Son illər əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əlillərin reabilitasiyası və fəal həyata inteqrasiyası sahəsində mütəmadi olaraq ölkəmizdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər sırasında müəyyən kateqoriyadan olan əlillər üçün fərdi və ümumi yaşayış binalarının tikilib istifadəyə verilməsi, əlillərə minik avtomobillərinin verilməsi, respublikada və kənarda müalicələrinə köməklik göstərilməsi, onların əlil arabaları, protez-ortopedik məmulatlar və digər reabilitasiya vasitələri ilə təminatı, əlillər arasında idman yarışlarının təşkili və idman sağlamlıq mərkəzlərinin yaradılması mühüm yer tutur. Əlillərin reabilitasyası işində Bərpa Mərkəzlərinin müstəsna rolu nəzərə alınaraq regionlar üzrə yeni bərpa mərkəzlərinin yaradılmasına da xüsusi diqqət yetirilir.
Belə mərkəzlərdən biri də 2005-ci ildən fəaliyyət göstərən Sumqayıt şəhər Əlillərin Bərpa Mərkəzidir. 20 çarpayıdan ibarət Sumqayıt şəhər Əlillərin Bərpa Mərkəzinin (ƏBM) məqsədi əlillərin sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrassiyasını təmin etməkdir.
“ Bu günə kimi Mərkəzimizdə 1763 əlilə (1611 nəfər stasionar, 152 nəfəri isə ambulator) bərpa müalicəsi xidməti göstərilib”. Bu sözləri qəzetimizə açıqlamasında Sumqayət şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Şaban Eyvazov dedi. O, cari ilin 11 ayı ərzində isə Mərkəzdə 319 əlilə stasionar və 15 əlilə isə ambulator qaydada bərpa müalicəsi xidməti göstərildiyini bildirdi. Həkim müalicə alanlardan 85 nəfərinin 1-ci qrup, 217 nəfərinin 2-ci qrup, 17 nəfərinin isə 3-cü qrup əlil olduğunu söylədi: “Onlardan 234-ü ümumi, 20 nəfəri Qarabağ müharibəsi zamanı, 32-i uşaqlıqdan, 12-i əmək zədəsi ilə əlaqədar, 2 nəfəri peşə xəstəliyi, 5 nəfəri Böyük Vətən Müharibəsi, 8 nəfəri Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar, 6 nəfəri hərbi xidmət dövrü ilə əlaqədar əlil olub”.
Şaban həkim müalicə alan əlillərdə əsasən sinir sistemi və dayaq hərəkət sisteminin xəstəliklərinin üstünlük təşkil etdiyini bildirdi. “Biz həmçinin əlillərə peşə reabilitasiyası ilə də bağlı lazımi köməklik göstəririk. Belə ki, işləmək arzusu və imkanı olan əlillərə lazımi məsləhətlər verilir və müvafiq işlə təmin olunması üçün Əhalinin Məşğulluq Mərkəzinə müraciət edirik”,-deyə o qeyd etdi.
Şaban həkim Mərkəzə xəstələrin qəbulunu ƏBM-in nizamnaməsinə uyğun olaraq Tibbi-sosial ekspert komissiyalarının və müalicə-profilaktika müəssisələrinin göndərişləri əsasında həyata keçirdiklərini bildirdi. O, Mərkəzdə xəstələrin müalicəsində dərman preparatları ilə yanaşı, masajdan, müalicəvi bədən tərbiyəsindən, əmək terapiyasından, elektriklə, istiliklə, parafinlə müalicədən və su proseduralarından istifadə olunduğunu söylədi: “Bununla yanaşı Mərkəzdə diaqnostika məqsədi ilə xəstələrin ultrasəs və kardioloji müayinələri də aparılır. Onu da qeyd etmək istərdim ki, əlillərə göstərilən tibbi reabilitasiya işinin səmərəliliyinin artırılması məqsədilə cari ildə Sumqayıt şəhər ƏBM-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir neçə müasir tibbi və bərpa avadanlıqları ilə təchiz edilib.
Baş həkim hər il Beynəlxalq Əlillər Günü münasibəti ilə Sumqayıtda şəhər İcra Hakimiyyətinin dəstəyi ilə müxtəlif xeyriyyə tədbirləri keçirdiklərini söylədi: “Tədbirlərdə əlillərin qarşılaşdıqları çətinliklər müzakirə olunur və onlara maddi yardımlar göstərilir”.
Ceyhun Məmmədov