Sumqayıtda 295,5 hektar əraziyə və nəhəng infrastruktura malik park – TANITIM

2963

Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 saylı Fərmanı ilə yaradılmışdır. Parkın idarəedici təşkilatı İqtisadiyyat və Sənaye Nazirliyi tabeçiliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.

SKSP-nin yaradılmasında məqsəd:

– ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq;
– bu sahədə sahibkarlığı dəstəkləmək;
– qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;
– əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. 

Ümumilikdə, SKSP-nin yaradılmasında əsas məqsəd Azərbaycanın iqtisadi inkişafının daha da sürətləndirilməsi, innovativ sənayenin inkişafı üzrə öndə olan digər ölkələrlə müqayisədə rəqabət qabiliyyətliliyin artırılmasıdır.

Nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,5 hektar (ha) təşkil edir. SKSP-nin Baş Planına əsasən Parkın Sənaye Zonası 114 ha təşkil edəcək. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti  sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş ərazilər yerləşəcək.

Müasir üslubda dizayn edilmiş və 21 ha təşkil edəcək Sosial zonada Parkın rezidentləri üçün böyük imkanlar yaradılacaq. Burada 16 və 20 mərtəbəli inzibati binalar, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcək.

Hədəfimiz – Gələcəyə baxışımız

Ölkədə həyata keçirilən iqtisadi siyasətin prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının təşviqi üçün əlverişli mühitin yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər gücləndirilir. Azərbaycanda elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkının idarəedici şirkəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC dövlətin hər tərəfli diqqətini hiss edir. Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı lahiyəsi olaraq Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün ən münasib işgüzar şərait və komfortlu biznes mühit təklif edilir. Hədəfimiz investorlar üçün geniş imkanlar məkanı olmaqdır.

Neft-kimya sənayesi ölkə iqtisadiyyatının inkişafının ayrılmaz tərkib hissəsidir. Bu sektor mühəndis-quraşdırma, maşınqayırma, avtomobil, ərzaq və digər sənaye sahələrində texniki həllər və məhsul baxımından istehsal əlaqələrini təmin edir. Neft və qaz ehtiyatları ilə zəngin olan ölkələr daha ucuz xammal ehtiyatlarına malik olurlar və bu üstünlükdən istifadə edərək müvafiq istiqamətli sənaye obyektləri, o cümlədən texnoparklar və sənaye parkları yaradırlar.

Cənubi Qafqazın ilk kimya sənaye parkı SKSP-nin əsas hədəfləri:

– Qafqaz və Orta Şərq regionunda kimya-sənaye mərkəzinə çevrilmək;
– Yerli istehsalın rəqabət qabiliyyətliliyini artırmaq; 
– Ölkədə innovativ və yüksək texnoloji istehsalı və bu sahədə sahibkarlığı genişləndirmək; 
– Qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq;
– Kimya sənayesində innovativ və yüksək texnoloji istehsalın əsas mərkəzinə çevrilmək; 
– Regionda kimya sənayesi məhsullarının əsas təchizatçısına çevrilmək;
– Kimya sənayesində elmin və texnologiyanın inkişafı üçün baza yaratmaq;
– Azərbaycanda kimya sənayesi üzrə peşəkar kadrlar təbəqəsi formalaşdırmaqdır.

 İnfrastruktur

Enerji təchizatı

Sumqayıt Kimya Sənaye Parkının ərazisində rezidentlərin fasiləsiz və stabil gərginlikli elektrik enerjisi təchizatı üçün müasir transformatorlar yerləşdiriləcək. Burada abonentlərə geniş şəbəkəsi olan elektrik verilişi xətləri xidmət edəcək. Parkda biri 35 və 110 kvt.-luq iki ədəd müasir yarımstansiyanın inşası nəzərdə tutulur. Elektrik xətləri yeraltı tunellərin daxili ilə çəkiləcək. Hər bir yarımstansiya avtomatik idarəetmə və təhlükəsizlik sistemi ilə təchiz olunacaq.

Qaz paylayıcı şəbəkə

Sumqayıt Kimya Sənaye Parkında rezidentlərə keyfiyyətli infrastruktur xidmətini təmin etmək məqsədilə əraziyə iki müxtəlif istiqamətdən qaz verilişi xətləri çəkiləcək. Burada fəaliyyət göstərəcək Qazpaylayıcı stansiya Parkda sənaye və məişət müəssisələrinə xidmət edəcək. Qaz təchizatı avtomatik nəzarət paneli vasitəsilə idarə ediləcək və bütün təhlükəsizlik normalarına cavab verəcək. Qaz təchizatı həm istehsalın, həm də digər istehlakçıların tələblərini təmin edəcək.

Su təchizatı

Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün geniş şəbəkəsi olan su verilişi xətləri çəkiləcək. SKSP-də içməli, texniki və yanğın suyuna olan ehtiyacı ödəmək üçün ümulmilikdə 7 ədəd su anbarının inşası nəzərdə tutulur. Eyni zamanda Parkın ərazisindəki məişət, kimyəvi, proses və yağış sularının axıdılması məqsədilə ayrı-ayrılıqda xətlər çəkiləcək.

Kanalizasiya və drenaj xətləri

Sumqayıt Kimya Sənaye Parkı ərazisində çirkab, kanalizasiya və drenaj sularının axıdılması üçün kanalizasiya və drenaj xətlərinin çəkilişi nəzərdə tutulub. Eyni zamanda Parkın ərazisindəki məişət, kimyəvi, proses və yağış sularının axıdılması məqsədilə ayrı-ayrılıqda axın xətləri çəkiləcək. Burada quraşdırılmış sutəmizləyici qurğular vasitəsilə tullantı və proses suları təmizlənərək drenaj xətlərinə qaytarılmasına imkan verəcək. Xüsusi drenaj və kanalizasiya sistemi proses sularının kanala axıdılmasını təmin edəcək.

Magistral və daxili avtomobil yolları

Sumqayıt Kimya Sənaye Parkı əlverişli coğrafi mövqedə yerləşir. Parkın Bakı-Rusiya magistralına yaxınlığı idxal-ixrac əməliyyatlarını asanlaşdırır. Marşrut xətləri bütün istehsal və qeyri-istehsal məntəqələrini əhatə edəcək. Burada yüksək standartlara cavab verən daxili nəqliyyat xətləri salınacaq.

Parkın ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək məqsədi ilə eni 38, 20 və 16 metr olan mərkəzi, dairəvi və ara yollar salınacaq. Nəqliyyat xətləri Parkın istehsal və qeyri-istehsal təyinatlı bütün ərazisini əhatə edəcək.

Dəmir yolu xətti

Sumqayıt Kimya Sənaye Parkında rezidentlərə xidmət məqsədilə magistral dəmir yol xəttinə birləşən dəmir yol qovşağı inşa olunacaq. Qovşağın yaxınlığında yükləmə-boşaltma məntəqəsi yerləşəcək. Sənaye Parkının yükləmə-boşaltma qovşağının yaxınlığında dəmiryol stansiyalarının inzibati binasının inşası nəzərdə tutulur. Burada ön ofislər, iş və texniki otaqlar yerləşəcək.

Sumqayıt Kimya Sənaye Parkında karyera imkanları

Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən «Sumqayıt Kimya Sənaye Parkı» MMC-də işçi heyəti üçün geniş imkanlar yaradılır. Bu imkanlar sırasında karyera artımı, beynəlxalq səviyyəli tədbirlərdə iştirak və ezamiyyətlər, həvəsləndirmələr, mükafatları qeyd etmək olar.

Əgər Siz davamlı olaraq inkişaf edən şirkətdə çalışmaq istəyirsinizsə öz CV-nizi Azərbaycan dilində office@scip.az ünvanına göndərin.

“Bir pəncərə” sistemi

Sumqayıt Kimya Sənaye Parkında (SKSP) biznes prosedurlar maksimal dərəcədə sadələşdirilib. SKSP-də qeydiyyat proseduru elektron formada “bir pəncərə” sistemi vasitəsi ilə həyata keçirilir. Rezidentlər elektron formada yalnız bir instansiyaya müraciət etməklə qeydiyyatdan keçə biləcəklər. SKSP-də “bir pəncərə” prinsipi ilə qeydiyyatın aparılması mütərəqqi dünya təcrübəsinə əsaslanır.

Parkın rezidentləri biznes fəaliyyətinin və gündəlik işin rahat və komfortlu təşkil edilməsi üçün bütün zəruri vasitələr və xidmətlərlə təmin ediləcəklər

 Güzəştlər

Sumqayıt Kimya Sənaye Parkı regionda investisiya üçün ən münasib sənaye parkıdır. Bu sənaye zonasında rezident kimi fəaliyyət göstərən sahibkarlara geniş imkanlar yaradılır və vergi güzəştləri təqdim edilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, sənaye parklarının rezidentləri üçün geniş güzəştlər tətbiq edilir. 1 yanvar 2013-cü ildə qüvvəyə minmiş qanunvericiliyə əsasən, Parkın rezidentləri 7 il müddətinə:

 – Əmlak vergisindən;
– Torpaq vergisindən;
– Mənfəət vergisindən;
– İdxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunurlar.

