikinci hissəsində Beynəlxalq təcrübəli təlimçi olan Emin Əmrullayev Avropa vətəndaşlığı, cəmiyyətdə gənclərin aktiv iştirakı, mədəni müxtəliflik, məhdud imkanlı gənclərin cəmiyyətdə aktiv iştirakını təmin edən fəaliyyətlərdən məlumat verdikdən sonra gənclərin suallarını cavablandırdı.
Qeyd edək “Sağlam Düşüncə” gənclər təşkilatı artıq 5 ildir ki Sumqayıt şəhərində fəaliyyət göstərir. Təşkilatın üzvləri Beynəlxalq Əlaqələr proqramı çəçivəsində indiyənədək Gürcüstan, Makedoniya, Polşa, Ukrayna, Avstriya, Rumıniyada keçirilən beynəlxalq təlimlərdə ölkəmizi təmsil edib.