Sumqayıtda 3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə şahid: Yemək yeyəndən sonra ölüb

955

Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
sumqayitxeber.com -un Trend-ə istinadən məlumatına görə, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində “Real” Tibb Mərkəzinin növbətçi həkimi ifadə verib.
Növbətçi həkim bildirib ki, uşaq əməliyyatdan sonra narkozdan ayılıb və vəziyyəti normal olub. O, uşağın yeməkdən sonra qusma nəticəsində öldüyünü bildirib: “Uşaq əməliyyatdan tam normal vəziyyətdə çıxıb, palataya köçürüləndə ayılmış, huşu özündə və anlaqlı vəziyyətdə olub. Mən növbəni təhvil alanda xəstədə hər hansı ciddi narahatlıq olmayıb. Lakin uşaq yemək yeyəndən sonra qaytardı və ondan sonra keçindi”.
İş üzrə prosesə digər şahidlər gəlmədiyindən proses sentyabrın 27-nə təyin edilib.
İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.
Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər