Sumqayıt Apellyasiya Məhkəməsində 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alan Baxşıyev İlqar Hidayət oğlunun verdiyi apellyasiya şikayətinə baxılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, İlqar Baxşiyevin apellyasiya şikayəti təmin olunub, ona bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, İ.Baxşıyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Baxşıyevin birinci dəfə verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi təmin etməyib. O, daha sonra Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə müraciətə baxaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edərək işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib.
Onu da qeyd edək ki, İ. Baxşıyevin müdafiəsini Sumqayıt Regional Vəkil Bürosunun vəkili Anar Qasımlı həyata keçirib.