Sumqayıtda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib-FOTO

1554

YAP Sumqayıt şəhər təşkilatında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı ZakirFərəcov, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Millət vəkili Müşfiq Məmmədli, Ərazi ilk partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak ediblər.

Əvvəlcə 20 Yanvar Şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Heydər Əliyevin 20 Yanvar faciəsi baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlişi ilə bağlı video-çarx nümayiş etdirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsi unudulmur, cəmiyyət və dövlət tərəfindən şəhidlərin ruhuna, əziz xatirəsinə böyük ehtiram və hörmət göstərilir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, əlillərin sağlamlıqlarının bərpası istiqamətində daimi işlər görülür. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2023-cü il tarixində imzaladığı Fərmanla 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən artırılaraq 600 manat müəyyən edilmişdir.

Şəhər rəhbəri vurğuladı ki, Ali Baş Komandanın rəhbərliyi altında xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu tarixi Zəfərlə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə eyni zamanda milli birliyin təntənəsi oldu.

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək bildirdi ki, zəngin dövlətçilik tarixinə, bənzərsiz – unikal milli-mədəni irsə malik olan Azərbaycan xalqı müxtəlif dövrlərdə bir çox mürəkkəb hadisələrlə üzləşib. Xalqımız ən ağır sınaqlardan belə öz iradəsi və gücü sayəsində şərəflə, ləyaqətlə və müvəffəqiyyətlə çıxmağı bacarıb, tarix yazaraq bəşəriyyətin tarixi yaddaşına əbədi həkk olunub. Belə hadisələrdən biri də milli qan yaddaşımızın tərkib hissəsi olan 20 Yanvar faciəsidir. Qanlı yanvar Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilir. Azərbaycan xalqı bu faciəni unutmur. 33 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərinin xatirəsini əziztutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

20 yanvar faciəsi Azərbaycan xalqının hüzn günü olmaqla yanaşı, həm də dəyanət və mübarizlik nümunəsidir. Azərbaycan xalqı və dövlətimiz 20 yanvar şəhidlərimizi unutmur və unutmayacaq. Xalqın qəlbindəki məhəbbət şəhidlərə ən böyük mükafatdır.

Daha sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev “20 Yanvara gedən yol”, Sumqayıt Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı “20 Yanvar hadisələri və onun nəticələri”, SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samir Məhərrəmov “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu”, Şöhrət ordenli, əməkdar müəllim Ofelya Babayeva “Heydər Əliyev Fondunun Qanlı Yanvar  həqiqətlərinin müxtəlif ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər” mövzuları ətrafında çıxışlar etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər