Sumqayıtda abituriyent intiharlarının əsas səbəbi - Millət vəkilindən və psixoloqdan AÇIQLAMA

2315

Xəbər verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanından aşağı nəticədə əldə etdiyinə görə 17 yaşlı abituriyent intihar edib. Təəssüf ki, bu kimi hadisələrin sayı getdikcə artmaqdadır. İntihar olmasa belə özgüvənini itirən və depressiyaya düşən minlərlə abituriyent var.

Bəs belə hadisələrin qarşısını almaq üçün valideynlər nə etməlidirlər?

 Millət vəkili Tahir Mirkişili isə açıqlamasında bildirib ki, həyatda mövqe tutmaq, daha yaxşı işlə təmin olunmaq mütləq ali təhsil almağa ehtiyac yoxdur:

“Bilirsiniz ki, son zamanlar təhsildə keçirilən islahatların əsas istiqamətlərindən biri də tələbələr, xüsusən də şagirdlər üçün seçim imkanlarının daha da artmasıdır. Bu məqsədlə “Peşə təhsili haqqında” qanun qəbul olundu və orada peşə təhsilinin bir çox hallarda ali təhsilin statusuna yaxınlaşması ilə bağlı müddəalar öz əksini tapdı. Ümumiyyətlə ölkəmizdə qeyri-neft sektorunun, sənayenin inkişafı da əslində iqtisadiyyat sahəsində işləmək və daha yaxşı iş tapmaq üçün ali təhsilə ehtiyac olmadığını önə sürür. Çünki Avropa dövlətlərinin əksəriyyətində iqtisadiyyatda, xüsusilə də sənayedə işləyənlərin böyük bir hissəsinin heç ali təhsili yoxdur. Məsələn, Almaniyada işləyənlərin təxminən 70 faizi, İsveçrədə iqtisadiyyat sahəsində işləyənlərin 60 faizə yaxını peşə təhsili almış şəxslərdir. Artıq daha müasir standartlara yiyələnmək üçün ixtisaslaşmış peşə məktəbləri mövcuddur ki, bu, ölkəmizdə də həyata keçirilməyə başlanıb. Həyatda mövqe tutumaq, daha yaxşı işlə təmin olunmaq, iqtisadiyyatın, qeyri-neft sektorunun, sənayenin və xidmət sahələrinin inkişafı üçün mütləq ali təhsil almağa ehtiyac yoxdur və müasir iqtisadiyyatda, dünyada bu cür yanaşma artıq qəbul edilmir. Dünyanın böyük uğurlar əldə etmiş şirkətlərinin, kooperativlərinin sahiblərinin böyük əksəriyyəti ali təhsil almamış insanlardır. Təbii ki, təhsil almaq yaxşı bir perspektivdir. Ali təhsil ocaqlarında oxumaq və ali təhsilə yiyələnmək hər bir insan üçün həmişə gələcəyə yönəlmiş müsbət bir addımdır. Amma əlbəttə ki, bu hamı üçün zəruri deyil. Düşünürəm ki, ali təhsil ocaqları daha çox elmlə məşğul olmaq və ya elmi araşdırmalara, təhsilə özünü həsr etmiş insanlar üçün zəruri olmalıdır. Mən istənilən intihar hadisəsinə qarşıyam və düşünürəm ki, intihar ümumiyyətlə zəiflik əlamətidir. Xüsusilə də gənclər tərəfindən belə bir addımın atılması qətiyyən təqdirəlayiq deyil. Bu gün ölkəmizdə kifayət qədər imkanlar, perspektivlər var. Hər hansı bir maneə ilə qarşılaşan insanın öz həyatına qəsd etməsi ağılasığmaz dərəcədə zəiflik göstəricisidir”.

Məsələ ilə bağlı  psixoloq Sevinc Baxışova bildirdi ki, bu kimi hallarda valideynlər öz rollarını psixoloji gərginlik yaratmadan yerinə yetirməlidirlər:

“Son zamanlar imtahanda pis nəticə göstərdikdən sonra intihara cəhd edən abituriyentlərin sayı artıb. İmtahan sözünün ağırlığı insanı hər yaşda həyəcana, narahatlığa salır. Mənfi cəhətlərdən biri də odur ki, psixoloji stress altında imtahan verən abituriyent sahib olduğu bütün elmi bilikləri unudur, nəticədə zəif bal toplayır və yeniyetmə özünü bacarıqsız, özünə inamı olmayan biri kimi tanımağa başlayır. Bu kimi problemləri və onların yaratdığı nəticələri nəzərə alaraq imtahana hazırlaşan abituriyentə valideyn fərdi yanaşmalı, övladının psixoloji gərginliyini aradan götürmək üçün hər zaman ona güvəndiklərini və həmişə yanında olacaqlarını vurğulamalıdırlar.

Valideynlər bu məsuliyyətli işdə öz rollarını psixoloji gərginlik yaratmadan, abituriyenti stressə salmadan doğru-düzgün yerinə yetirməlidirlər”. xeberle.com

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər