Sumqayıtda 1700 nəfərə bayram sovqatı təqdim edildi

664

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sumqayıtda məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə bayram sovqatı təqdim edildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində daim diqqət mərkəzində saxlanılan sosial yönümlü məsələlərdən biri də erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və mənəvi dəstək göstərilməsidir. Bayramlar ərəfəsində ARDNŞ təmsilçiləri Şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları təqdim edirlər. Artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan ARDNŞ bu günlərdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə növbəti humanitar aksiyasını reallaşdırdı.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 2.23-cü bəndinə əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun 10 dekabr 2012-ci il tarixli 27/4-247 nömrəli məktubu ilə, ARDNŞ-in himayəsinə verilmiş Ağdam rayonunda yerləşən “Dördyol 1”, “Dördyol 2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər məcburi köçkünə, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər məcburi köçkünə, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər məcburi köçkünə və Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailələrinə, cəmi 29222 nəfərə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ərzaq yardımı edilməsi tapşırılmışdır.

Bayram münasibəti ilə ərzaq yardımının vaxtında qeyd olunmuş ərazilərdə məskunlaşmış məcburi köçkünlərə çatdırılması üçün Dövlət Neft Şirkətinin Baş ofisi tərəfındən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dünən Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailələrinə 13770 kq ərzaq yardımı göstərilməsi reallaşdırıldı. ARDNŞ-in Sosial infrastrukturun idarə edilməsi şöbəsinin rəisi Natiq Şahverənov “İki sahil” qəzetinə bildirdi ki, işğal olunmuş rayonlarımızdan Kəlbəcər, Laçın, Xocalı, Şuşa, Cəbrayıl, Ağdam, Xocavənd, Füzuli, Qubadlı, Zəngilan sakinlərinə, şəhid ailələrinə sevinc bəxş etmək Dövlət Neft Şirkətinin həyata keçirdiyi humanist aksiyalardandır. “Hər səfərində ARDNŞ təmsilçiləri köçkünlərlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, dərdlərinə şərik olmağa çalışırlar.” ARDNŞ-in Sosial infrastrukturun idarə edilməsi şöbəsinin rəisi əlavə etdi ki, şəhid ailələrinin üzvlərinə, məcburi köçkünlərə hər bağlamada un, şəkər tozu, düyü, yağ, çay olmaqla yardımlar paylanıldı.

N.Şahverənov qeyd etdi ki, ARDNŞ tərəfindən 20 dekabr 2012-ci il tarixində Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskumlaşmış 4000 nəfər məcburi köçkünə 32400 kq ərzaq paylanılıb. “Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər məcburi köçkünə 85228,2 kq və Tərtər rayonunda məskunlaşmış 13000 nəfər məcburi köçkünə isə 105300 kq ərzaq yardımının isə 27 dekabr 2012-ci il tarixində bayramqabağı çatdırılması nəzərdə tutulur.”

Məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə onlar ölkə Prezidenti İlham Əliyevə və ARDNŞ-in rəhbərliyinə minnətdarlıq və təşəkkürlərini bildirdilər.

Orxan Vahidoğlu, “İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər