Hər nə qədər çap və internet mediasının təmsilçiləri bunu həzm edə bilməsələr də televiziyanın bu gün informasiyasının operativ olaraq çatdırılmasındakı bir nömrəli rolu danılmazdır. Televiziya bu sahədəki liderliyini iki səbəbdən qoruyur: birincisi, onun rəqabət apardığı (?) çap mediası operativlikdə onunla heç cür ayaqlaşa bilmir və bu, ən azı texniki olaraq mümkün deyil. İkincisi, hələ ki, internet istifadəçilərinin sayı televiziya izləyicilərindən bir xeyli azdır.
Müstəqillik qazandıqdan sonra ölkəmizdə də telekanalların sayı artmağa – özəl televiziya və radio kanalları yaranmağa başladı. Hazırda ölkəmizdə bütün ölkə üzrə yayımlanan 8 televiziya fəaliyyət göstərir. Televiziyalar baxımından regionlar da kasıblıq çəkmir. Ölkədə bu cür telekanalların sayı 10-dan artıqdır.
Məlum olduğu kimi, Sumqayıtda ildən … çoxdur ki, yerli televiziyaya malikdir. Regional kanalları, eləcə də Sumqayıtın “Dünya” televiziya kanalını bütün ölkə üzrə yayımlanan 8 telekanalla istər maddi-texniki bazasına, istərsə də peşəkarlardan ibarət komandasına görə eyni tərəziyə qoymaq mənasız olsa da həmin telekanalların yerləşdikləri regiondakı lokal informasiya boşluğunu doldurmaq baxımından rolu kifayət qədərdir. Daha doğrusu, normal şərtlər altında bu rol əvəzsiz ola bilər. Amma gəlin, görək bütün hallarda belədirmi? Məsələn, Sumqayıtın yerli telekanalının fəaliyyəti elə işə başladığı gündən heç vaxt birmənalı qarşılanmayıb. Elə bu gün də mənzərə dəyişməyib – DTV-nin şəhər sakinlərini yerli informasiyalarla yetərincə təmin edə bilməməsi, eləcə də televiziyanın öz məhsulu olan yaradıcı və maraqlı layihələrin yoxluğu ilə bağlı fikirlər tez-tez səsləndirilir.
Ölkə telekanalları arasında gedən kəskin rəqabət onları hər gün daha da baxımlı verilişlər təqdim etməyə məcbur edir. Daha çox tamaşaçı auditoriyası, nəhayət, daha çox reklam əldə etmək istəyi və zərurəti telekanalları bazar iqtisadiyyatının şərtlərinə uyğunlaşmağa – daha keyfiyyətli məhsulla daha çox müştəri cəlb etməyə, beləliklə də rəqabətə doğru aparır.
Bəlkə regionlarda da rəqabət mühiti yaratmağın vaxtı yetişib? Hər halda, artıq belə düşünənlər var. Artıq bir çoxlarının qənaətincə, regionlarda, eləcə də Sumqayıtda da alternativ televiziyaya ehtiyac duyulur. Nəinki belə düşünənlər var, artıq ortada bu istiqamətdə konkret addımlar da var.
“Sumqayıt Gənclərinin Hüquqi Maariflənləndirilməsi” İctimai Birliyi hələ ötən ilin dekabrında və cari ilin yanvarında Milli Televiziya və Radio Şurasına Sumqayıt şəhərinə efir radio tezliyinin ayrılması ilə bağlı müraciət etmişdi. Təşkilat öz xahişini şəhər əhalisi arasında topladığı 4587 nəfərin imzası ilə əsaslandırmışdı. Lakin MTRŞ-yə edilən 4 müraciət hər dəfəsində rədd edilmişdi.
“Buna baxmayaraq biz televiziyanın açılması üçün bütün addımları atacağıq. Hazırda bu məsələyə məhkəmədə baxılır. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi tərəfindən Sumqayıt şəhərində efir radio tezliyinin verilməsinə ehtiyac olduğunu təsdiqləyən əhalidən toplanmış və Şuraya təqdim olunmuş imzalara hüquqi qiymət verməyib. Hazırda biz məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik” – deyə ictimai Birliyin prezidenti Elçin Məmməd bizimlə söhbətində bildirdi.