Hazırda vergiləri ödədikdən sonra investorlara mənfəətin repatriasiyası imkanına təminat verilir.

  İnzibati binalar

inzibatibSumqayıt Kimya Sənaye Parkının Sosial zonasında 16 və 20 mərtəbəli inzibati binalar tikiləcək. Burada rezidentlərə “A” kateqoriyalı ofislər və müxtəlif təyinatlı işgüzar xidmətlər təqdim ediləcək. Hənin binalarda “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisi, iş otaqları, biznes inkubatorlar, konfrans salonları, toplantı otaqları, Elmi-Texniki Mərkəz, VİP butik otel, biznes restoranlar və digər xidməti sahələr yerləşəcək.

Sərgi-Konfrans Kompleksi

sergi konfransSumqayıt Kimya Sənaye Parkında ən müasir tələblərə cavab verən Sərgi-Konfrans Kompleksi (SKK) yerləşəcək. Burada fəaliyyət göstərəcək Biznes Mərkəzində işgüzar fəaliyyət üçün zəruri infrastruktur yaradılacaq.

Kompleksin birinci mərtəbəsində fəaliyyət göstərəcək Sərgi salonunda yeni innovativ layihələrin təqdimatı və digər işgüzar tədbirlər keçiriləcək. Burada hər bir rezident öz məhsullarını və istehsal prosesini potensial tərəfdaşlara nümayiş etdirə biləcək. SKSP-nin qonaqları Sərgi salonunu ziyarət etməklə Parkda təmsil olunan bütün şirkətlərin təklif etdikləri məhsullar, həmçinin istehsal prosesi ilə tanış ola biləcəklər.

Bundan başqa SKK-da yüksək səviyyəli tədbirlərin və işgüzar görüşlərinin keçirilməsi üçün müxtəlif tutumlu konfrans zalları yerləşəcək. Əsas konfrans zalı 400-500 ziyarətçiyə xidmət göstərmək üçün nəzərdə tutulub. Burada beynəlxalq səviyyəli tədbirlərin təşkil edilməsi üçün bütün imkanlar yaradılacaq.

Peşə Tədris Mərkəzi

pese tedris merkeziMüasir dövrdə biznes fəaliyyətinin effektivliyinin artırılması üçün peşə hazırlığı keçmiş təcrübəli kadrların olması zəruridir. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzi (“Vocational School”) fəaliyyət göstərəcək. Burada əsasən kimya, inşaat və mexatronika istiqamətləri üzrə 30-a yaxın peşə hazırlığı həyata keçiriləcək. Mərkəzin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə burada Almaniyanın Ştutqard Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində əldə edilən təcrübələr əsasında “Paralel təhsil” (“dual education”) modeli tətbiq olunacaq. Peşələrə yiyələnmənin effektivliyini təmin etmək üçün tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı ilə qurulacaq.

Tədris prosesində əldə olunan biliklər tələbələr tərəfindən təcrübədən keçirilir və növbəti mərhələdə real istehsalat şəraitində tətbiq edilir. Sənaye Parkında fəaliyyət göstərəcək emalatxanalarda istehsal prosesini təkmiləşdirmək üçün lazımi şərait təmin ediləcək.

Ofislər

ofislerSumqayıt Kimya Sənaye Parkında 16 və 20 mərtəbəli inzibati binalar inşa olunacaq. Həmin binalarda standartlara cavab verən “A” kateqoriyalı ofislər yerləşəcək. Həmin ofislərin investorlara icarəsi təklif olunacaq.

Ümumiyyətlə, SKSP rezidəntləri üçün icarə xərcləri baxımından maksimal güzəştlər müəyyən edir.

Biznes inkubatorlar

Sumqayıt Kimya Sənaye Parkında 16 və 20 mərtəbəli inzibati binalar inşa olunacaq. Həmin binalarda biznes inkubatorlar üçün xüsusi şərait yaradılacaq. Onlar üçün ayrılan ofislərdə gənc sahibkarlar yeni, innovativ biznes ideyalarını reallaşdırmaq üçün zəruri şəraitlə təmin ediləcəklər. Biznes inkubatorları üçün icarə haqqı ən münasib səviyyədə müəyyən ediləcək.

Ümumiyyətlə, SKSP rezidəntləri üçün icarə xərcləri baxımından maksimal güzəştlər müəyyən edir.

