Vəkillər Kollegiya ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə Bakı istisna olmaqla, Azərbaycanın rayon və şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində vəkil büroları açılır.
Fins.az xəbər verir ki, yaxın günlərdə həmin bürolardan ikisinin Sumqayıt və Şəki şəhərlərində açılması nəzərdə tutulub.
Vəkillər Kollegiyası Sumqayıt və Şəki “ASAN xidmət” mərkəzlərində təsis olunacaq vəkil bürolarında işləmək arzusunda olan hər birində iki nəfər vəkili bürolarda işləməsi üçün dəvət edir.
Büroların fəaliyyət istiqamətinə uyğun olaraq vəkillər yalnız aztəminatlı şəxslərə 20 dəqiqəyədək ödənişsiz şifahi hüquqi məsləhətlər verəcək, digər hallarda isə məbləği sərbəst müəyyən edilməklə müqavilələr əsasında məhkəmələr və digər təmsilçilik fəaliyyəti ilə məşğul ola biləcəklər.
Sumqayıt və Şəki “ASAN vəkil” bürolarında işləmək və büroların təsisçisi olmaq arzusunda olan vəkillər ən gec oktyabrın 20-dək öz istəklərini Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfova +994702167203 telefonu vasitəsilə bildirə bilərlər.
Qeyd olunur ki, seçimdə vəkilliyə yeni qəbul olunmuş üzvlərə üstünlük veriləcək.