E. Məmmədin sözlərinə görə, Milli Televiziya və Radio Şurasının 12.12.2008-ci il tarixli məktubunda, həmçinin 1 saylı Bakı Yerli İqitisad Məhkəməsinin 29 İyun 2009-cu il tarixli qətnaməsində qeyd olunur ki, hər hansı regionda efir-radio tezliyinə ehityac meyarı həmin regionun sosial-iqtisadi inkişafı, reklam bazarının mövcudluğu, kadr potensialı, maddi-texniki baza və digər bu kimi amillər nəzərə alınmaqla Milli Televiziya və Radio Şurası tərəfindən müəyyən edilir: “Biz məhkəmədə öz tələbimizi son illərdə Sumqayıt şəhərinin iqtisadi-sosial cəhətdən surətlə inkişaf etməsi, əhalinin sayının artması, bununla əlaqədar münbit reklam bazarının formalaşması ilə əsaslandırdıq. Əhalinin bu məsələdə iradəsi isə təqdim etdiyimiz imzalarda əks edilmişdir. Cavabdeh tərəf bizim bu arqumentlərimizi təkzib edən heç bir sübut təqdim etmədi. Cavabdeh müsabiqənin keçirilməsinə mane olan heç bir hüquqi və faktiki halı göstərmədi. Bununla belə, məhkəmə bizim tələbimizi rədd etdi”.
Xatırladaq ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.3 maddəsində qeyd olunur ki, aşağıdakılar özəl teleradio yayımının təsisçisi ola bilməzlər:
10.3.1 ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər;
10.3.2.fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
10.3.3.siyasi partiyalar;
10.3.4.dini qurumlar.
E. Məmməd deyir ki, bizim təşkilat bu siyahıya düşmədiyindən, yeni telekanalın açılmasına iddia edə bilər. Lakin Milli Şura, sonra isə birinci instansiya məhkəməsi bu istəyin reallaşmasının qarşısını qeyri-qanuni olaraq alıb. “Hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının efir radio tezliyinin ayrılmasından imtinası bizə münasibətdə fikir azadlığını məhdudlaşdırılmasına yönəlmişdir” – deyə İB prezidenti vəziyyəti şərh edir.
Keçmiş telviziyonçu jurnalist Təranə İmranqızı da hesab edir ki, Sumqayıtda alternativ televiziyaya ehtiyac var. Jurnalistin qənaətincə, əgər 300 minlik əhalisi olan şəhərdə yerli televiziya baxımlı, keyfiyyətli proqramlarla efirə çıxa bilsə, işini peşəkar şəkildə qura bilsə, ikinci telekanala ehtiyac olmaz. Yox, əgər bir televiziya tələbələrə cavab verə bilmirsə, ikincinin yaradılması qaçılmazdır. Həm də bu, rəqabətə və nəticədə inkişafa səbəb olar. Hesab edirəm ki, yerli televiziya daha çox yerli xəbərlərə üstünlük verməlidir. Digər bir tərəfdən nəzərə alınmalıdır ki, şəhər həyatı ilə bağlı xəbərlər yalnız rəsmi xəbərlərdən ibarət olmamalıdır. Təəssüf ki, Sumqayıtın yerli televiziyasında vəziyyət bu cürdür və ikinci telekanala ehtiyac hiss olunur”.
“Səs” İnformasiya agentliyinin əməkdaşı, sumqayıtlı jurnalist Xanlar Xocanın da fikrincə, Sumqayıtda alternativ televiziyaya ehtiyac hiss olunur. “Sumqayıtda hər şeyi olduğu kimi gostərən alternativ televiziyaya ehtiyac var, çunki şəhərdə fəaliyyət gostərən mövcud televiziya əsasən rəsmi xəbərləri yayır, amma sosial problemler demek olar ki, diqqətden kənarda qalir. Halbuki elə rəsmi orqanlara da problemləri çatdırmaq lazımdır ki, onları hell etsinler. Məsələn Şəhər İcra Hakimiyyətinin saytındakı Forumda qeyd edilen problemler televiziyada səsləndirilməyib, amma bu forum da subut edir ki, şəhər rəhbərliyi problemleri öyrənib həll etmək istəyir” – deyə X.Xoca qeyd edir.
Vüsal. /168 sat
Sumqayıtda alternativ televiziyaya ehtiyac varmı?
•
865
mence de Sumqayitda yeni televiziyaya ehtiyac var…Cunki indiki “telekanal” hec bir normativlere cavab vermir..Hele bu kanalda bir maraqli verliw gormedimde..Hec olmasa genclerin problemlerine aid bir verliw yayimlasalar hec olmasa yaxwi olar.Ancaq ele baw qatmaqnan mewguldurlar.Bu menim subyektiv fikirimdir.