VİP butik otel

Sumqayıt Kimya Sənaye Parkında (SKSP) rezidentlərə və ziyarətçilərə VİP butik otel xidmət edəcək. VİP butik otel SKSP-nin 16 mərtəbəli inzibati binasında yerləşəcək. Parkın qonaqları və digər ziyarətçilər Butik otelin yüksək keyfiyyətli xidmətindən yararlana biləcəklər. Oteldə görüş otaqları, fitness zalı, hovuz və digər xidmətlər sahələri yerləşəcək.

Restoranlar

Sumqayıt Kimya Sənaye Parkında çeşidli menyular təklif edən adi və VİP restoranlar fəaliyyət göstərəcək. Həmin restoranlarda ziyarətçilər və işçilər milli və xarici mətbəxin təamlarından dada biləcəklər.

Eyni zamanda  Parkında işçi heyətin qidalanmasını təmin etmək üçün ictimai yeməkxana da yerləşəcək. Nisbətən sadə menyu təklif edən ictimai iaşə obyektləri eyni zamanda 3 min nəfərə xidmət edə biləcək.

Uşaq Baxım Mərkəzi

usaqbm Sumqayıt Kimya Sənaye Parkında işçilərin uşaqları üçün Uşaq Baxım Mərkəzi inşa olunacaq. Burada gün ərzində uşaqlara peşəkar tərbiyəçilər tərəfindən qayğı və diqqət göstəriləcək. Mərkəzdə uşaqların həm qidalanması, həm tədris prosesi, həm də əyləncəsi üçün şərait yaradılacaq.

Yataqxana

yataqxanaSumqayıt Kimya Sənaye Parkının ərazisində iki yataqxana binasından ibarət Kompleks yerləşəcək. Tikililərdən biri Peşə Tədris Mərkəzində təhsil alan tələbələr, digəri isə Sənaye Parkında çalışan texniki heyət üçün nəzərdə tutulub.

İdman Sağlamlıq Kompleksi

idmanSumqayıt Kimya Sənaye Parkında işçilərin asudə vaxtının səmərəli təşkili və onların sağlamlığının qorunması məqsədilə İdman Sağlamlıq Kompleksi (İSK) salınacaq. İSK-də açıq hava altında meydançalar və qapalı idman zalları tikiləcək. Burada işçilər üçün müxtəlif idman növləri ilə məşğul olmaq imkanı yaradılacaq. Eyni zamanda İSK-yə fitness zalı və hovuz da daxil olacaq.

Emalatxanalar

Sumqayıt Kimya Sənaye Parkında 3 təcrübə emalatxana binası tikiləcək. Həmin emalatxanalar Tədris Peşə Mərkəzi nəzrində fəaliyyət göstərəcək. Emalatxanalarda istehsal prosesini təkmiləşdirmək üçün bütün lazımi şərait yaradılacaq. Burada tələbələrin əldə etdiyi bilikləri, “Nou-hau”ları (“know-how”) təcrübədən keçirə biləcəklər.

Aqro və tibb kimyası

Sumqayıt Kimya Sənaye Parkının Sənaye zonasında aqro və tibb kimyası üçün ayrılmış istehsalat əraziləri fəaliyyət göstərəcək. Burada əsasən gübrə və əczaçılıq istehsalı müəssisələrinin yerləşəcəyi nəzərdə tutulub.

Məişət kimyası

Sumqayıt Kimya Sənaye Parkında Sənaye zonasında məişət kimyası üçün ayrılmış istehsalat əraziləri fəaliyyət göstərəcək. Burada gündəlik tələbat mallarının, o cümlədən qida və məişət kimyası istehsalı müəssisələrinin yerləşəcəyi nəzərdə tutulub.

Elektronika və avtomobil sənayesi kimyası

Sumqayıt Kimya Sənaye Parkında Sənaye zonasında elektronika və avtomobil sənayesi kimyası üçün ayrılmış istehsalat əraziləri fəaliyyət göstərəcək. Burada elektron və avtomobil sənayesində istifadə olunan kimya məhsullarının istehsalı üçün ayrılmış ərazilərin yerləşəcəyi nəzərdə tutulub.

Sənaye avadanlıqlarının istehsalı

Sumqayıt Kimya Sənaye Parkında Sənaye zonasında sənaye avadanlıqlarının istehsalı üçün ayrılmış istehsalat əraziləri fəaliyyət göstərəcək. Burada müxtəlif sənaye sahələrində istifadə olunan avadanlıqların istehsalatı üçün ayrılan ərazilərin yerləşəcəyi nəzərdə tutulub.(sumqayitxeber.com)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər